2022-ci ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 118 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 66 ölkəyə məhsul ixrac olunub, 111 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 3968,7 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 2993,8 milyon dollarını və ya 75,4 faizini ölkədən ixrac olunmuş məhsulların, 974,9 milyon dollarını (24,6 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 2018,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,8 dəfə, real ifadədə 17,8 faiz, o cümlədən ixrac 25,9 faiz, idxal isə 2,8 faiz artmışdır. 2022-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni ayı ilə müqayisədə həm faktiki qiymətlərlə, həm də real ifadədə 1,6 dəfə artaraq 232,2 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 38,6 faizi İtaliya, 10,9 faizi Türkiyə, 5,8 faizi Ukrayna, 5,1 faizi Rusiya, 3,8 faizi İsrail, hər biri 3,6 faiz olmaqla Çin və Birləşmiş Krallıq, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Almaniya, 2,3 faizi Çexiya, 2,2 faizi Yunanıstan, hər biri 2,0 faiz olmaqla Tailand və İspaniya, 1,8 faizi Gürcüstan, 1,5 faizi Rumıniya, 1,3 faizi İrlandiya, 1,2 faizi Portuqaliya, hər biri 0,9 faiz olmaqla İran və Tunis, 6,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.