Son xəbərlər

Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xalq artisti, bəstəkar Yaşar İmanov evlə təmin olunub.

Bu barədə ONA-ya bəstəkarın özü məlumat verib.

O bildirib ki, mənzil Yeni Yasamalda yerləşir: “Bu gün gedib baxdıq, 3 otaqlı, təmirsiz mənzildir. Düzdür, hələ sənədləşdirmə işləri aparılmayıb. Əsas odur ki, mənzili bəyəndim. Bundan əvvəl Qaradağ rayonunda mənzil təklif edilsə də, qəbul etməmişdim”.

Qeyd edək ki, Prezident İlham Əliyevin bir qrup mədəniyyət işçisi ilə görüşündə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə 86 yaşlı bəstəkar Yaşar İmanovun evsiz olduğunu bildirmiş, ona mənzil verilməsini xahiş etmişdi.

İşlədiyi internet klubunda müştərini bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər veeir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən 1982-ci il təvəllüdlü Hacıyev Anar Maarif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən A.Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, bu iş üzrə zərərçəkmiş Rafiq Nurullayevdir. O, ifadəsində deyib ki, baş verən hadisədə günah 90 faiz özündə olub:

"İçkili idim, özümdə olmayıb söyüş söymüşəm. O da məni vurub. İndi heç bir şikayətim yoxdur. Lənət şeytana, ikimizi də şeytan yoldan çıxardı. O da məni vurdu".

Suallara cavab verən Rafiq Nurullayev deyib ki, aptekdən aldığı 95 faizlik spirtlə koka-kolanı qarışdıraraq içdiyini deyib.

"Əməllicə keflənmişdim. Kola ilə spirti qarışdırmışdım. Buna kolya-volya deyirlər. Araqdan yaxşıdır, amma adamı tez tutur"- deyə zərərçəkmiş bildirib.

Sonda R.Nurullayev məhkəməyə barışıq ərizəsi təqdim edib.

Qeyd edək ki, hadisə ötən il Əhmədli qəsəbəsində baş verib.

Anar Hacıyev işlədiyi internet kluba gələn müştəri Rafiq Nurullayevlə mübahisə edib. Mübahisə zamanı onlar əvvəlcə əlbəyaxa olublar. Sonra isə Hacıyev Rafiqi bıçaqlayıb.

Qeyd edək ki, Anar Hacıyev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyət ilə qəsdən sağlanlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Bir çox başqaları ilə yanaşı, tanınmış müğənniyə qarşı da dələduzluq etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Orxan Mehrəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Azər İsgəndərov ifadə verib.

Şahid bildirib ki, Orxan Mehrəliyev Xətai Yusubovdan 11 min manat alarkən orada olub.

"Mən Xətaidən bu hadisədən iki həftə əvvəl 11 min manat almışdım. Alacağım evə ilkin ödəniş edəcəkdim. Sonra Xətai mənə dedi ki, pul lazımdı. Dedi ki, bir nəfər onu DİN-ə işə düzəldəcək. Biz Xətainin evinin yaxınlığında görüşdük. Xətai pulu məndən alıb 1000 manatını ayırdı. Sonra pulun üstünə 5 paçka yüzlük də qoyub Orxana verdi"- deyə şahid Azər İsgəndərov qeyd edib.

Daha sonra şahid qismində Vəfa Nadirova ifadə verib.

O deyib ki, təqsirləndirilən Orxanı bacısı Maman Nadirovanın evində görüb: "Bacım bir dəfə məndən 1500 manat istəmişdi. Demişdi ki, pulu Orxanı müdafiə eləməsi üçün vəkilə verəcək".

Məhkəmə şahiddən ifadə verməzdən əvvəl kimdənsə təzyiq görüb-görmədiyini deyib.

Vəfa Nadirova deyib ki, məhkəmədən əvvəl Xətai Yusibov onun xeyrinə ifadə verməsini istəyib.

Bu zaman tərəflər arasında mübahisə başlayıb. Zərərçəkmiş Xətai Yusibov deyib ki, Vəfa Nadirova ona mesaj yazıb: "Mesaj yazıb ki, 1000 manat versəm, mənim xeyrinə ifadə verəcək. Buyurun, mesaja baxa bilərsiniz".

