Sabirabad rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, bir dam altında tikilmiş, hər birinin sahəsi 30 m² olan 2 mağaza və çay evinin lambirindən ibarət tavanı 90 m² sahədə yanıb.
Hər iki mağazanın, çay evinin qalan hissəsi və bitişik digər tikililər yanğından mühafizə olunub.
Baş vermiş hadisə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mingəçevirdə piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Hidanlı Anar Ağasəf oğlu idarə etdiyi "Mercedes Benz 210 D" mikroavtobus markalı, 45-BL-199 dövlət qeydiyyat nişanlı, 4 saylı şəhərlərarası sərnişin avtobusu ilə yolun qarşı tərəfinə keçmək istəyən piyada, 1954-cü il təvəllüdlü İsmayılova Şölə Qafar qızını vurub.
Piyada dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılsa da, aldığı bədən xəsarətlərindən orada dünyasını dəyişib.
Meyit xarici və daxili müayinə üçün ekspertizaya göndərilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Ötən gün Bakıda doğuş zamanı növbəti ölüm faktı qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu haqda oxu.az-a Pirallahı rayon hüquq mühafizə orqanlarından məlumat verilib.
Belə ki, mayın 24-də 11:00 radələrində 10 saylı şəhər kliniki xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı 34 yaşlı Qala sakini Əsgərova Samirə Yusif qızı dünyasını dəyişib.
Qadının qan itkisindən vəfat etdiyi deyilir. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına görə, 2018-ci il ərzində ölkədə doğuş zamanı 17 qadın vəfat edib. 2017-ci ildə isə ölüm sayı 21 olub.
Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakının Xırdalan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi "VAZ-2106" markalı avtombillə Astara istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib, nəticədə avtomobil aşıb.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda kafedə qətl hadisəsi törədilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonundakı 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib.
Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, Ə. Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.