Son günlər bölgələrdə heyvan bazarında və bu ardıcıllıqla da paytaxtda ət dükanlarında qiymətlərin artdığı haqqında xəbərlər yayılıb.
Maraqlıdır ki, bu qiymət artımı özünü heç də bütün ət dükanlarında eyni səviyyədə göstərmir, bir sözlə, bəzi qəssablar artımı etiraf edir, bəziləri isə heç bir qiymət artımının olmadığını deyirlər.
Qəssab Tağı deyir ki, son günlər sosial şəbəkələrdə və mediada ətin bahalaşması ilə bağlı yayılan xəbərlər yalandır. Bu xəbərlərdə ətin qiymətinin hətta 50 faizə qədər qalxdığı deyilir. Halbuki ayrı-ayrı ət dükanlarında mal və qoyun ətinin qiymətində müşahidə edilən artım ən çox 1 manat ətrafındadır.
Bəzi qəssablar isə qiymət artımının təkcə qoyun-quzu ətində deyil, mal ətində də müşahidə olduğunu deyirlər. Lakin artım iddia olunduğu kimi 4-5 manat deyil.
Qiymət artımına gedən ət dükanları bunu bölgələrdə fermerlərin xərcinin artması ilə əlaqələndirirlər. Qəssablar deyirlər ki, mal-qara saxlamağın xərci artdığından, bölgələrdə satılan diri heyvanların da qiyməti artıb və bu da öz növbəsində ətin qiymətinə təsir edib.
Bazar mütəxəssisləri yaxın günlərdə qiymətlərin stabilləşəcəyini proqnozlaşdırırlar.