Azərbaycan Prezidenti İlham Əliye Türkiyənin İstanbul şəhərinə Azərbaycan baş konsulu təyin edib.
Bu barədə dövlət başçısı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva baş konsul təyin edilib.
Fərmana əsasən, HSŞ üzrə hesabatlılığın təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilib.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılıb ki:
HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirməli;
Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı toplanılmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etməlidir.
Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına tapşırılır, həmçinin, Azərbaycan Respublikasında hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilir ki, HSŞ üzrə hesabatlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi formada və müddətdə təqdim etsinlər.
“Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 529; 2019, № 5, maddə 829) ləğv edilir.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycan Respublikası Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmuş, hasilat sənayesində şəffaflıq (bundan sonra – HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəkləyib. Beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında lazımi tədbirlər həyata keçirilmiş və mütəmadi hesabatlar dərc edilib.
Son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standartlarda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilib.
Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkanlarını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumlarının fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır.
HSŞ sahəsində beynəlxalq standartların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək keçiriləcək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Bakıya gəlməsi münasibətilə təntənəli qarşılanma mərasimi olub.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.
Baş Prokurorluğun Mətbuat Xidmətinin yeni rəhbərinin təyinatı təsdiqlənib.
Bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Günay Səlimzadə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, ötən ay Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib, Günay Səlimzadəyə isə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası həvalə edilib.
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
AZƏRTAC-da yayımlanan təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.
Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.
Əziz bacı və qardaşlarım!
Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.
Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!”
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.
“Bu gün siz Təhsil naziri vəzifəsinə təyin olunursunuz. Sizə çox böyük etimad göstərilir. Bu etimadı siz öz işinizlə doğrultmalısınız. Siz gəncsiniz, sizin təyinatınız, eyni zamanda, gənclərə göstərilən etimadın növbəti təzahürüdür.
Bildiyiniz kimi, ölkəmizdə gəncləşmə siyasəti aparılır, gənclər çox önəmli vəzifələrə təyin edilir və hesab edirəm ki, hazırda Azərbaycanda idarəetmə sahəsində çox müsbət təcrübə əldə olunub. Yaşlı nəslin təcrübəsinin və gənc nəslin müasirliyinin, novatorluğunun sintezi ölkəmizin uğurlu inkişafına təsir göstərir. Gənc olmağınıza baxmayaraq, sizin təhsil sahəsində təcrübəniz var. Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmısınız. Bu günə qədər Təhsil İnstitutunun direktoru vəzifəsində işləyirsiniz. Ona görə əminəm ki, təhsil qarşısında duran problemlərlə bağlı sizin geniş fikriniz, məlumatınız var. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir.
Sonrakı illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, orada təhsilin səviyyəsi yüksəkdir. Təhsilin səviyyəsi, eyni zamanda, elmi-texniki tərəqqini də böyük dərəcədə şərtləndirir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir. Bizim sərhədlərimizi də, xalqımızın əmin-amanlığını da səngərdə düşmənlə üz-üzə olan döyüş məntəqələrində gənclərimiz ləyaqətlə qoruyub və qoruyur.
Təhsildə islahatlar dərinləşməlidir. Deyə bilərəm ki, təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib. Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki, təhsilin səviyyəsi müəllimlərim peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər.
Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən xərclər bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə yeni yanaşma tətbiq olunmuşdur - müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilmişdir. Bu diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılmışdır. Əlbəttə ki, bu, müəllimlər üçün əlavə bir stimul idi. Eyni zamanda, müəllim peşəsini seçənlərin də sayı buna uyğun şəkildə artdı və bu da məni çox sevindirir. Çünki, bir neçə il bundan əvvəl müəllim olmaq istəyənlərin sayı kifayət qədər az idi. Ancaq, son bir neçə ildə müəllim peşəsinə maraq artıb. Çünki müəllimlər indi daha yaxşı maaş alırlar. Onların cəmiyyətdə hörməti yüksək səviyyədədir. İndi onlar gözəl, təmir edilmiş, yenidən tikilmiş məktəblərdə, ali məktəblərdə çalışırlar. Mən hər il tədris ilinin ərəfəsində yeni tikilmiş və təmir edilmiş məktəblərə baş çəkirəm. Hər il bilik günündə də uşaqlarla, müəllimlərlə görüşürəm və qeyd edirəm ki, məktəb, eyni zamanda, müəllimin iş yeridir. Bu gün bu sahədə görülmüş işlər əlbəttə ki, müəllimləri həvəsləndirir. Ona görə, təhsilin səviyyəsinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır.
Təbii ki, dünyada gedən müsbət tendensiyalara daim fikir verilməlidir. İnkişaf etmiş ölkələrdə aparılan islahatlar dərindən təhlil edilməlidir və onların bizə uyğun olan hissəsi Azərbaycanda tətbiq olunmalıdır.
Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün xüsusi proqram qəbul edilmişdir. Bu proqram çərçivəsində minlərlə Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrin aparıcı ali məktəblərinə ezam edilmişdir. Onlardan biri də sizsiniz və siz bu proqramla əhatə olunmusunuz. Bildiyiniz kimi, biz bu proqramı Dövlət Neft Fondunun xətti ilə həyata keçirdik. Bu da rəmzi xarakter daşıyır. Biz bu proqramı dövlət büdcəsi hesabına həyata keçirə bilərdik, ancaq mən bunu məhz Dövlət Neft Fondunun xətti ilə keçirilməsinə qərar verəndə qeyd etmək istəyirdim ki, bu strateji əhəmiyyət daşıyır. Çünki bu günə qədər Dövlət Neft Fondunun xətti ilə həyata keçirilən layihələr strateji əhəmiyyətli layihələrdir. Onların arasında, ilk növbədə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması layihələridir. Böyük infrastruktur layihələri və bu proqram məhz bu xətlə icra edilib. Ona görə, bu proqram qəbul olunanda həm bu məsələ öz əksini tapdı, eyni zamanda, mənim yadımdadır, o vaxt bəzi hökumət üzvləri təklif edirdilər ki, bir halda, biz gəncləri dövlət hesabına xaricdə oxutdururuq, onların qarşısında şərt qoyulmalıdır ki, onlar təhsili başa vurandan sonra mütləq ölkəyə qayıtsınlar və məcburi qaydada 5-10 il ölkəmizdə işləsinlər.
Mən buna müsbət yanaşmadım. Yadımdadır, o vaxt mən dedim, biz bu işi görürük ki, ölkəmiz, xalqımız üçün gənc kadrlardan ibarət intellektual potensial yaradaq. Biz bunu edirik ki, gənclərimiz dünyanın aparıcı ali məktəblərində oxusunlar. Biz onları necə məcbur edə bilərik, onların qarşısına necə şərt qoya bilərik? Biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, onlar özləri qayıtsınlar. Çünki Azərbaycan vətəndaşları, onların mütləq əksəriyyəti öz Vətəninə, torpağına bağlı olan insanlardır. Siz də bunun şahidisiniz, o vaxt heç bir şərt qoyulmadan biz gəncləri xaricə ezam etdik, oxutdurduq. Hətta demişdim ki, onların bəziləri ölkəmizə qayıtmasa belə, yenə də onlar Azərbaycan torpağının övladlarıdır. Əgər onların istənilən ölkədə yaşaması onları qane edirsə, onlar orada da Azərbaycanla öz əlaqələrini kəsməyəcəklər. Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Buna görə, bu müsbət təcrübə öz bəhrəsini verdi və siz bu proqram xətti ilə xaricdə təhsil almış insan kimi bunu görürsünüz. Siz qayıtdınız, burada çalışdınız, gənc olmağınıza baxmayaraq, sizə böyük vəzifələr etibar edilmişdir və bu gün siz nazir vəzifəsinə təyin olunursunuz.
