![]() |
![]() |
10:50
Baş Prokurorluq Bərdə Peşə Liseyinin direktorunun həbs edilməsi ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, vətəndaşların hüquqlarını pozmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin ifşa edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər davam etdirilir.
Belə tədbirlərdən biri kimi, Bərdə Peşə Liseyinin direktoru vəzifəsində işləyən Şükürov Şəmil Məmməd oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Şəmil Şükürovun həmin liseyin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq 2012-2021-ci illər ərzində liseydə təhsil alan çoxsaylı tələbələrin dərsdə iştirak etməmələri, onlara ümumi himayədarlıq göstərilməsi müqabilində həmin şəxslərə məxsus təqaüd kartlarını rəhbərlik etdiyi qurumun əməkdaşları vasitəsilə əldə edib kart hesablarına köçürülmüş təqaüdlərin Bərdə rayonu ərazisində yerləşən ayrı-ayrı bankomatlardan məxaric edilərək nağdlaşdırılması yolu ilə külli miqdarda pul vəsaitinin rüşvət qismində almasına əsaslı şübhələr yaranmışdır.
25 fevral 2021-ci il tarixdə Şükürov Şəmil Məmməd oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq zamanı təhsil müəssisəsinin əməkdaşları tərəfindən 28 tələbənin adına olan təqaüd kartları könüllü şəkildə təhvil verilmiş, həyata keçirilmiş axtarış zamanı isə 10 min 600 manat məbləğində pul vəsaiti və 22 ədəd bankomat kartları aşkar edilərək maddi sübut qismində götürülmüşdür.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saatlıda tikintidə ölüm hadisəsi baş verib.
Rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, fevralın 22-də saat 14 radələrində Saatlı rayonu Varxankənd kənd ərazisində fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub
Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, fəhlə işləyən 1986-cı il təvəllüdlü Rəmzi Məmiyev rayonun Varxankənd kənd ərazisində yerləşən quşçuluq müəssisəsinin binasının dam örtüyünü yeniliyərkən həmin binanın dam hissəsindən yerə aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bakıda velosiped oğurlayan şəxs tutulub.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Həsənliyə və S.Həbibova məxsus, ümumi dəyəri 2 000 manat olan velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Kazımov saxlanılıb.
Gəncə şəhərində silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Post Patrul Xidməti Taborunun əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, şəhər ərazisində məişət tullantıları üçün nəzərdə tutulan sahələrin birində silah-sursat aşkarlayıb.
Dərhal ANAMA-nın əməkdaşları həmin əraziyə dəvət olunaraq müvafiq tədbirlər həyata keçirlib. Araşdırmalar zamanı oradan F-1, 1 ədəd RQD-5 əl qumbaraları, 2 ədəd UZQRM qumbara partladıcısı, 96 ədəd müxtəlif kalibirli avtomat və tapança patronları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hacıqabul rayonunda üzərində tüfəng gəzdirən şəxs saxlanılıb.
Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfərin üzərində qanunsuz odlu silah olması barədə məlumat daxil olub.
Keçirilən əməliyyat tədbiri nəticəsində rayonunun Muğam qəsəbəsində yaşayan Quba rayon sakini İslam Məmmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Ondan müvafiq sənədləri olmayan qanunsuz saxlanılan "Tula" markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.
Ağstafa rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köçəsgər kəndindəki fərdi yaşayış evlərinin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları Polis Şöbəsinə gətiriliblər.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Xidməti vəzifələrinin icrası zəminində etdiyi qanunsuz hərəkətləri ilə vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Daşkəsən rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, rayonun Xoşbulaq bələdiyyəsinin sədri vəzifəsində işləmiş Rasim Allahverdiyev, hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri Şahbaz Mehdiyev və həmin şöbənin mütəxəssisi Vüqar Məmmədovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Rasim Allahverdiyevin Şahbaz Mehtiyev və Vüqar Məmmədov ilə qabaqcadan əlbir olaraq Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisində yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsini müvafiq qanunvericiliyin tələblərini pozaraq köhnə tarixə saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı şəxslərə satılması müqabilində vətəndaşlardan ümumilikdə 25 min 400 manat pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rasim Allahverdiyev, Şahbaz Mehdiyev və Vüqar Məmmədova 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, Rasim Allahverdiyev və Şahbaz Mehdiyev barəsində məhkəmənin qərarı ilə həbs, Vüqar Məmmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini Zaur Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar olunub. Ətrafında davam etdirilən əməliyyat tədbirləri ilə onun digər cinayət əməli də üzə çıxıb. Belə ki, Z.Hüseynovun şəhər ərazisində vətəndaşa məxsus qarajdan 4 ədəd velosipedi oğurlayaraq satdığı müəyyən edilib. Satdığı velosipedlər həmin şəxslərdən götürülərək istintaqa təqdim olunub.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, şübhəli şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gəncədə "Milli Ön" ödəmə terminallarından oğurluq olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumatına görə, Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki müxtəlif yerlərdə quraşdırılmış 4 "Milli Ön" ödəmə terminalından ümumilikdə 7303 manat pul, kassa aparatı və 300 manat dəyərində kaset hissəsi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılıb.
Araşdırma aparılır.