O bildirib ki, Ukrayna savaşı başlanandan Qərb Ukrayna ilə bərabər Rusiyaya qarşı ikinci cəbhəni açmağa cəhd etdi: "Bunu Gürcüstan üzərindən etməyə qərar vermişdi. Amma Gürcüstan hakimiyyəti buna qarşı çıxdığına görə münasibətlərdə gərginlik müşahidə olunmağa başladı. Ardınca Gürcüstan Qərbin təzyiqləri və xüsusilə də, onun Gürcüstanda maliyyələşdirdiyi minlərlə "QHT-lərlə bağlı xarici təsirlərin şəffaflığı haqqında" qanun qəbul etməklə Qərbin maraqlarına bir formada müəyyən zərbə vuruldu. Sonra milli-mənəvi dəyərlərlə bağlı qərarın qəbulu Qərblə Gürcüstan arasında münasibətlərin ciddi şəkildə gərginləşməsinə və münasibətləri pozulma həddinə çıxardı deyə bilərik.
Qarşıda gələn seçkilərdə Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə çox maraqlıdır. Bunun üçün Gürcüstan daxilindəki müxalif qüvvələrə ciddi şəkildə dəstək verməyə çalışır. Bununla bağlı həm maliyyə, həm təbliğat dəstəyi verilir. Eyni zamanda seçkidən sonra küçə etirazlarını həyata keçirmək üçün müəyyən planlar qurulur. Gürcüstan hakimiyyəti də bundan xəbərdardır. Hakimiyyət də buna hazırlaşır. Gürcüstan üzərində hal-hazırda Qərblə Rusiya arasında ciddi bir rəqabət yaşanmaqdadır. Gürcüstan Güney Qafqazda bizim tərəfdaş qonşumuz olduğu üçün orada baş verən hadisələrin də bölgəyə kifayət qədər təsiri olacaq. Ona görə də Azərbaycan Gürcüstanda proseslərin dinc məcrada və siyasi yollarla həllindən yanadır. Seçkilərin nəticələrinin bütün tərəflər tərəfindən qəbul edilməsi doğru hesab olunur. Xalqın səs verdiyi siyasi qüvvə hökuməti formalaşdırmalıdır. Hər halda bizi qarşıdakı iki həftədə kifayət qədər ciddi proseslər gözləyir. Ümid edirik ki, Gürcüstanda hal-hazırdakı durum Gürcüstan xalqının iradəsi əsasında seçkilər yolu ilə hökumətin formalaşması ilə yekunlaşacaq. Həm Gürcüstan, həm də Cənubi Qafqaz növbəti gərginlikdən qaça biləcək".