Qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun özlərinə görə, hesablamalar zamanı müəyyən olunub ki, onların əmək haqlarında olan təxminən 20 faizlik artım həmin şəxslərin pensiyalarına cəmi 9,2 faizlik təsir edib:

"Amma əvvəlki illərə nəzər salsaq görərik ki, pensiyalar kifayət qədər böyük həcmdə ölkə üzrə indeksasiya olunur. Məsələn, keçən il indeksasiya 11,4 faiz, ondan əvvəlki ildə isə 16,6 faiz həcmində olub. Sığorta prinsipi ilə pensiya alan şəxslərin pensiyalarının indeksləşdirilmə üzrə artımları həmin şəxslərin əmək haqqılarındakı artımlar üzrə təsirini daha da üstələyir".

 

H.Məmişov qeyd edib ki, bu nəzərə alınmaqla həmin şəxslərə dövlət qayğısının gücləndirilməsi, onların pensiyalarının hər il artırılması və həmin pensiyaçıların maddi rifahının yüksəldilməsi üçün bu addım atılıb:

"Onların pensiyalarının əmək haqqı ilə bağlı deyil, indeksləşdirmə ilə artırılması metoduna keçirilib. Növbəti ildən bu metodologiya əsasında həmin şəxslərin pensiyalarının artımlarılması üçün qanunvericiliyə dəyişiklik hazırlanır".

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Qeyd edək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.

Bu gündən etibarən Azərbaycana idxal edilən Aİ-92 markalı benzin gömrük rüsumundan azad olunur. Qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 faizdən 0 faizə, aksiz vergi dərəcəsi isə bir ton üçün 200 manatdan 1 manata endirilir.

Nəzərə alsaq ki, hazırda digər ölkələrdə Aİ-92 markalı benzinin qiyməti onun Azərbaycandakı dəyəri ilə müqayisədə yüksəkdir və əgər qeyd olunan dövr ərzində bu növ benzinin idxalını həyata keçirəcəyiksə, idxal hansı ölkələrdən baş tutacaq və dəyər fərqi necə tənzimlənəcək?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, hazırda müxtəlif ölkələrin şirkətləri ilə danışıqlar aparılır:

“Coğrafi yaxınlığına görə əsasən Xəzər hövzəsi və Qara dənizin hövzəsində yerləşən ölkələrdən idxal nəzərdən keçirilir. Zavodun dayandığı müddət üçün Aİ-92 benzini bir neçə ölkədən idxal oluna bilər”.

 

Eyni zamanda, bu qısa və keçici dövr ərzində məsələnin SOCAR tərəfindən necə tənzimlənəcəyi ilə bağlı da məlumat verən İbrahim Əhmədov əlavə edib ki, ümumilikdə, SOCAR bütün əməliyyatlarının hesabatını dövləti təmsil edən səlahiyyətli qurumlara - SOCAR-ın Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqinə təqdim edir:

“Həmin qurumlar SOCAR-ın mənfəət və ya zərərindən irəli çıxan məsələlərlə bağlı strateji qərarları verir. Əgər idxal edilən benzinin qiyməti ilə ölkə daxilində benzinin satış tarifləri arasında ciddi bir fərq yaranarsa, bu məsələ dövlətin təyin etdiyi aidiyyəti qurumların nəzərinə çatdırılacaq. Lakin bir daha qeyd edim ki, Aİ-92 markalı benzinin idxalı, hər il olduğu kimi, bu il də müvəqqəti bir addım kimi həyata keçirilir və NEZ öz fəaliyyətini bərpa edəndən sonra Aİ-92 benzinin ölkə daxilində istehsalı da bərpa olunacaq”.

Qeyd edək ki, hazırda Aİ-92 markalı avtomobil benzininin 1 litr üçün pərakəndə satış qiyməti Rusiyada 1,04 AZN, Ukraynada 1,91 AZN, Gürcüstanda 1,74 AZN-i təşkil edir. Azərbaycanda isə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 AZN-dir.