Dələduzluqda ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, başqa şəxsi rüşvət verməyə təhrik etməkdə də suçlanır.
“Minval.info” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Azəryaşlandşaft” ASC-nin Yaşıllıqların qorunması və mühafizəsi şöbəsinin mütəxəssisi olmuş Elçin Musayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında Elçin Musayevin vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, E.Musayev bu əməli bilərəkdən törətməyib. Müdafiəçi Ə.Musayev barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Elçin Musayev isə son sözündə əməlindən peşman olduğunu deyib. O, iki uşağının olmasının nəzərə alınmasını xahiş edib.
“Mən ağacların köçürülməsinin qanunsuz olduğunu bilmirdim. Buna görə də bu işi gördüm. Xahiş edirəm ki, mənə kömək edəsiniz. Zərərin bir hissəsini ödəyib, qalan hissəsini də azadlığa çıxdıqdan sonra ödəyərəm. İki övladımın olmasını nəzərə almağınızı xahiş edirəm” – deyə E.Musayev son sözündə bildirib.
Musayev bildirib ki, pulu özü mənimsəməyib: “Qarşı tərəflə razılaşdırılmış qaydada pulun bir hissəsinə türk işadamı üçün bahalı hədiyyə alınıb, bir hissəsi də Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşına verilib. Kiçik bir qismini də Cabbarlının öz işçisi İlham Süleymanov alıb xərcləyib.
İlham Süleymanov qardaşım Dövranın tələbə yoldaşı və dostu olub, Ramiz Cabbarlı da onun müdiridir. Bir gün İlham zəng eləyib dedi ki, müdirinin torpaq sahəsi var. Orada tikinti aparmaq üçün icazəsi də var. Ancaq tikinti sahəsindəki ağaclar orada tikinti aparmağa mane olur. Ona görə də ağacların köçürülməsinə icazə almaq üçün kömək lazımdır. Bir neçə gün sonra Ramiz Cabbarlı ilə görüşüb, ərziyə baxdıq. Həmin vaxt torpaq sahibinə Bakıda bir ağacın köçürülməsinin 2000-2500 manata başa gəldiyini dedim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, ərazidə 9 ağac olub: “Mən həmin vaxt Ramiz Cabbarlıdan soruşdum ki, torpaq sahəsilə bağlı hansısa problem varmı? Dedi ki, yox, hər şey qaydasındadır, heç bir problem yoxdur. Ramiz Cabbarlı 468 kvadrat metrlik ərazidə tikinti aparmaq üçün həm Bakı şəhər İcra Hakimiyyətindən, həm də Yasamal Rayon İcra Hakimiyyətindən icazəsi olduğunu dedi”.
Musayev bu işdə özünü qismən təqsirli bilməsini belə izah edib:
“Mən Ramiz Cabbarlıya başqa bir alternativ variant təklif etdim. Dedim ki, Ali adlı əslən türk işi adamı var, həm öz ölkəsində çox nüfuzludur, həm də Azərbaycanda yüksək vəzifəli şəxslərlə əlaqəsi var. Əlaqələrindən istifadə edib, bu məsələni həll edə bilər. Ancaq Aliyə dəyərli hədiyyə alıb aparmaq lazımdır. “Vertu” markalı telefon almağı təklif elədim. Buna görə Ramiz Cabbarlı mənə 10 min 500 manat pul verdi. 500 manatı yolpulu, 10 min də hədiyyə üçün. Söz verdi ki, bu iş həll olunsun, mənə əlavə 2000-2500 manat verəcək”.
