Vəzifəli şəxsin qanunsuz əməlləri ifşa olunub.
Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İsmayıllı rayonu Keyvəndi bələdiyyəsinin sədri Akif Balaməmməd oğlu Dəmirovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Belə ki, keçirilmiş əməliyyat tədbirləri ilə Akif Dəmirov qeyd olunan vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək meşə ərazisində torpağın faydalı üst münbit qatının qanunsuz olaraq daşınmasına köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş şəxsdən aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda pul vəsaitini alarkən cinayət başında yaxalanıb.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Akif Dəmirova 17 aprel 2021-ci il tarixdə CM-in 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə şəhərin Füzuli küçəsi 43 ünvanında baş verib. Belə ki, 1990-cı il təvəllüdlü Vahidə Qəribəli qızı Şərifova sol bazunun yuxarı hissəsinin deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ona zəruri tibbi yardım göstərilib.
Hadisənin ailə münaqişəsi zəminində bacılar arasında baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olub.
Axar.az xəbər verir ki, bu barədə DİN və Baş Prokurorluğunun birgə məlumatında deyilir.
Məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, naməlum şəxs Yelena İvanovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq silah qismində istifadə olunan bıçaq tətbiq edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq edib.
Həmin şəxs ev sahibəsinin kənar şəxsləri köməyə çağırmasının, eləcə də hüquq-mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün əli ilə onun sifət nahiyəsinə bir neçə zərbə vurub, bıçaqla qol nahiyəsinə xəsarət yetirib və pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 181.2.3 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Cinayət hadisəsini törədənin şəxsiyyətinin müəyyən olunaraq tutulması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Nəticədə cinayət əməlinin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
İctimai təşkilatlardan birinin paytaxtın Xətai rayonunda yerləşən filialından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, bu barədə polisə məlumat verən zərərçəkən şəxs ofisdən 1300 manat dəyərində 1 ədəd televizor, 2 ədəd telefon, noutbuk, eləcə də, digər əşyalar oğurlandığı barədə polisə məlumat verib.
Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarınını “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Aydın Məlikov və Rüstəm Bayramlı saxlanılıblar. Oğurlanan əşyalardan bir qismi polislər tərəfindən onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Aydın Məlikov və Rüstəm Bayramlının paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verə bilərlər.
Faktla saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Ceyhun Cabir oğlun Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Cabir Saleh oğlu Əliyevin isə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəlilabad Rayon Prokurorluğundan Axar.az-a bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Yevlaxda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Aşağı Bucaq kəndində bir dam altında tikilən ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 520 m² olan cücə sexinin yanar konstruksiyaları 360 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı evin içərisində 1968-ci il təvəllüdlü Hüseynova Səidə İmran qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Ağsuda piyadanın ölümü nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə ötən axşam saatlarında rayonun H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini 2011-ci il təvəllüdlü Nəzrin Səbuhi qızı Məhərrəmli həmin prospektdə yolu keçmək istəyərkən onu DYP avtombilini idarə edən polis əməkdaşı, Ağsu rayon sakini Cavid Nəriman oğlu Kərimov vurub.
Yaralı dərhal Ağsu Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və Nəzrin Məhərrəmli elə xəstəxanada dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə aparılıb.
DYP avtomobilini idarə edən Cavid Kərimov Bakı-Şamaxı əsas magistral yolunda yol polisi vəzifəsində çalışır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Taxtakörpü-Ceyranbatan su kanalında gənc qız batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Aysel Aydın qızı Xalıqovanın batması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Aprelin 8-də saat 14 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında 1997-ci il təvəllüdlü Əhmədov Əli Muxtar oğlunun təmir işləri zamanı xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Axar.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Əli Əhmədov daş karxanasında traktorun təmiri zamanı ekskavatorun qovşağına asılı vəziyyətdə olan döşəmə ilə traktorun kabinasının arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər sakini Elman Məmmədov COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
E.Məmmədov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.