ABŞ administrasiyası Senatın yanvarın ortalarına kimi müzakirə etmək niyyətində olduğu Şimal Axını-2 qaz kəməri ilə bağlı yeni sanksiyaların əleyhinədir.
Axar.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
"Təəssüf ki, bu sanksiya qərarı, bizim qiymətləndirməmizə görə, Rusiyanın gələcək təcavüzünə qarşı mübarizədə və ya Ukraynanın müdafiəsində əsl irəliləyiş olmayacaq.
Biz narahatıq ki, bu qanun qəbul olunarsa, Rusiya təhdidlərinə vahid cəbhə ilə cavab verməli olduğumuz və administrasiyanın Konqres və AB ilə sanksiyalar paketi üzərində işlədiyi kritik məqamda avropalı tərəfdaşlarımız arasında birliyi pozacaq", - o bildirib.
ABŞ Ukrayna böhranında təşəbbüsü ələ almaq imkanını itirdi, Rusiya isə indi güc yolu ilə danışmağa qadirdir.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yazıb.
Bildirilib ki, Moskva ilə Kiyev arasında hərbi konflikt mümkün deyil, çünki Rusiya öz təhlükəsizliyinə köklənib, təsir dairəsini genişləndirməyə deyil:
“Putin Ukraynaya maraq göstərmir, o, NATO-nun şərqə genişlənmə bağlı Qərbin iddialarını həll etmək niyyətindədir. Bu mənada Putin razılaşmaq istəyə bilər”, - deyə məqalədə bildirilir.
Koronavirus pandemiyası başlayandan bəri dünya üzrə növbəti ən yüksək həftəlik yoluxma halı qeydə alınıb və həftəlik yoluxmaların sayı 9,5 milyona çatıb.
Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumatda bildirilir ki, 27 dekabr 2021 – 2 yanvar 2022-ci ili əhatə edən həftə ərzində yoluxmalar öncəki həftə ilə müqayisədə 71 faiz artıb və real göstəricilər rəsmi statistikadan daha yüksək ola bilər. Yeni il günlərində isə dünya üzrə koronavirusla əlaqədar ölənlərin sayı 41 min nəfər olub.
Ankara Qazaxıstanda vəziyyətin sabitləşməsinə töhfə verməyə hazırdır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım bildirib.
“Ümid edirik ki, Qazaxıstanda bu günlərdə baş verənlər bu ölkədə sülh və sabitliyə zərər verməyəcək. Qardaş Qazaxıstanla həmrəy olduğumuzu bildirmək istəyirik. Hadisələr nəticəsində ölənlərə Allahdan rəhmət, yaralananlara isə şəfalar diləyirik”, - deyə Yıldırım Tvitter səhifəsində yazıb.
BMT Qazaxıstanda zorakılıqdan çəkinməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb.
"Qazaxıstanda nümayişlər dinc xarakter daşımalıdır", - deyə bildirilib.
Məlumata görə, BMT nümayəndələri ölkədəki vəziyyətlə bağlı bir neçə dəfə Qazaxıstan hakimiyyəti ilə əlaqə saxlayıblar.
Çərşənbə günü, yanvarın 5-də Qazaxıstanın paytaxtından havaya qalxan "Embraer Legacy 650" (bort nömrəsi E32L) təyyarəsi Dubayda Əl Maktum Beynəlxalq Hava Limanında eniş edib. Uçuş məlumatları gizlədilib.
Daima dost və qardaş Qazaxıstanın yanındayıq. İnsan tələfatından dolayı dərindən kədərlənirik. Qazaxıstanın bu günləri geridə qoyması, sabit və güclü olmasını istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Tvitter səhifəsində yazıb.
“Qazaxıstan xalqı böyük xalqdır. Bu günləri sağlam düşüncə ilə geridə qoyacaq əzmə sahibdir. Qazaxıstanın normal axara qayıtması ən çox Türkiyəni sevindirəcək”, - deyə Çelik bildirib.
Rusiya müdafiə naziri Sergey Şoyqu və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“6 yanvar 2022-ci il tarixində Rusiya və ABŞ müdafiə nazirləri arasında telefon danışığı keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri, təhlükəsizlik problemlərini müzakirə ediblər”, - deyə bildirilib.
Hazırda bütün dünyada son iki ildə davam edən pandemiyanın iqtisadi sarsıntıları yaşanır. Ancaq iqtisadi vəziyyətin ağırlaşması Qazaxıstanda ictimai-siyasi sabitliyin gərginləşməsinə səbəb oldu və bəzi qüvvələr bundan məharətlə istifadə etdi.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyir. Ağarın sözlərinə görə, türk dünyası Qazaxıstandakı vəziyyətin normallaşması üçün müəyyən addımların atılmasına gecikdi:
“Qazaxıstanda zorakılıqla müşayiət olunan nümayişlərin keçirilməsi Rusiya üçün yaxşı fürsətə çevrildi. Ancaq bunun Rusiyanın bir taktikası olub-olmadığını, yaxud öz təbii axarı ilə istiqamətini dəyişdiyini Tokayevdən soruşmaq lazımdır. Türk dünyası Qazaxıstanda vəziyyətin stabilləşməsi üçün müəyyən təşəbbüslərlə çıxış edə bilərdi. Əfsuslar olsun ki, sözügedən istiqamətdə addımların atılmasında türk dünyası gecikdi. Doğrudur, Qazaxıstanın yanında olduğumuzla bağlı rəsmi açıqlama verildi, lakin gerçəklik odur ki, artıq KTMT hərbçiləri ordadır və bunun bir mənası var. Növbəti mərhələdə Qazaxıstan rəhbərliyinin sərgiləyəcəyi mövqe çox önəmlidir. Çünki sərgilənəcək mövqe həm Qazaxıstanın, həm də türk dünyasının gələcəyi baxımından ciddi təsirə malik olacaq. Rusiyanın özünün son dövrlərdə nümayiş etdirməyə başladığı strateji istiqaməti var. Qazaxıstandakı hadisələrdən sonra KTMT-nin prosesə müdaxiləsi sözügedən strateji çərçivədə bir “rus həmləsi”nə çevrildi”.
Türkiyəli ekspert qeyd edib ki, “Baş verən hadisələr Rusiyanın planıdırmı, yoxsa həqiqətən Qazaxıstanın milli təhlükəsizliyi böyük bir təhdidlə üz-üzədir” sualına cavab tapmaq lazımdır:
“İqtisadi tələblərlə başlayan nümayişlərin sonradan nəhəng bir böhrana çevrilməsini bəsit cümlələrlə ifadə etmək mümkün deyil. Bayaq dediyim kimi, reallıq odur ki, bəzi mərkəzlər və onların daxildəki əlaltıları vəziyyətdən istifadə etdi”.
Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat yayıb.