Son xəbərlər

Bu gündən etibarən Azərbaycana idxal edilən Aİ-92 markalı benzin gömrük rüsumundan azad olunur. Qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 faizdən 0 faizə, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirilir.

Nəzərə alsaq ki, hazırda digər ölkələrdə Aİ-92 markalı benzinin qiyməti onun Azərbaycandakı dəyəri ilə müqayisədə yüksəkdir və əgər qeyd olunan dövr ərzində bu növ benzinin idxalını həyata keçirəcəyiksə, idxal hansı ölkələrdən baş tutacaq və dəyər fərqi necə tənzimlənəcək?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hazırda müxtəlif ölkələrin şirkətləri ilə danışıqlar aparılır:

“Coğrafi yaxınlığına görə əsasən Xəzər hövzəsi və Qara dənizin hövzəsində yerləşən ölkələrdən idxal nəzərdən keçirilir. Zavodun dayandığı müddət üçün Aİ-92 benzini bir neçə ölkədən idxal oluna bilər”.

 

Eyni zamanda, bu qısa və keçici dövr ərzində məsələnin SOCAR tərəfindən necə tənzimlənəcəyi ilə bağlı da məlumat verən İbrahim Əhmədov əlavə edib ki, ümumilikdə, SOCAR bütün əməliyyatlarının hesabatını dövləti təmsil edən səlahiyyətli qurumlara - SOCAR-ın Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqinə təqdim edir:

“Həmin qurumlar SOCAR-ın mənfəət və ya zərərindən irəli çıxan məsələlərlə bağlı strateji qərarları verir. Əgər idxal edilən benzinin qiyməti ilə ölkə daxilində benzinin satış tarifləri arasında ciddi bir fərq yaranarsa, bu məsələ dövlətin təyin etdiyi aidiyyəti qurumların nəzərinə çatdırılacaq. Lakin bir daha qeyd edim ki, Aİ-92 markalı benzinin idxalı, hər il olduğu kimi, bu il də müvəqqəti bir addım kimi həyata keçirilir və NEZ öz fəaliyyətini bərpa edəndən sonra Aİ-92 benzinin ölkə daxilində istehsalı da bərpa olunacaq”.

Qeyd edək ki, hazırda Aİ-92 markalı avtomobil benzininin 1 litr üçün pərakəndə satış qiyməti Rusiyada 1,04 AZN, Ukraynada 1,91 AZN, Gürcüstanda 1,74 AZN-i təşkil edir. Azərbaycanda isə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 AZN-dir.

İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisi ilin sonun qədər başa çatacaq.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev deyib.

"Körpünün təməli bu gün qoyulacaq ki, qısa müddətdə, bu ilin sonuna kimi inşa edilib təhvil verilsin", - Ş.Mustafayev deyib.

 

Qeyd edək ki, bu gün Azərbaycan və İran arasında Astaraçay üzərində avtomobil körpüsünün təməli qoyulacaq. Təməlqoyma mərasiminə Azərbaycan və İran rəsmiləri qatılacaq.

Son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə şəhər ərazisində profilaktik tədbirlər həyata keçiriblər.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub və hər biri 50 manat məbləğində cərimələnib.