Son xəbərlər

Ticarət şəbəkəsində yerli istehsal spirtli içkilərin qiyməti bahalaşıb.

Milli.Az "Unikal"a istinadən bildirir ki, araqların qiymətində 1-1,50 manat artım qeydə alınıb.

Qeyd edək ki, 2022-ci ildən etibarən spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litrə görə 80 qəpik artırılıb.

Yanvarın 13-də Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib.

Qurumdan Axar.az-a verilən məlumata görə, iclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində Azərpoçt MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib. Müraciətdə, həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.

Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.

İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.

 

Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.

Universal poçt rabitəsi xidmətləri üzrə əvvəlki və yeni tariflərin müqayisəli cədvəli ilə (əlavə olunur) tanış olmaq olar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müraciətində təhlükəli tibbi tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi xidməti üzrə son tarif tənzimlənməsinin 1 avqust 2014-cü ildə həyata keçirildiyi, mövcud tarifin xərcləri ödəmədiyi və potensial sahibkarların bu sahəyə investisiya yatırmasına və keyfiyyətli xidmətin göstərilməsinə çətinliklər yaratdığı qeyd edilir. Bu sahədə effektiv idarəetmənin təmin olunması üçün Tarif (qiymət) Şurasının qərarı ilə tibbi tullantılar üzrə tarif də digər təhlükəli tullantılar üzrə tarifə uyğunlaşdırılaraq, 80 manat/kubmetr səviyyəsində müəyyənləşdirilmişdir.

Tarif dəyişikliyi nəticəsində subyektlərin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.

Qərarlar 17 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının “Dərman vasitələri” bölməsində yerləşdirilmişdir.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Pensiyaçılar indeksləşdirmə nəticəsində olan artımları fevral ayından etibarən almağa başlayacaq.

Axar.az xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.

 

Sədr müavini xadırladıb ki, yanvar ayında Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqının məbləğini təqdim edir və istehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur:

"Yanvarla-fevralın artımı adətən fevralda ödənilir. Tam məbləğ artıq mart ayından ödənilməyə başlayır. Yəni, fevral ayında artımla alınacaq məbləğ yanvar və fevral ayını əhatə etdiyinə görə yekun məbləğ olmur. Hətta mart ayında da bizə müraciətlər olur ki, pensiyamız niyə azaldı? Hazırda pensiya artımla ödənilmir. Artımla yalnız minimal pensiyalar verilir, yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib".

Azərbaycan Qazaxıstan istiqamətində avtomobil nəqliyyatı ilə yük daşımalarını davam etdirir.

Bunu Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən bildiriblər.

 

Eyni zamanda, Azərbaycan tərəfi də Qazaxıstandan quru yolla nəql olunan yüklərin qəbulunu davam etdirir.

"Dövlət xidməti sürücüləri Qazaxıstandakı vəziyyətlə bağlı məlumatlandırıb və ölkədəki hadisələri izləməkdə davam edir", - deyə Xidmətdən bildiriblər.