E.Musayevin sözlərinə görə, pulu alandan sonra Ramiz Cabbarlının adamı onun yanına gəlib və pul istəyib:
“İlham Süleymanov gəldi ki, puldan mənə də ver. Ona dedim ki, hələ mənim özümə axırda verəcək. Yenə də yolpulu üçün verilən 500 manatdan 250-sini alıb apardı. Türk işadamına 8 min 200 manata telefon aldım. Amma sonradan üzə çıxdı ki, torpaq sahəsilə bağlı şikayətlər var, ərazi problemlidir, ona görə məsələ alınmır. Türk iş adamı Ali zəng eləyib mənə dedi, mən də Ramiz Cabbarlıya. O da təsdiqlədi ki, əvvəl məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Oranın mütəxəssisləri baxış keçirəndə ətrafdakı sakinlər ağacların kəsilməsinə etiraz edib. Dedim ki, gərək əvvəldən bunu mənə bildirəydiniz. Ramiz Cabbarlı mənə hədə-qorxu gəldi. Dedim ki, yeganə yol biri 2 min 500 manata ağacları köçürməkdir. Ramiz Cabbarlı razılaşdı. İşçisi İlhamla 9 ağaca görə 22 min 500 manat pul göndərdi. Bu dəfə işyoldaşım Nicatın nazirlikdəki tanışları vasitəsilə işi həll eləməyə çalışdıq. Amma bu dəfə də alınmadı. Mən o adama 2000 manat beh vermişdim. Bir müddət sonra İlham Süleymanov gəlib dedi ki, bahadır, özü həll eləyəcək. Utandığımdan Nicatdan 1700 manat aldım, İlhama verdim. Sonra ümumiyyətlə, bütün pulu geri qaytarmaq istəyəndə İlham dedi ki, 1700 manatı oğlunun təhsilinə xərcləyib, indi yerinə qoymağa da pul yoxdur. Həm də iş həll olunmasa, Ramiz ikimizi də məhv edəcək. Bundan sonra Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə rəisi Orxan Məmmədovla cəmi 15 min manata bu işi görməyi razılaşdıq. Ona ilkin olaraq, 10 min manat verildi. Amma o da işi uzatdı. Günlərin birində də zəng elədi ki, 9 ağacın ikisini kəsib, qalan 7-ni də kəsəcək. Etiraz etdim, kəsməyə qoymadım. Sən demə, İlhamın da ağacların kəsilməsindən xəbəri varmış…”.
Bu işdə adı keçən Orxan Məmmədov isə məhkəmədəki ifadəsində heç kimdən pul almadığını deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib.
Hökmə əsasən Elçin Musayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd edilib ki, həmin ərazidə iki ağacın kəsilməsinə görə Baş Prokurorluğa məlumat verilsin.
İttihama görə, Musayev Yasamal rayonunda – Dövlət Sosial Müdafiə Fondunun yaxınlığında yerləşən torpaq sahəsindəki 9 ağacın köçürülməsi adıyla həmin ərazinin sahibi Ramiz Cabbarlıdan 33 min manat pul alıb qaytarmamaqda, dələduzluq etməkdə suçlanır.
Rəsmi ittihamda yazılır ki, E.Musayev pulu səlahiyyətli məmurlara rüşvət vermək adıyla alıb. Bununla həm də R.Cabbarlını rüşvət verməyə təhrik edib.
İstintaq orqanı E.Musayevə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq), 34.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə ittiham irəli sürüb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.
Dövlət Sərhəd Xidmətindən (DSX) “Minval.İnfo”ya verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.
Hadisə zamanı DSX-nın Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində döyüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb.
Sərhədçi əsgərə dərhal təxirəsalınmaz tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.
DSX-nın rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb, xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.
Minval.İnfo
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Xocavənd rayonunun işğal altında olan Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Qeyd edək ki, bu ilin iyunun 20-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər.
Bu görüşdən sonra Qarabağ cəbhəsində nisbi sakitlik müşahidə olunurdu.
Lakin Ermənistan ordusu bu “susqunluğunu” pozaraq, növbəti dəfə təxribatlara əl atıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, ötən gün səhər saatlarında Ermənistan Göygöl rayonu ərazisində də provakasiyaya cəhd edib.
Belə ki, təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, lakin itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.
Bakının Nərimanov rayonunda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.
