O bildirib ki, Suqovuşan azad edilmişdi: "Kəlbəcər rayonunun mərkəzi, Füzulinin kəndləri azad edilmişdi. Növbədə Füzuli şəhəri və Hadrut qəsəbəsi var idi. Ona görə də Xocalı rayonuna doğru, daha sonra isə Qubadlı, Zəngilanın azad olunacağını başa düşürdülər. Cəbhə hər iki istiqamətdə yarılmışdı, düşmən ard-arda böyük məğlubiyyətlərə uğrayırdı. Ona görə də ən alçaq, xain plana əl ataraq Gəncədə mülki əhaliyə qarşı üçüncü dəfə raket zərbəsi atdılar. Məqsədləri o idi ki, Azərbaycanın ikinci ən böyük şəhərində insanlar arasında qorxu yaratsınlar. İnsanlar Bakıya qaçsınlar, nəticədə yollar tutulsun, orduya gələn dəstəyə əngəl olunsun.
Onlar Bakı-Gəncə yolu, ardınca da Tərtər-Bərdə istiqamətini də vururdular ki, əhali etiraz etsin. Azərbaycan dövləti məcbur olub atəşkəsi imzalasın. Xalq, ordu, dövlət birliyi isə düşmənin bütün planlarını alt-üst etdi. Necə ki, cəbhədə düşmən məğlub olurdu, arxa cəbhədə də Azərbaycan xalqı vahid idi, dəmir yumruq halında idi. Vətənin müdafiəsi üçün hər şeyi edirdi. Ona görə də düşmənin bütün bu çirkin niyyətləri baş tutmadı. Doğrudur, biz xeyli sayda mülki əhalini itirdik, şəhidlər də verdik. Onlar müharibə qurbanlarıdır. Müharibədə iştirak etməyən uşaq və qadınlar, qocalar birinci Qarabağ müharibəsində olduğu kimi erməni terrorunun qurbanı oldular. Azərbaycan dövləti dəyən ziyanı qısa zamanda aradan qaldırdı. Azərbaycan xalqının nə qədər cəsur, qəhrəman olduğunu bütün dünya gördü. Biz o günləri heç zaman unutmayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin".