"Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir.
Bunu təsdiq edən bir çox məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın şəkildə tapmışdır". Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. "Bu, əlbəttə ki, Azərbaycanın MDB-yə üzv ölkələr arasında malik olduğu hörmət və nüfuzun daha bir göstəricisi kimi dəyərləndirilməlidir. Eyni zamanda , 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş və tamamilə dağıdılmış Laçın şəhərinin növbəti il üçün MDB-nin mədəniyyət paytaxtı elan olunması, burada həyata keçirilən və miqyasına görə misli görünməmiş yenidənqurma işlərinin effektivliyinin növbəti təsdiqidir. Cənab Prezidenti dediyi kimi, bu gün artıq Laçın bərpa olunub və burada yeni həyat başlayıb. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb"
K.Qafarov Prezident İlham Əliyevin öz çıxışında toxunduğu mühüm məsələlərdən birinin də COP29 iqlim konfransı ilə bağlı olduğunu vurğulayıb: "Bakıda keçiriləcək COP29 iqlim konfransının başlanmasına artıq bir ay qalıb. Ölkəmizin ev sahibliyi edəcəyi bu konfrans dünyada ən böyük beynəlxalq tədbir hesab olunur. Dövlət başçımızın dediyi kimi, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarı bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilməlidir. COP29-a hazırlıq işləri artıq başa çatmaq üzrədir və Azərbaycanın bu tədbiri də ən yüksək səviyyədə keçirəcəyi bu gün heç kimdə şübhə doğurmur. Cənab Prezident öz çıxışında həmçinin İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB dövlət başçılarının qəbul edəcəkləri ümumi müraciətin əhəmiyyətini vurğuladı və bir daha diqqətə çatdırdı ki, Azərbaycan faşizm üzərində ümumi qələbəyə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Prezidentimiz qeyd edib ki, faşizm üzərində ümumi Qələbə MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün mühüm amillərdən biridir".