Bununla paralel olaraq, o vaxt növbəti bir təşəbbüs irəli sürüldü. Aparıcı xarici ali məktəblərin Azərbaycanda filiallarının yaradılması məsələsi gündəliyə salınmışdı. Artıq qısa müddət ərzində Azərbaycanda 3 xarici ali məktəbin filialı fəaliyyət göstərir. Hesab edirəm ki, onların sayı daha da çox ola bilər və bu məsələlərlə siz bilavasitə məşğul olacaqsınız.
Bir məsələni də qeyd etmək istərdim. Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə, xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz. Bizim iqtisadi və sənaye inkişafımız planlı şəkildə həyata keçirilir. Həm dövlət siyasəti aparılır, eyni zamanda, dövlətin dəstəyi ilə yaradılmış şərait nəticəsində özəl sektor böyük investisiyalar qoyur və hansı sahələrə bu sərmayə qoyulur, bunu da hər kəs bilir. Bundan sonra bizə hansı peşələr lazım olacaq? Biz bunu da bilirik. Ona görə, bizim təhsilimizin əsas istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Bir daha demək istəyirəm ki, siz, bu işləri gərək aidiyyəti qurumlarla düzgün təhlil edib konkret təkliflər verəsiniz.
Digər vacib məsələ. Hesab edirəm, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə daha fəal məşğul olaq. Bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxıb və olmayacaq. Ona görə, buna da daim fikir verməlisiniz. O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər. Çünki, Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşəcəyik.
Biz imkan verə bilmərik ki, Azərbaycanda işsizlik sürətlə artsın, baxmayaraq ki, pandemiya şəraitində bütün ölkələrdə işsizlik artır. Biz elə etməliyik ki, Azərbaycanda vətəndaşlar işlə təmin edilsinlər. Ona görə, xüsusi əhəmiyyət daşıyan bu məsələyə Təhsil Nazirliyi aidiyyəti qurumlarla birlikdə mütləq böyük diqqət yetirməlidir, konkret təkliflər hazırlayıb təqdim etməlidir və cəmiyyətdə bu məsələ ilə bağlı maarifləndirmə aparılmalıdır. Müxtəlif tədbirlər diskussiyalar, müzakirələr, keçirilməlidir, vətəndaşlara bu haqda məlumat verilməlidir ki, onlar özlərini və yaxud da, öz övladlarını yeni dövrə uyğun hazırlayıb onlara düzgün tövsiyələr versinlər.
Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır. Son illərdə bəzi xarici tərəfdaşlarla Azərbaycanda bir neçə peşə məktəbi açılıbdır və bu peşə məktəblərinə orta məktəbdə yaxşı oxuyan uşaqlar da üz tuturlar. Bunu həvəsləndirmək vacibdir, çünki bizə peşəkar kadrlar lazımdır.
Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir. Bunun nəticəsində bizim son illər ərzində yaradılmış bir çox müasir müəssisələrdə xarici mütəxəssislər bütün rəhbər orqanlarda təmsil olunurlar. Mən buna normal baxıram, burada problem görmürəm. Bu, bütün dünyada belədir və peşəkar kadrların miqrasiyası təbii prosesdir. Amma mən çox istərdim ki, bizim kadrlarımız da yetişsin və həm Azərbaycanda, həm də başqa ölkələrdə azərbaycanlı kadrlar yüksək vəzifələrdə işləsinlər. Ona görə, peşə məktəblərinin bu sahədə çox böyük əhəmiyyəti var. Əlbəttə ki, burada da, ilk növbədə, ümumi inkişaf meyilləri nəzərə alınmalıdır, hansı peşələr bizə nə vaxt lazım olacaq. Misal üçün, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafının sürəti çox yüksəkdir və bilirəm ki, bu sahəyə maraq artır. Ona görə, bu sahə üzrə peşə məktəbləri olmalıdır. Turizm, menecment sahələrinin, texniki peşələrin müasir standartlara cavab verməsi üçün addımlar atılmalıdır. Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır.