Məhkəmədə şahid qismində Nərmin Bayramova da dindirilib.

O, Xətai Yusibovu tanıdığını bildirib: "Xətai vəkil kimi mənim işimi də görüb. Mənim ona 1000 manat verəcəyim var idi. Gəlib məndən əlavə min manat da istədi. Xətai bizimlə lotereya da oynayırdı. Pulunu verdim, getdi".

Həbsdə olan Orxan Mehrəliyev isə Nərmin Bayramovanı yalançı şahidlik etməkdə ittiham edib.

Bu zaman Orxanla Xətai arasında mübahisə başlayıb. Zərərçəkmiş Xətai təqsirləndirilən Orxanı yalan danışmaqda ittiham edib.

Orxan Mehrəliyev isə bunları deyib: "Bir bu Xətaini ayağa qaldırın yerisin. Mən bunun nəyinə atacaqdım? Bu kimdir ki? Yalançı şahidləri üzümə qoyurdu, məni tutdurdu".

Bu sözlər Xətai Yusubovu qəzəbləndirib: "Ay bədbəxt, mənim maşınlarım, evlərim var. Səni mən adam eləmişəm. Hesabıma adam olmusan, indi məni bəyənmirsən. Səni mən saxlamışam da, ay yazıq. Acından ölürdün də".

Məhkəmədə şahid İbrahim Əliyev də ifadə verib. O deyib ki, Abbad Bağırova məxsus qaraj indi onun adınadır.

Şahid bildirib ki, qaraja görə başlayan mübahisədən az da olsa məlumatı var: "Abbasla Orxanın münasibəti yaxşı idi. Sonra münasibətləri pozuldu. Qaraj Orxanın adına idi. Sonra məni polisə çağırdılar. Dedilər ki, qarajı sənin adına keçirirlər. Mən də etiraz eləmədim".

Xətai Yusibovun hüquq şirkəti olub və ödənişlə hüquqi yardım göstərib.

Orxan Mehrəliyevlə də bu vasitə ilə tanış olduğunu deyən Xətai Yusubov nazirliklərdən birində hüquq şöbəsində işə düzəlmək üçün 52500 manat pul verib:

"Orxan mənə Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə vakansiya olduğunu dedi. Bu işi də Orxanın polkovnik qohumu Rizvan Abbasov düzəldəcəkdi. Orxan mənə dedi ki, qiymət 100-150 mindir. Sonradan 80 minə qədər düşdü. Sonuncu razılığımız isə 60 min oldu. Əvvəlcə 50 min verdim. Sonra isə 2500 verdim".

İttihamda yazılır ki, Mehrəliyev köməkçisi olduğu tanınmış müğənni Abbas Bağırovun Bakı şəhər Yasamal rayonunda Şahbazi küçəsi, 99 nömrəli binanın həyətində yerləşən və dəyəri 35 min manat olan 28 kvadratmetr torpaq sahəsini ələ keçirib.

O.Mirəliyev Maman Nadirovanın etibarından sui-istifadə edərək Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edərək ümumilikdə 55 min manat pulunu alıb.

İttihama görə, həmçinin o, Abbas Bağırova məxsus, yuxarıda adı çəkilən torpaq sahəsini Emil Qurbanova satacağını vəd edərək 10 min manat alıb.

O, Ümumdünya Azərbaycan Konqresinin hüquqşünası Xətai Yusubovdan 52 min 500 manat alaraq onu Müdafiə Nazirliyinin Hüquq şöbəsinin rəis müavini vəzifəsinə təyin etdirəcəyini vəd edib. Təkrarən Maman Nadirovdan 2017-ci ildə 3500 manat alaraq onun cinayət işinə xitam verdirəcəyini vəd edib.

Qeyd edək ki, bu işdə sensasion sayıla biləcək məlumatlar var. Məhkəmənin növbəti iclaslarında bu barədə məlumat dərc etməyə çalışacağıq. Təqsirləndirilən şəxs istintaqa Abbas Bağırovla baələ ilginc məlumatlar verib.

