Milli Məclisin bu gün keçirilən plenar iclasında beynəlxalq təşkilatların Azərbaycana ikili standartlardan yanaşması da vurğulandı.
Deputat Qənirə Paşayeva öncə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı “Qara siyahı”sında 649 şəxsin adı var: “Lakin burada ən təssüfedici məqam həmin şəxslərin çoxunun ATƏT-in Minsk Qrupuna aid olan ölkə vətəndaının olmasıdır”.
Deputatın sözlərinə görə, Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlarımıza səfər edənlər arasında Rusiya, Fransa, ABŞ, Almaniya və İtaliya vətəndaşları çoxluq təşkil edir: “ Azərbaycan XİN-in siyahısında yer alan şəxslərin 160-ı Rusiya, 40-ı Fransa, 50-si ABŞ, 45-i İtaliya, 50-si Almaniya vətəndaşlarıdır. Bu, narahatedici məqamdır. Biz bununla bağlı həmin ölkələrin səfirlərinə müraciət edir və onların təbliğatına böyük ehtiyac olduğunu bildiririk.Çox təəssüf ki, Minsk Qrupuna daxil olan ölkələr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli mövqe tutmaq əvəzinə, əksinə sərhədlərimizi pozurlar. Məhz onların vətəndaşları Azərbaycanın icazəsi olmadan işğal altında torplaqlarımıza icazəsiz səfər edirlər. Biz bu siyahıya baxdıqda həmin şəxslərin adi turist deyil, keçmiş səfir, nazir, millət vəkillərinin olduğunu görürük. Son 5 ildə bu tendensiya daha da artıb. Ona görə də daha sərt tədbirləri özündə əks etdirən, İşğal edilmiş ərazilərlə bağlı qanun qəbul edilməlidir”..
Xanım deputat qardaş Türkiyə vətəndaşlarının da qanunsuz Xankəndinə səfər etməsi məsələsinə də toxundu: “Türkiyə vətəndaşlarının son addımı daha xoşagəlməzdir. Hesab edirəm ki, bu istiqamətdə də ciddi addımlar atılacaq”.
Deputat Çingiz Qənizadə isə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatların qərəzli yanaşmasından bəhs etdi. Anti-Azərbaycan rəyinin formalaşdırılmasında bəzi yerli QHT-lərin rolunu da istisna etmədi: “QHT-lərin böyük əksəriyyəti Azərbaycan həqiqətlərini olduğu kimi görür və çatdırır. Amma bəzi təşkilatlar bu həqiqətləri başqa cür çatdırır. Avropa Şurası da daxil olmaqla bəzi təşkilatlar problemlərin həll olunması əvəzinə, gərginliyi artırırlar. Mütləq dialoq və bəyanatlardan kənar yolla problemləri həll etmək lazımdır”. Digər deputatlar da bu istiqamətdə fikirlərini çatdırdılar.
Deputatların çıxışlarına reaksiya verən spiker Oqtay Əsədov bu cür fikirləri konkfretləşdirdi və ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeni sərt tənqid etdi.
Spiker ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana son səfərini xatırladaraq bildirdi ki, ATƏT rəsmisi Bakıda olarkən yalnız Azərbaycan parlamentində və qeyri-hökumət təşkilatları ilə görüşlər keçirəcəyini deyib: “Ancaq Azərbaycandan sonra o, Ermənistana getdi. Burada dediyi sözlərin hamısı saxta və yalan oldu. O, bütün Ermənistan rəhbərliyi ilə görüşdü. “Dağlıq Qarabağ” nümayəndələri ilə bir stolda oturdu. Bu ikili standartlar həqiqətən də bizi yorur. Azərbaycan parlamentinin ATƏT PA-dakı nümayəndə heyəti tam tərkibdə Andorrada ATƏT-in iclasında iştirak edir. Orada Azərbaycanla bağlı təkliflər irəli sürəcəklər. Kristian Vigen kimi insanların Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olması, düzgün deyil. Tərəfli mövqe tutan insanların bu cür postlarda vəzifə tutması səviyyəsizlikdir. Biz belə məsələlərə çox rast gəlmişik. O, ölkəmizdə səfərdə olanda, təkliflə çıxış etdik ki, ATƏT-in Minsk Qrupunun tərkibi genişləndirilsin, o da buna razılığını bildirdi. Azərbaycanda bir, Ermənistanda başqa söz danışırlar. Bunlar faktdır”.