Bir neçə ölkədən ilkin təkliflər də irəli sürüldü. Artıq bizim təcrübəmiz var. Biz bunu adətən bu formada edirik ki, misal üçün, Azərbaycan tərəfi bütün texniki məsələləri və maliyyə məsələlərini öz üzərinə götürür. Xarici tərəfdaş isə sadəcə olaraq, tədris proqramlarını, texnologiyaları və müasir standartları ölkəmizə idxal edir.
Əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir. Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlərboyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq, bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə, bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma, buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir.
Mən bir daha demək istəyirəm ki, sizə bu gün böyük etimad göstərilir. Siz öz işinizlə bu etimadı doğrultmalısınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram”.
Nazir Emin Əmrullayev deyib:
Möhtərəm cənab Prezident. Mən, ilk növbədə, Sizə təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də bu, böyük etimaddır. Eyni zamanda, böyük məsuliyyətdir. Qeyd etdiyiniz kimi, Sizin rəhbərliyinizlə son dövrdə təhsil sahəsində həqiqətən də, müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər istər şagirdlərin nailiyyətlərində, istərsə də bizim beynəlxalq reytinqlərdə əksini tapıb. Ən sevindirici hal ondan ibarətdir ki, bir çox dəyişənlər, yəni bir çox indikatorlar Təhsil Nazirliyi və yaxud da Azərbaycan hökuməti tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar və yaxud beynəlxalq olimpiadalarda şagirdlərimizin nailiyyətləri əsasında müşahidə edilir.
Siz də qeyd etdiyiniz kimi, təhsil sahəsi hazırda bir çox uğurlar əldə etmişdir. Siz bu uğurların bir qismini sadaladınız. O cümlədən də mən qeyd etmək istəyərdim ki, bu vektorun, bu müsbət istiqamətin davamlılığını təmin etmək qarşıda duran ən vacib məqsədlərimizdəndir. Eyni zamanda, Siz dövlət proqramını qeyd etdiniz. Mən fürsətdən istifadə edib, bir vətəndaş kimi, istərdim, ilk növbədə, Sizə minnətdarlığımı bildirim. Çünki bu proqram həm mənim, həm də minlərlə Azərbaycan gəncinin həyatını dəyişən bir proqramdır. Sizin bu təşəbbüsünüz həqiqi mənada bir çox insanın həyatını yaxşıya doğru dəyişmişdir. Çünki Siz də qeyd etdiniz ki, bu proqram xaricə oxumağa gedəndə vətəndaşdan hər hansı öhdəlik tələb etmirdi. Bu, daha çox mənəvi öhdəlik idi, nəinki maddi və ya hansısa hüquqi. Düşünürəm ki, hazırda proqram məzunlarının demək olar ki, böyük əksəriyyəti Azərbaycandadır və həmin investisiyanı geri qaytarmaq vaxtıdır. Yaxud, belə deyək, bunu davamlı olaraq etmək hər bir proqram məzununun mənəvi borcudur.
Sadaladığınız istiqamətlər üzrə müvafiq işlərin görülməsi təbii ki, qarşıda duran məsələdir. Təhsilin keyfiyyətinin artırılması və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə edilməsi, o cümlədən də dövlət vəsaitinin, təhsilə ayrılan investisiyanın səmərəli istifadə olunması, düşünürəm ki, təhsildə qısa zamanda uğurların davamını gətirməyə imkan verəcək.
Sizə, bir daha dərin minnətdarlığımı bildirirəm və qarşıya qoyulan vəzifələrin həlli üçün əlimdən gələni edəcəyimə söz verirəm. Sizə minnətdaram, təşəkkür edirəm.
Prezident İlham Əliyev: Sağ olun, sizə uğurlar arzulayıram.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, birgə təlimlərdə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.