Bu barədə Oxu.Az-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, iyulun 15-də 39 yaşlı V.Qurbanova 17-ci polis bölməsinə müraciət edib. Qadın bildirib ki, qızı, 2004-cü il təvəllüdlü T.Qurbanova Həsən Mirzəyev küçəsində yerləşən evlərinin həyətindən qaçırılıb.
Məktəblini onu çoxdan sevən Əli adlı şəxsin qaçırdığı məlum olub. Hazırda əməliyyatçılar qaçırılan məktəblinin və onu qaçıran gəncin axtarışı ilə məşğuldur.
Maraqlıdır ki, bu, Nərimanov rayonunda son sutka ərzində baş vermiş yeganə analoji hadisə deyil.
Qafqazlıların bu qədim adətinin budəfəki qurbanı 22 yaşlı Lamiyə Bayramova olub. Onu saat dörddə Fətəli Xan Xoyski küçəsindən aparıblar.
Qeyd edək ki, Azərbaycanda mövcud qanunvericiliyə görə, evlilik yaşı 18, istisna hallarda isə 17-dir.
16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq isə cinayət məsuliyyətinə səbəb olur.
Ekspertlər vurğulayırlar ki, bütün qadağalara baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də aktualdır.
Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub.
APA-nın məlumatına görə, hadisə metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib.
27 yaşlı Rəhimov Kənan Zöhrab oğlunun F.Xoyski küçəsilə idarə etdiyi “Peugeot” markalı minik avtomobili yol hərəkəti qaydasını pozaraq əks yola çıxıb və “Niva” markalı avtomobillə toqquşub. Nəticədə “Peugeot”nun sürücüsü K.Rəhimov və “Niva”nın adı hələlik bəlli olmayan sürücüsü xəsarət alıb. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib.
İkinci sürücünün vəziyyəti daha ağırdır. Baku.ws yazır ki, avtomobildə ərəb turistlər də olublar. Onların da yüngün xəsarət aldıqları bildirilib.
Əraziyə Nərimanov Rayon Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. YPX əməkdaşları ərazidə başqa hadisənin baş verməməsi üçün tədbirlər görüb. Faktla bağlı araşdırmalar aparılır.
“Konkret İŞİD-in olmasa da, onun qanadı sayılan qruplara bağlı qüvvələrin bu şəkildə maliyyələşdirildiyi haqda zaman-zaman xəbərlər olub”
İyulun 16-da Rusiyanın Şimali Qafqaz dairə məhkəməsi əslən azərbaycanlı Erik Şabanovu İŞİD terror təşkilatını maliyyələşdirməkdə təqsirli bilib. Məhkəmə E.Şabanovu terrorçuluğa yardım ittihamı üzrə altı il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ümumi rejimli koloniyada çəkəcək.
E.Şabanov Rusiya vətəndaşıdır, Dağıstanın Mahaçqala şəhərində yaşayıb. İstintaqın məlumatına görə, o, 2016-cı ildə İŞİD üzvlərinə 30 min rubl (811 manat) köçürüb.
Qeyd edək ki, Rusiyada İŞİD-ə maliyyə dəstəyi verənlərin ifşa edilməsi ilə bağlı bu birinci fakt deyil.
Hələ 2015-ci ilin noyabrında yayılan rəsmi məlumatda bildirilirdi ki, 2013-2014-cü illərdə 3,5 min Rusiya vətəndaşı terror qruplarına maliyyə vəsaiti ötürüb. Rusiya xüsusi xidmət orqanlarının məlumatında deyilirdi ki, ruslar tərəfindən bu il ərzində İraq və Şam islam Dövləti (İŞİD) terror təşkilatının hesabına 300 milyon rubl (4,5 milyon ABŞ dolları) həcmində vəsait köçürülüb.
Rusiya Maliyyə monitorinqi üzrə Federal Xidmətinə istinadən yayılan xəbərdə isə bildirilirdi ki, bu vəsait əsasən internet, sosial şəbəkələr vasitəsilə İŞİD-ə ötürülür.
