Hindistan Rusiyadan müdafiə texnikası sifarişlərini kəskin şəkildə azaldıb və indi daha çox Qərb təchizatçılarından alır.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Bildirilib ki, Hindistan silahlarının yalnız 36%-i ötən il Rusiyadan gətirilib, 2009-cu ildə isə bu rəqəm 76% olub. Bu, ənənəvi olaraq Rusiyadan silah tədarük edən ölkə üçün əhəmiyyətli siyasi dəyişiklikdir.
Yüksək rütbəli Hindistan rəsmilərinin dediyinə görə, Hindistan və Rusiyanın birgə helikopter və qabaqcıl döyüş təyyarələri hazırlamaq və istehsal etmək planları daha əvvəl dayandırılıb.
Bundan əlavə, Hindistan heyətinə təlim keçmək üçün Rusiyadan sualtı qayığın icarəyə götürülməsi təklifinin də həyata keçirilməyəcəyi ehtimal edilir, çünki Dehli artıq öz gəmilərini inşa edir.