Millət vəkili Qənirə Paşayeva İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumunda iştirak edib.
Axar.az xəbər verir ki, millət vəkili tədbir çərçivəsində İraqın Baş naziri Heydər Abadi ilə görüşüb. Q.Paşayeva görüşdə Qarabağ münaqişəsi və terrora qarşı mübarizədən danışıb.
Millət vəkili Azərbaycanın İraqla münasibətlərin inkişafında və əməkdaşlığın bütün istiqamətlərdə genişlənməsində maraqlı olduğunu vurğulayıb.
Heydər Abadi isə öz növbəsində Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışdıqlarını bildirib.
Deputat Qarabağ problemi ilə bağlı bəzi məsələləri də baş nazirin diqqətinə çatdırıb.
Q.Paşayeva bildirib ki, terrorla mübarizədə ikili standartlar olmamalıdır:
“Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda bu məsələni xüsusi olaraq diqqətə çatdırır. İraqda yaşayan türkmanlar Azərbaycanla İraq arasında möhkəm bağlardır”.