Prezident İlham Əliyev Emin Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Emin Eldar oğlu Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilsin".
Nazirlər Kabinetində kadr dəyişikliyi olub.
Bu barədə Baş nazir Əli Əsədov əmr imzalayıb.
Əmrə əsasən, Anar Məmmədov NK-nin Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Dünyanın dörd tərəfində azərbaycanlılarla ermənilər arasında gərginlik yaşanır. Bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Bəzən bu fikirlər bir-birinə daban-dabana zidd olur.
Hesab edirik ki, bu gərginlik bizim xeyrimizədir. Niyə? Çünki hazırda dünyanın bütün agentlikləri, bütün dünya bu qarşıdurmadan danışır, yazır, göstərir. Bu məsələyə dünya miqyasında maraq yaranıb.
Təbii ki, ortaya suallar çıxır. Araşdırıldıqda isə məlum olur ki, ermənilər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal edib. İşğal faktı az qala bütün yazılarda qırmızı xətlə keçir. Mən ingilis və alman dillərində bu məsələ ilə bağlı gedən yazıları izləməyə çalışıram.
Bəli, Qərb mətbuatında ermənilərə simpatiya var. Ancaq Qərb mətbuatı həqiqətə arxa çevirə bilməz. Ona görə də istər-istəməz hadisənin kökündə erməni separatizminin dayandığı qeyd olunur. Avropada isə separatçıları sevmirlər. Çünki Avropa dövlətlərinin də separatçılarla ciddi problemləri var.
Məsələn, Almaniyanın həftəlik qəzeti olan “Die Zeit” qəzetini götürək. “Stolpernd in den Krieg?” (Müharibəyə tuş gəlmək?) adlı məqaləsində deyilir: “Dağlıq Qarabağ bölgəsi beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur, lakin həmin ərazidə tarixən ermənilər məskunlaşıb”. Bu məsələdə ən önəmli məqam həmin ərazinin beynəlxalq hüquqa görə kimə məxsus olmasıdır. Bu mövzuya toxunanlar bir qayda olaraq beynəlxalq hüquqa görə Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını vurğulamaq zorundadır.
“Die Zeit” qəzeti daha sonra yazır: “Ermənistanda 2019-cu ildə keçirilmiş son sorğu göstərdi ki, münaqişənin sülh yolu ilə həll olunacağına olan ümid durmadan azalır.
Azərbaycanda parlamenti ələ keçirən nümayişçilər isə hökumətin Dağlıq Qarabağı geri almaq üçün müharibəyə başlamasını tələb edirdilər. Azərbaycanın müdafiə naziri Ermənistandakı atom elektrik stansiyasını atəşə tutacağını və nüvə fəlakətinin baş verəcəyini bildirərək erməni tərəfini hədələyib”.
Gördüyünüz kimi, nə Ermənistanda, nə də Azərbaycanda xalq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına inanmır. Bu isə o deməkdir ki, müharibənin başlaması sadəcə zaman məsələsidir.
“Die Zeit” nədənsə Metsamor atom elektrik stansiyasının partladılması ilə bağlı səslənmiş fikri Azərbaycan müdafiə nazirinin ayağına yazır. Halbuki bu bəyanat Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlıya məxsusdur.
O, belə demişdi: “Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun arsenalında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.
Bu fikir ona görə səsləndirilib ki, Ermənistan tərəfi müharibə başlayacağı təqdirdə Mingəçevir Su Anbarını partlatmaqla hədələyib. Nədənsə Almaniya nəşri Azərbaycan tərəfindən səslənən hədənin Ermənistan tərəfindən səslənən hədəyə cavab olduğunun üstündən sükutla keçib. Mən əminəm ki, bunu bilərəkdən edirlər. Çalışırlar ki, erməniləri mümkün qədər müsbət obrazda təqdim etsinlər.
