2018-2019-cu illər Azərbaycan tarixində sosial sahədə inqilabi islahatlar illəri kimi tarixə düşəcək.
2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının növbəti mərhələ üçün etimadını qazanan İlham Əliyev seçkidən dərhal sonra seçkiöncəsi verdiyi vədlərin dərhal həytata keçirilməsinə start verdi.
2018-ci ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar sosial sahədə həyata keçirilən islahatlara əlavə bir stimul da vermiş oldu.
Azərbaycan prezidentinin son bir ildə sosial sahədə həyata keçirdiyi islahatları “Ölkə.Az”a şərh edən millət vəkili İqbal Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildən deyil, 2003-cü ildə seçildiyi andan etibarən əhalinin sosial müdafiəsinin güclənməsi və rifah halının yaxşılaşması istiqamətində addımlar atıb və bu siyasət bu gün də davam etməkdədir.
“Sadəcə olaraq bu sahədə həyata keçirilən islahatlar daha da dərinləşib və sürətlə davam edir. Son bir ildə həyata keçirilən islahatlar isə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması və rifah halının yaxşılaşmasına xidmət edir”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, ölkə başçısının son aylarda verdiyi fərman və sərəncamlar 3 milyondan artıq insanı əhatə edəcək və bu istiqamətdə işlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək.
Deputat bildirib ki, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə səsləndirdiyi kimi Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb:
“Dövlət başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə əldə edilən gəlirlərin ilk növbədə sosial sferaya yönəldilməsinə təmin edib”.
Ötən bir ildə həyata keçirilən islahatlar xronologiyasına diqqət yetirən İ.Məmmədov bildirib ki, cənab İlham Əliyevin yeritdiyi kursu qətiyyətlə böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, bu, hətta islahata inqilabi yanaşmanın nümunəsidir:
“Bu isə yüksək səriştə, dönməz siyasi iradə və mükəmməl idarəçilik qabiliyyəti tələb edən xüsusiyyətdir. Bu özünü son bir ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın vərəsələrinə 11 min manat vəsaitin ödənilməsi məsələsinin bu gün tam şəkildə həllini tapmasında göstərdi.
Bu xarakteri eyni zamanda aşağıda sadalayacağım məsələlərdə də görmək mümkündür. Cari ilin mart ayının 1-dən şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün məbləği 242 manat deyil, 300 manat, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manat yox, 300 manat məbləğində hesablanmağa başlayıb.
Minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artım var ki, bu da ümumilikdə 800 mindən çox insanın həyatına müsbət təsir göstərəcək. 2019-cu il aprel ayının 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğində 50 faizlik artım olacaq. Təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə artırılacaq”.
Deputat bildirib ki, həyata keçirilən bu islahatların kökündə bir amal dayanır:
“Bu da insanları rifah halında yaşayan daha güclü, qüdrətli bir dövlət qurulmasıdır. Həyata keçirilən islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirərək daha güclü, qüdrətli bir dövlət qurulmasıdır. Bu islahatlar həmin məqsədlərə xidmət edir və həmin siyasətin tərkib hissəsidir. Məhz ona görə də Azərbaycanda dövlətin sosial siyasəti əhalinin sosial müdafiəsi, təhsili, vətəndaşların sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə edir. Əhalinin sosial ehtiyaclarının ödənilməsi, təhsilin, səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların sosial müdafiəsinin və sosial təminatının gücləndirilməsi, cəmiyyət üzvlərinin mədəni tələbatının daha dolğun ödənilməsi dövlətin mühüm funksiyası hesab olunur. Ümumilikdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Məhz buna görə də iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir”.
Deputat qeyd edib ki, bildiyiniz kimi 2016-ci ildə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı “Yol xəritəsi” müəyyənləşib və bu sənəddə Azərbaycan Avropa Sosial Xartiyasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməlidir:
“Yəni Xartiyaya, əsasən Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalıdır. Bütün bu və digər məsələlər qarşıdakı 4-5 il ərzində həyata keçirilməlidir. Məqsəd də yoxsulluğu tam aradan qaldırılaraq, kasıb insanların sayının minimuma endirilməsidir. Dövlət əhalinin sosial rifah halını yüksəltməklə cəmiyyətdə barışın və harmoniyanın yaradılmasına çalışır”.