Abbas Bağırov bu məhkəmə işi ilə bağlı musavat.com-a açıqlama verib. Bağırov deyib ki, ona dəymiş zərər ödənilib. Onun sözlərinə görə, təqsirləndirilən Mehrəliyev başqa şəxslərin təzyiqi ilə onun haqqında həqiqət olmayan məlumatlar verdiyini etiraf edib.

Bakıda tələbə itkin düşüb.

ONA-nın məlumatına görə, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Azər Əsgərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə ərizə ilə müraciət edərək, martrın 11-də oğlu, 1999-cu il təvəllüdlü Altay Əgərovun İqtisad Universitetinə getmək adı ilə saat 08:00 radələrində yaşadığı evdən çıxıb getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Daxil olan məlumat əsasında axtarışlara başlanılıb.

 

Bakıda avtomobil qaçıran yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Fərhadov martın 12-də günorta saatlarında Mingəçevir küçəsindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə paytaxtın Nizami rayonu M.X.Şərifli küçəsində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Dünən Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsində çalışan azərbaycanlılara hücum edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Hücum saat 18:30 radələrində baş verib. Hücum edənlər təkər təmiri məntəqəsində olan 2 azərbaycanlıya bıçaqla bir neçə zərbə endirib və hadisə yerindən qaçıblar", - agentlik bildirib.

Onun sözlərinə görə, polisin gəlişinə qədər 02 telefon nömrəsinə moskvalılardan təkər təmiri məntəqəsində atəş açıldığı barədə məlumat daxil olub.

"Polis əməkdaşları Aminyevskoye şossesində "Mercedes" markalı avtomobildə hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumatlara görə, bu, Moskvada yaşayan çeçendir", - mənbə deyib.

Onun məlumatına görə, yaralılar kəllə-beyin travması, kəsici-deşici yaralar, travmatik silahdan istifadə nəticəsində alınmış güllə yaraları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı iki maddə - xuliqanlıq və qəsdən ağır bədən xəsarətləri yetirmək maddələri üzrə cinayət işi açılıb.

Pirallahıda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə uğurlu əməliyyat həyata keçirilib.

Belə ki, Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Lənkəran rayon sakini Xəyal Xəlilov Dübəndi bağlar massivində dəniz kənarında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança, sandıqça və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl yaşadığı Dübəndi bağlar massivində tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Mingəçevirdə 5-ci mərtəbədən yıxılan 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva Səhiyyə Nazirliyinin göstərişi ilə Bakıda 1 saylı Klinik Tibbi Mərkəzə köçürülüb.

Bu barədə ONA-nın yerli bürosuna Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov məlumat verib. O, qeyd edib ki, şok vəziyyətində olan yaralı qızın yenidən həyata dönməsində xəstəxananın tibb heyətinin böyük rolu olub: “Səmimiyyətlə etiraf edim ki, təcrübəli mütəxəssislərimiz mümkünsüz görünəni belə mümkünə çevirməyi bacardı. Səylərimiz nəticəsində Səbinənin ölüm təhlükəsi sovuşub. Onun müalicəsinin sonrakı mərhələsi üçün bir sıra hüquqi məsələlər ortaya çıxdı. Məlum olduğu kimi hazırda Mingəçevir şəhərində, Ağdaş və Yevlax rayonları ərazisində pilot olaraq icbari tibbi sığorta layihəsi gerçəkləşdirilir. Sığorta məsələləri də məhz bu qeyd olunan şəhər və rayonların sakinlərinə şamil olunur. Səbinə Qarayeva isə Mingəçevirdə yaşasa da Bərdə rayonunda doğulub. Bu səbəbdən də müalicənin Mingəçevirdə davam etdirilməsi hüquqi çətinliklər yaratdı. Çox sağ olsun millət vəkili Aydın Mirzəzadə hadisədən məlumat alan kimi prosesə müdaxilə edərək Səhiyyə Nazirliyi xətti ilə Səbinənin paytaxt klinikasına köçülməsinə nail oldu.”

Baş həkim həmçinin qeyd edib ki, S.Qarayeva əməliyyat olunacaq və bununla bağlı hazırlıq işləri görülür.

Qeyd edək ki, S.Qarayeva nişanlı olub. Martın 24-ü onun toyu olacaqmış.