Son xəbərlər

Mayın 12-də Mingəçevirdə baş vermiş dava-dalaş nəticəsində şəhər sakini Məhəmməd Eyyubovun bıçaqlanması, Ağdam rayon sakini Bürhan Əsədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırmalar aparılıb, zərərçəkmişlərin və şahidlərin izahatı alınıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlıq əməlini törətməkdə şübhəli bilinən qardaşlar - Hüseyn və Akşin Hüseynovlar, eləcə də Məhəmməd Alıyev saxlanılıb.

Onlar ifadələrində mübahisənin söyüşə görə baş verdiyini bildiriblər.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanılıb.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa olunaraq məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a məlumata görə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Habil Səlimov rayon ərazisində saxlanılıb. Onun üzərində keçirilən şəxsi axtarış zamanı sellofan torbalarda çəkisi 650 qramdan çox narkotik vasitə olan heroin və 440 qramdan çox metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq qrupunda H.Səlimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.