Qeyd edilib ki, “Bulqar Salman” ləqəbli Rusiya vətəndaşı internet üzərindən Suriyada terror aktları törətmək üçün insanları İŞİD-ə cəlb edib, qruplaşma üçün pul yığırmış. Bundan əlavə, Suriya və İraqa gedən ruslar da pullarını terror təşkilatının hesabına köçürüblər.
2018-ci ilin noyabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları terrorçu İŞİD qruplaşmasına pul toplayan bir qrupu tutmuşdu. Tomsk vilayəti ərazisində terrorçu İŞİD qruplaşmasının maraqlarına maliyyə yardımı göstərilməsi üçün pul toplamaqda iştirak edən dəstənin fəaliyyəti aşkarlanmışdı.
Bu ilin mayında Rusiyanın Tver şəhərində İŞİD terror təşkilatının maliyyələşdirilməsi şübhəsi ilə üç nəfər saxlanılıb. Bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin regional şöbəsi məlumat vermişdi. Əməliyyat “Rosqvardiya”nın xüsusi bölməsi ilə birgə həyata keçirilmişdi. Saxlanılanlar Mərkəzi Asiya respublikalarından birinin vətəndaşları idilər.
Hesab olunur ki, terrorçulara dünyanın 40 ölkəsindən maliyyə dəstəyi verilir. Terror təşkilatına pul köçürmələrinə görə MDB ölkələrindən ilk pillədə Qazaxıstan, sonra Rusiya vətəndaşlarının dayandığı deyilirdi.
Sabiq MTN polkovniki, təhlükəsizlik eksperti İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, Rusiyada həbs edilən Erik Şabanov Azərbaycan vətəndaşı deyil, bununla yanaşı, xaricdəki Azərbaycan vətəndaşları sırasından da İŞİD-ə maliyyə dəstəyi verənlərin olması mümkündür: “Ciddi araşdırmaq və onları ifşa eləmək lazımdır. Konkret İŞİD-in olmasa da, onun qanadı sayılan qruplara bağlı qüvvələrin bu şəkildə maliyyələşdirildiyi haqda zaman-zaman xəbərlər olub. Ona görə də Azərbaycandan da o cür maliyyə dəstəyi verənlərin olması istisna deyil. Zamanında milli təhlükəsizlik orqanında bu barədə informasiyalar olub. Təəssüf ki, Eldar Mahmudovun nazir olduğu dövrdə bu məsələnin dərininə gedilməyib. İstisna deyil ki, indi də radikal dini qruplara maliyyə dəstəyi vermək kimi halların qalıqları mövcuddur. Bu halın isə Azərbaycan üçün həmişə təhlükəsi var. İŞİD-ə və digər radikal qruplara maliyyə ötürən adamlar özləri birbaşa terrorçu olmasalar da terror üçün maliyyəni ayıra bilirlər və terrorçuların ayaq üstə qalmalarına dəstək olurlar. Pul olmasa terrorçular hərəkət eləyə bilməzlər”.
“Kök qadınlar cənnətə düşə bilməzlər” deyən rahibi səhnədən yerə yıxıblar.
Hadisə Braziliyanın ən böyük şəhəri olan San-Pauluda baş verib.
Belə ki, ənənəvi ayin zamanı rahib Marselo Rossi səhnədə moizə oxuyanda onu bir qadın itələyib.
Rahib “kök qadınlar cənnətə düşə bilməzlər” deyəndən sonra zaldakı qadınlardan biri səhnəyə doğru qaçaraq onu yerə yıxıb. 50 mindən çox insanın toplaşdığı ayində baş verənlər iştirakçılarda şok effekti yaradıb.
Hadisəni törədən qadının 40 yaşlarında olduğu deyilir. İnsident nəticəsində xəsarət almayan rahib Rossi bir neçə dəqiqədən sonra yenidən səhnəyə qayıdaraq moizəsini davam etdirib.