Deputat əlavə edib ki, bütün bunlar Azərbaycan prezidentinin ötən müddətdə verdiyi andına və vədinə sadiqliyinin göstəricisidir:
"Prezidentin 2019-cu il islahatlarının genişliyini göstərən ən müxtəlif məqamları vurğulamaq mümkündür. Yuxarıda qeyd etdiklərim sosial təminat paketinin ayrı-ayrı hissələri kimi diqqət çəkməkdədir. Ancaq islahat vətəndaşlarımızın yalnız maddi rifah halının yaxşılaşdırılmasını, yəni əmək haqqı, təqaüd və müavinətlərin artırılmasını yox, onların sıxıntılarının aradan qaldırılmasını nəzərdə tutur. Bu baxımdan iki məsələnin üzərində dayanmaq mümkündür.
Bunlardan birincisi barədə söz açarkən cənab İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli Fərmanına nəzər salmaq yerinə düşər. Dövlət sənədində də deyildiyi kimi, məqsəd istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərinin qorunmasıdır. Bu zaman sosialyönümlük və humanizm prinsipləri əsas götürülür. Axı burada söhbət hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binalardan gedir. Həmin binaların istismarına icazə proseduru və müddəti optimallaşdırılır ki, bu isə mövcud sahədəki idarəçiliyin şəffaflığına yönələn addımdır.
İkinci məsələ isə Cənab İlham Əliyevin problemli kreditlərlə bağlı sərəncamıdır ki, bu, sənəd təqribən 2 milyondan artıq əhalini əhatə edir. İnsanların son bir neçə ildə üzləşdiyi ən ciddi problemlərdən biri idi.
Heç şübhəsiz, Prezidentin fərman və sərəncamları ümumən vətəndaş məmnunluğunun daha da artırılmasına hesablanıb. Bəli, ölkə başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacibdir. Prezidentin belə yanaşma tərzi onun siyasi lider xarakterini sübut etməklə yanaşı, yürütdüyü kursun alternativsizliyini və dünyada analoqunun olmadığını bir daha təsdiqləməkdədir.
Ona görə də 2018-ci ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən, insanlarının rifah halının yaxşı olduğu, daha güclü, qüdrətli dövlət qurmaqdır”.
Deputat qeyd edib ki, ölkə başçısı eyni zamanda humanizm siyasətinə sadiqliyini nümayiş etdirib. Belə ki, Azərbaycan prezidenti ötən bir il ərzində əfv sərəncamı və fərmanı imzalayıb və bu mindən artıq məhbusa şamil edilib.
“Ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq mayın 24-də imzaladığı əfv sərəncamı 648 məhbusa şamil edilib. 2019-cu ildə martın 16-da Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanı isə 399 nəfərə şamil edilib. Ümumilikdə isə 2003-cü ildən bu günə kimi 33 əfv sərəncamı imzalanıb və bu əfv sərəncamları beş minədək məhbusa şamil edilib. Bu müddət ərzində H. Əliyev Fondunun təşəbbüsü ilə bir neçə dəfə Amnistiya Aktı qəbul edilib və bu amnistiyalar on minlərlə məhbusa şamil edilib. Ölkə başçısını bu humanist siyasətinin kökündə hətta ağır cinayətlər etmiş şəxslərə özlərini cəmiyətdə doğruldub, islah etməsi üçün şanslar verməsi durur. Məhz bu ölkə başçısının 16 mart 2019-cu ilə Əfv sərəncamında 3 ömürlük məhbusun digər cəza ilə əvəzlənməsində özünü göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, humanizm Azərbaycan Prezidentinin yürütdüyü siyasətin prioritetini təşkil edir. Məhz xalq da onun yürütdüyü siyasətə dəstək verir. Azərbaycan vətəndaşı bilir ki, onun taleyi əmin əllərdədir və ona görə də onun ətrafında sıx birləşib, inanıb, islahatların daha da dərinləşməsinə dəstək verirlər. Son olaraq onu demək olar ki, Azərbaycanın prezidenti İlham Əliyevin siyasətinin əsas amalı xalqa xidmətdir”, - deyə deputat İ.Məmmədov bildirib.