Bakıda orta məktəb binasında yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Xətai rayonunda ümumi sahəsi 1 000 m² olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələdə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 4525 manat pul və 30 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Aydınqışlaq kənd sakini S. Alızadə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə İsmayıllı rayonu İvanovka kəndi ərazisində Göyçay rayonu, Bəydövül kənd Bələdiyyəsinin sədri, 1987-ci il təvəllüdlü Ramil Ramiz oğlu Yusifovun meyitinin aşkar edilməsi barədə məlumatlar yayılmışdır.

İsmayıllı rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, yanvarın 6-da saat 14 radələrində Ramil Yusifovun meyitinin İvanovka kəndi ərazisində aşkar edilməsi barədə İsmayıllı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

“Cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və zəruri olan digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda ölümün səbəbinin müəyyən edilməsi və hadisənin təfərrüatlarının aydınlaşdırılması məqsədilə İsmayıllı rayon prokurorluğunda araşdırma aparılır.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda bildirilib.

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Şəmkir rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, hadisə yanvarın 5-də saat 15 radələrində baş verib. Şəmkir şəhər sakini 2003-cü il təvəllüdlü Tağıyev Əhliman Kənan oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Eynur oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan alətlə Əhliman Tağıyevə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəvan Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Axar.az xəbər verir ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov paytaxtın Nəsimi rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin və metamfetamin aşkar edilmişdir.

Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 5 kq 385 qram heroin və 414 qram metamfetamin götürülmüşdür.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü - Abşeron rayon sakini L.Abuzərova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır. Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülmüşdür.

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 22 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış bir cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Sabunçu rayonunda oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, rayon polis idarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 10 min manat dəyərində 450 oturacaq, iki televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A.Abbasov saxlanılıblar.

Davam etdirilən tədbirlər nəticəsində A.Abbasovun yaşadığı evə baxış zamanı oradan üç qram heroin və doqquz qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla əlaqədar təhqiqat aparılır.

     

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun Çaylı kəndi ərazisində yolun kənarında narkotik vasitələr gizlətdiyi müəyyən edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizlətdiyi 22 kiloqram 30 qram heroin, 2 kiloqram 630 qram metamfetamin, 1 kiloqram 450 qram metadon və tramadol həbləri polis əməkdaşları tərəfindən həmin yerdən aşkar edilərək götürülüb.

31 dekabr 2020-ci il tarixdə gecə saat 05 radələrində 1987-ci il təvəllüdlü Röyal İlyasovun yaşadığı evin yaxınlığında baş nahiyəsində odlu silah yarası xəsarəti olan meyitinin aşkar olunması barədə Pirallahı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yerinə və meyitə baxış keçirilib, cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng qablaşdırılaraq götürülüb, şahidlər dindirilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ilə, zərərçəkmişin tanışları Elşən Gözəlov və Cəmil Hüseynovun 30.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə keçən gecə saat 02 radələrində şəxsi münasibətlər zəminində qabaqcadan əlbir olaraq bir qrup şəxs halında odlu silahdan istifadə edib Röyal İlyasovu yaşadığı evin yaxınlığında qəsdən həyatdan məhrum etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Elşən Gözəlov və Cəmil Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.