Son illər Azərbaycanda çoxlu sayda seriallar çəkilməkdədir. Təbii ki, bu serialların istehsalı üçün büdcədən kifayət qədər vəsait ayrılır. Bununla belə, bu gün də efirlərdə təqdim edilən seriallar süjet, məzmun baxımından kasadlıq yaşayır, tamaşaçıların tənqidlərinə tuş gəlir. Əsas şikayətlər də bundan ibarətdir ki, nümayiş olunan seriallarda milli ruh, dəyərlər aşağı səviyyədədir, parametrlər qeyri-peşəkardır, aktyorlar inandırıcı oynaya bilmir, ən əsası, süjet xətləri Türkiyə seriallarını təkrar edir. Əsas narahatedici məqam isə odur ki, seriallarda Azərbaycan dəyərləri, ailə dəyərləri ilə ziddiyyət təşkil edən, doğmalar arasında hörmətsiz münasibətləri təbliğ edən epizodlar çoxluq təşkil edir. Məsələn, guya komik məzmun verilərək, seriallarda ailə başçısı, ata, ana övladları tərəfindən gah tez-tez aldadılır, ələ salınır və yaxud kürəkən it kimi həyətdə bağlanır, o da qayınatasına kələklər gəlir və sairə.
Mütəxəssislər qeyd edir ki, hazırda dünyada psixoloji asılılıqlar arasında ən təsirli olanı seriallardır. Bu bir faktdır ki, insanlar seriallara o qədər bağlanır ki, real həyatda da özlərini serialdakı kimi hiss edir. Təbii ki, bunun da öz mənfi tərəfləri var. İnsanlar real həyatdakı məsuliyyətlərindən uzaqlaşaraq, serial xarakteri ilə yaşamağa başlayır, seriallardakı kimi sevməyə can atır, xəyanət edir, yalan danışır, kələk gəlir, atasını aldadır. Bu da həyatında müəyyən problemlərə, qarşıdurmalara, depressiyaya səbəb olur, mənəviyyatına, əxlaqi dəyərlərinə təsir edir. Bu cür seriallara yeniyetmələrin də böyük maraq göstərdiyini nəzərə alsaq, gələcəkdə nə kimi problemlərlə üzləşəcəyimizi ehtimal etmək çətin deyil.
Bəs seriallara, onların süjet və məzmununa kimlər və ya hansı qurumlar nəzarət etməlidir?
Mövzu ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Yeni Müsavat”a danışıb: “MTRŞ” serialların məzmununa müdaxilə etmək iqtidarında deyil. Qanunda var ki, Televiziya və Radio Şurası yayımçıların yaradıcılıq fəaliyyətinə qarışmır. Bildiyiniz kimi, bu məsələni bazar tənzimləyir. Televiziya rəhbərləri də bu məsələni bazara hesablayırlar. Yəni düşünürlər ki, nəyin bahasına olursa-olsun seriallar reytinq, reklam gətirməlidir.
Məlum olduğu kimi, serialların əksəriyyəti prodakşnlar tərəfindən hazırlanır. Televiziyalar da seriallara reklam, reytinq, sponsor məsələsindən yanaşır, eyni zamanda da prodakşnlar da düşünür ki, elə bir serial çəksinlər ki, reklam gətirə bilsin. Serial çəkənlərin də arqumenti budur ki, tamaşaçılar daha çox gülməli, ailə-məişət mövzularında olan seriallara baxır, tələbat onlaradır. Deyə bilmərəm ki, seriallarımız Türkiyə seriallarının təkrarıdır və sairə. Faktiki olaraq, serial çəkənlər bu cür arqument irəli sürürlər.
Bəli bir faktdır ki, bu cür seriallar və yaxud verilişlər daha çox tamaşaçı izləyicisi toplayır, reklam gətirir".
Təvəkkül Dadaşov qeyd edib ki, MTRŞ bütün yayımlanan serialları izləyir: “Bildirim ki, qeyri-dinamik, diqqəti cəlb etməyən, ailə-məişət mövzusunda çəkilən serialların süjet xətti, məzmunu bizim də xoşumuza gəlmir və yayımçılarla bu barədə dəfələrlə söhbət aparmışıq ki, imkan daxilində bu cür serialların məzmununa müdaxilə etsinlər. Eyni zamanda prodakşnlara da tövsiyələr edilib. Lakin çox təəssüf ki, bu gün də kənara çıxmalar, bizim də xoşumuza gəlməyən məqamlar çoxdur. Hesab edirik ki, növbəti mövsümdə yayımçılar bu məsələni diqqətdə saxlayacaq. Həddən artıq kənara çıxma halları olduqda, müxtəlif üsullardan istifadə edib seriallarla bağlı yayımçılarla müzakirələr aparacağıq ki, serialların mövzusu cəmiyyəti qıcıqlandıran tərzdə olmasın”.
Rejissor-prodüser Fehruz Şamıyev də mövzu ilə bağlı öz şərhini bildirib:
“Deyə bilərəm ki, Azərbaycanda hazırda serial bazarı formalaşa bilib. Serialların sayının artması onu göstərir ki, bu sahədə kifayət qədər irəliləyiş var. Problemin ortaya çıxmasının səbəbi isə səriştəsiz komandaların meydana gəlməsi və məhsulları qəbul edən televiziya kanallarının şöbəsindədir. Çox təəssüf ki, keyfiyyətsiz serialların efirə getməsi birbaşa televiziya kanallarının özü ilə bağlıdır, rəhbərliklə deyil. Keyfiyyətsiz məhsulların efirə ayaq açması sayəsində səriştəsiz, yoldan ötən insanların da bu sahəyə marağı artmış olur. Onlar da düşünür ki, bu məsələ çox asandır və onlar da seriallara çəkilə bilərlər. Yəni aktyor sənətinə, rejissorluğa heç bir aidiyyəti olmayan şəxslər öz dostları, yaxınları sayəsində seriala çəkilir və çəkir, bu da efirdə nümayiş olunur.
Bununla belə, Azərbaycan bazarında keyfiyyətli, tamaşaçıların daimi izlədiyi, baxımlı seriallar da var. Həmin serialları çəkənlər imicli, müəyyən müddətdə kino sahəsində çalışan insanlardır. Ona görə də onlar ortaya keyfiyyətli məhsul qoya bilirlər.
İlk növbədə ölkəmizdə kanal rəhbərləri ucuz ssenariləri qəbul etməməlidir. Bu da Azərbaycanda serial bazarının formalaşmasına təsir edə biləcək bir addımdır. Çox təəssüf ki, hazırda yoldan ötənlər, hətta gözəllik salonlarında çalışan xanımlar seriallara ayaq açırlar. Bəzən onlar seriala çəkilmək üçün özləri pul verirlər. Düşünürəm ki, bütün bu problemlərin yaranmasının səbəbkarları televiziya rəhbərləridir. Yəni ilk növbədə televiziya rəhbərləri bu məsələni tənzimləməlidir. Daha sonra isə düşünürəm ki, MTRŞ-də ictimai nəzarət komissiyası olmalıdır ki, nümayiş olunan seriallara nəzarət etsin, vaxtaşırı öz tövsiyələrini versin".