Dmanisidə sadəcə gənclər arasında konflikt yaşanıb.
Axar.az xəbər verir ki, bunu Dmanisi meri Georgi Tatuaşvili dünən bir qrup svanın azərbaycanlılara hücumunu şərh edərkən deyib. O, konfliktin səbəbini bilmədiyini, amma istintaq orqanlarının insidentin tam araşdırmasını aparacaqlarını bildirib:
“Mən ilk dəfədir bu cür şeylə qarşılaşıram. Əminəm ki, gələcəkdə belə şeylər olmayacaq. Bu qarşıdurma etnik zəmində deyil, Dmanisidə belə şeylər baş vermir. Onlar arasında yəqin hansısa anlaşılmazlıq olub. Kadrlardan görünür ki, gənclər mübahisədən sonra dağılıblar. Gənclər arasında sadəcə konflikt yaşanıb, amma kimsə spekulyasiyalara yol verir, etnik məsələni buraya qatır. Bu baş verənlərin yanlış interpretasiyasıdır. Biz Dmanisidə dostluq şəraitində yaşayırıq, bir-birimizin qayğısına qalırıq”.
Qeyd edək ki, ötən gün Başkeçidə (Dmanisi) köçürülən svanlar azərbaycanlılara hücum edərək, ağır xəsarətlər yetiriblər. Bu gün isə küçələrə çıxan şoxsaylı svan və gürcü azərbaycanlılara və onların yaşadıqları evə hücum edib.