Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası ilə bağlı olsa da, çox böyük əhəmiyyətə malikdir.
Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq bu fonda regionda bir sıra gəlişmələrin olmasına diqqət çəkib:
“Səfər Azərbaycan və Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması, Qazaxıstanla münasibətlərin daha da inkişafı və bütövlükdə ümumtürk problemlərinin həlli üçün yeni perspektivlərin açıldığı bir zamana təsadüf edir. TANAP-ın reallaşdırılması və Türkmənistanın bu layihəyə qoşulması gündəmdə olacaq. Çünki artıq bu barədə Türkiyə və Türkmənistan arasında müəyyən razılıq var. Bu prosesdə ABŞ da yaxından iştirak edir. Türkmənistan və Azərbaycanın isə bu məsələ ətrafında mövqeyi artıq formalaşıb. Ankaranın da böyük rolunu etiraf etmək lazımdır. Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında TANAP-ın genişləndirilməsi də müzakirə olunacaq, çünki gələcəkdə Qazaxıstanın da layihəyə qatılması ehtimalı kifayət qədər yüksəkdir. Üstəlik, Türkiyə bu prosesdə, bir növ, təminatçı, vasitəçi kimi diplomatik və digər səylərini işə salmaqla prosesin yaxın bir zamanda həyata keçməsini təmin etməyə çalışır”.
Görüş əsnasında Dağlıq Qarabağ probleminin gündəmdə olacağını deyən politoloq mühüm gəlişmələrin olacağını istisna etməyib:
“Uzun müddətdir ki, Azərbaycanla Türkiyə arasında hərbi saziş barədə fikirlər səslənir. Hətta bir çoxları hərbi sazişin imzalanması üçün NATO-nun razılığını iddia etsə də, digər mühüm bir məsələ Naxçıvanda Türkiyənin hərbi bazalarının yaradılmasına alyansın mütləq razılığı kimi əngəllər olmaması ilə bağlıdır. Türkiyə 1923-cü ilin mayında Rusiya ilə bağlanan Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin, ərazi bütövlüyünün təminatçısı və zəmanətçisdir. Bu zəmanətin reallaşdırılması hazırda aktual forma kəsb etməyə başlayıb. Söhbət bu ərazilərdə dislokasiya ediləcək hərbi bazaların yaradılmasından gedir. Zənnimcə, artıq bunun vaxtı yetişib və Ərdoğanın Bakıya səfərində bu məsələ gündəmə gələ bilər. Rusiyanın Ermənistanla birgə qoşun kontingentini formalaşdırması regionda ciddi gəlişmələrdir. Azərbaycan və Türkiyə də adekvat tədbirlər hazırlamalıdır. Bu, birgə hərbi münasibətlər müdafiə xarakteri daşıyır və üçüncü dövlətə qarşı yönəlməyəcək. Hər halda Naxçıvanın müdafiəsi ilə bağlı görüləcək tədbirlərin böyük bir hissəsi mütləq Türkiyə tərəfindən yerinə yetirilməlidir”.
Politoloq Türkiyə prezidentinin Bakıya səfərində viza problemi ilə bağlı danışıqların aparılacağını da deyib:
“Güman edirəm ki, tərəflər bütövlükdə viza sisteminin götürülməsinə hazır vəziyyətdədir. Ümumiyyətlə, Bakı və Ankara arasında strateji münasibətlərin səviyyəsini yüksəltmək və ikitərəfli siyasi əlaqələri dərinləşdirmək üçün çox münasib siyasi mühit formalaşıb. Ərdoğanın budəfəki səfəri daha məzmunlu və nəticəli, hətta iki dövlətin rifahı naminə yeni sazişlərin imzalanması ilə müşayiət olunacaq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11-i Azərbaycana gələcək.