Bazarlarda kartof və soğanın qiyməti bahalaşıb.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, son vaxtlar bu tərəvəzlərin qiymətində təxminən 70 qəpiyə qədər artım müşahidə edilir.Belə ki, bazarda kiloqramı 80 qəpiyə satılan soğan hazırda 1 manat 50 qəpiyə, 1 manat 20 qəpiyə satılan kartof isə 2 manata təklif olunur. Alıcılar daha çox yerli məhsulların bahalaşdığını bildirirlər.
Satıcılar isə qiymət artımını mövsümlə əlaqələndirirlər.
Ancaq bölgələrdə qiymət artımı o qədər də çox deyil. Məsələn Tovuz bazarında bu tərəvəzlər təxminən 20 qəpik bahalaşıb. Mövsümlə əlaqədar yerli məhsul da azalıb.
Fermerlər isə bahalaşmanı ölkəyə bu tərəvəzlərin idxalının azalması ilə əlaqələndirirlər.
Fermerlərin sözlərinə görə, iqlim şəraitinin dəyişməsi də məhsuldarlığın azalmasına və qiymət artımına səbəb olan amillərdəndir.