İyunun 9-da Azərbaycan ərazisində 3,4 maqnituda gücündə zəlzələ baş verib.
AMEA-nın Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 22:23-də Bərdə stansiyasından 9km qərbdə, Tərtər rayonunda qeydə alınıb.
Ocağı 26 km dərinlikdə yerləşən yeraltı təkanlar hiss olunmayıb.
Son günlər ölkə ərazisində seysmoloji aktivlik müşahidə olunur. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, son günlər ölkə ərazisində müşahidə olunan təkanların çoxu hiss olunmayan, zəif təkanlardır.
Xəzər dənizində qeydə alınan zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Yəni bu göstərici Azərbaycana, seysmoaktiv bölgəyə xas olan əlamətlərdir. Odur ki, qorxulu bir şey yoxdur.
Qurban Yetirmişlinin sözlərinə görə, tektonik hərəkətlər daimi var və onların nəticəsində zəif təkanlar olur. Hazırda baş verə biləcək güclü-dağıdıcı zəlzələ üçün elə bir aktiv bölgə yoxdur. Yəni, nisbi olaraq bu və digər bölgələrdə tektonik qırılmalar zamanı baş verən zəlzələlər qorxulu deyil.
Direktor qeyd edib ki, mərkəzin stansiyaları gündəlik, mütəmadi, fasiləsiz müşahidələr aparır
Vəkil Orxan Kəngərlini döyməkdə ittiham edilən Binəqədi RPİ-nin 4-cü PŞ-nin bir neçə işçisi vəzifədən azad olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı məlumat yayıb. O bildirib ki, Daxili İşlər Naziri Ramil Usubovun ötən gün verdiyi əmrlə şöbənin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib. Təhqiqatçı Elnur Rəşidov vəzifədən azad edilib.
Əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məsuliyyətinə cəlb etmə tətbiq edilib.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin sözügedən şöbədə döyüldüyü haqda məlumatı təkzib etmişdi. VK Rəyasət Heyətinin sədri Anar Bağırov isə məsələnin tam araşdırılmalı olduğunu bildirmişdi.
İyunun 2-də vəfat edən azərbaycanlı kriminal avtoritet Güləhməd Sultanovun xatirəsini yad etmək üçün Rusiyanın Sverdlovsk vilayətində “sxodka” keçirilib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal avtoritetlər “Komfort” kafesində bir araya gəliblər.
Lakin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi OMON-la birgə “sxodka”ya basqın edib. Nəticədə 30-a yaxın şəxs saxlanılıb. Onların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, “Vaqif Kamışlovski” ləqəbi ilə tanınan Güləhməd Sultanov “Lotu Quli”nin Uraldakı nümayəndəsi idi. 67 yaşlı kriminal avtoritet uzun müddət xəstəlikdən əziyyət çəkib və buna görə də işlərdən uzaqlaşmışdı.
İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə Abşeronda 19-23° isti, gündüz 26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz 29-31° isti təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Abşeron çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 20-21° isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.
Xırdalanda qətl törətməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən apelyasiya şikayəti verib.
Ölkə.az bildirir ki, təqsirləndirilən şəxsin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə iyunun 7-də baxılacaq.
Qeyd edək ki, qətl hadisəs Xırdalanda baş verib. Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Yaralı Müşviq Abbasov xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib.
Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.
Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib.
Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib. O deyib ki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb.
“Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Qasımov 9 il azadlıqdan məhrum edilib.
Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.
Trend məlumatına görə, hadisə Biləsuvar rayonunda baş verib. Belə ki, sözügedən rayonda valideyn yeni doğulan oğlan uşağına gözdəyməyə qarşı daş və ələmi sancaqla onun paltarına taxıb. Bir müddətdən sonra altı ayrıq körpənin vəziyyəti pisləşib. Uşaqda iştahsızlıq və tənəffüs çatışmazlığı qeydə alınıb.
Valideyn tərəfindən Bakıya xəstəxanaya çatdırılan uşağın mədəsində yad cismin olduğu məlum olub. Belə ki, altı aylıq körpə sancağı və üzərində olan digər əşyaları udub. Ə.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında endoskopik üsul ilə körpənin mədəsindən həmin əşyalar çıxarılıb.
Körpənin yaxınlarının verdiyi məlumata görə, uşağın hazırda vəziyyəti kafidir və müalicəsi davam etdirilir.
Xəbər verdiyimiz kimi, Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi böyük maraqla qarşılanıb.
“Qafqazinfo”nun əməkdaşları sözügedən kənddə olub və 12 yaşlı xilaskarı danışdırıb. D. İsrafilov qeyd edib ki, hadisə baş verən zaman çaya balıq tutmağa gedib: “Bu zaman balaca bir qızın suda çabaladığını gördüm. Onu sudan çıxartdım. Nənəsi dedi ki, yanında oğlan usağı da olub. Həmin uşağı da yolun kənarından tapdılar. Qızın barmaqları göyərmişdi, yanaqları isə şişmişdi”.