Bir məqamı da vurğulayım ki, Almaniya qəzetləri də digər Qərb media orqanları kimi bu davanı həm də müsəlman-xristian müharibəsi kimi xarakterizə edirlər. Ona da diqqət edilir ki, Ermənistanın arxasında Rusiya, Azərbaycanın arxasında isə Türkiyə dayanıb. Düzdür, bəzi məqalələrdə o da qeyd olunur ki, Ermənistanla müqayisədə Azərbaycan daha çox Qərbin yanındadır. Ermənistan isə Rusiyaya bağlıdır. Bu məqam daha çox ABŞ və İsrail mətbuatında qabardılır.
Ermənistan və Azərbaycan tərəfindən səslənən hədələr məsələsi də qızğın müzakirələrə səbəb olur. Bir çox ekspert Vaqif Dərgahlının bəyanatını yanlış təqdim edir. Yeri gəlmişkən, bu bəyanat Qərbdə geniş rezonans doğurdu. Xatırladım ki, bu kimi bəyanatlar hər iki tərəfdən əvvəllər də səsləndirilib. Ancaq Qərb mətbuatı belə dərinliklərə gedə bilmir. Ən yaxşı halda “Die Zeit” kimi Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qarabağ münaqişəsi üzrə mütəxəssis kimi tanınan Tomas de Vaala üz tuturlar. Qeyd edirlər ki, o, uzun illərdir ki, Azərbaycanla Ermənistan arasında gərginliyin artdığınından bəhs edir. Ancaq onun səsini eşidən yoxdur.
Şübhəsiz ki, su tutumu baxımından Avropa miqyaslı strateji obyekt sayılan Mingəçevir su anbarı sərəncamında ən müasir silahlar olan Hava Hücumundan Müdafiə qoşunlarımızın qoruması altındadır. Ermənistanın belə bir obyekti vurması o qədər də asan məsələ deyil. Ancaq ermənilər elə ilk fürsətdə bizi su anbarını partlatmaqla hədələyirlər. Özü də qeyd etdiyim kimi bu, təzə söhbət deyil.
Ermənistanın eks-prezidenti Serj Sarkisyanın “Raketlərlə bütün Azərbaycanı Ağdama çevirəcəyik” bəyanatı yadınızdadırmı? S. Sarkisyanın Azərbaycanı “İskəndər” raketləri ilə hədələdikdə azərbaycanlı ekspertlərdən biri “Metsamor”a bir raket atsaq, Ermənistanda 150 il həyat olmaz”, demişdi. Bu kimi bəyanatlar 2017-ci ilin aprelində ciddi müzakirə mövzusu idi.
Son günlərdə Avropada keçirilən mitinqlərdə kürəyində “ASALA” yazılmış köynəklər geyinən erməni gənclərini də gördük. Türkiyə millətçilərinin təzyiqi altında fəaliyyətini dondurmaq məcburiyyətində qalmış ASALA-nın yeni simpatizanlarının “Bakı nəzərə alsın ki, 20 yanvar ASALA-nın ad günüdür”, hədəsini də tarix unutmayıb.
Orasını da deyək ki, aprel döyüşlərində rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan “müharibə başlayacağı təqdirdə Mingəçevir su anbarını” partladacaqlarını, nəticədə Azərbaycan ərazisinin üçdə iki hissəsi su altında qalacağını bildirmişdi.
Biz xalq və dövlət olaraq Qarabağı terrorçulardan təmizləmək üçün müharibəyə hazır olmalıyıq. Bu münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışmışıq. Elə bu məqsədlə də az qala 30 ildir ki, danışıqlara ciddi maraq göstərmişik. Ancaq kompromisə hazır olmayan Ermənistanla anlaşmaq mümkün deyil. Danışıqlar üçün ayrılmış zaman limiti isə çoxdan başa çatıb. Müharibə isə siyasi hədəflərə çatmağın başqa bir yoludur. Hədəf isə bəllidir: Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır və heç bir hədə bizi bu yoldan döndərə bilməz… /musavat,com/