Novruz Məmmədov aparata göstərişlər verdi

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qaldırılan məsələlərlə əlaqədar Baş Nazir Novruz Məmmədovun yanında Nazirlər Kabineti Aparatının iclası keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, N. Məmmədov 2019-cu ilin birinci rübündə ölkəmizin əldə etdiyi uğurlu nəticələrdən, aparılan iqtisadi islahatlardan, yeniliklərdən bəhs edib və müşavirə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi istiqamət və hədəflərin hökumət üçün əsas meyar olduğunu bildirib. Baş Nazir bu müddət ərzində aparılan ciddi sosial əhəmiyyətli islahatların, verilən qərarların Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qarşılandığını, ölkəmizin həm regional, həm də dünya miqyasında reytinqinin daha da yüksəlməsinə səbəb olduğunu vurğulayıb. Xüsusən də, Dövlət başçısının əhalinin aztəminatlı hissəsinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, məcburi köçkünlərin sosial problemlərini daim diqqətdə saxlaması Nazirlər Kabineti üçün də prioritet məsələlərdən biridir. Bununla yanaşı, vergi və gömrük sahələrində institusional dəyişikliklər, şəffaflıq və sağlamlaşdırma tədbirləri də müsbət dəyişikliklərlə nəticələnib. Ölkədə bütün iqtisadi göstəricilər üzrə davamlı inkişaf müşahidə olunur, icra edilən böyük investisiya və infrastruktur layihələri iqtisadiyyata öz töhfəsini verir. Bu rüb ərzində Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodunun istifadəyə verilməsi, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi, o cümlədən ölkədə aqrar sahənin şaxələndirilməsi və dayanıqlı inkişaf istiqamətində atılan addımlar Dövlət başçısının apardığı məqsədyönlü siyasətin əməli nəticələridir. 

Yekunda sosial-iqtisadi inkişafın nəticələrinə dair ətraflı fikir mübadiləsi aparıldıqdan sonra, Baş Nazir Novruz Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı Nazirlər Kabineti Aparatının aidiyyəti şöbələrinə müvafiq göstərişlər verib.

Xələf Xələfov yenidən nazir müavini oldu

Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki,  dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

Zakir Həsənov NATO ilə əməkdaşlıqdan danışdı















"2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib".
Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

Onun sözlərinə görə, hazırda NATO qərargahlarında Azərbaycanın 8 zabiti xidmət edir: "Bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir. Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir.

"NATO ilə tərəfdaşlığımızın 25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda qazandığımız nailiyyətlərimizin təcəssümüdür. Bu uğur Azərbaycanın 25 il əvvəl çətin bir zaman kəsiyində qərar verdiyi istiqamətlər üzrə həyata keçirdiyi kompleks fəaliyyətlərin nəticəsidir".

Nazir xatırladıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin may ayının 4-də Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə Azərbaycan SNT proqramına qoşulub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu proqram NATO ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında səmərəli hərbi əməkdaşlığın və uyarlığın təmin olunmasında ən uğurlu mexanizmlərdən biri kimi özünü doğruldub.

Onun sözlərinə görə, NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının əsas prioritet istiqamətlərindən biridir: "Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avro-Atlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir. Azərbaycan üzləşdiyi çağırışlara baxmayaraq, ilk günlərdən etibarən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib".

Z.Həsənov bildirib ki, qloballaşan dünyada hər bir böhran və ya münaqişə digər ölkələrə təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan Avro-Atlantik məkanda sülhə və təhlükəsizliyə nail olmaq üçün NATO ilə əməkdaşlıq edir və bundan sonra da edəcəkdir: "Biz bunu yaxşı çox yaxşı dərk edirik. Təsadüfi deyil ki, Azərbaycan Planlaşdırma və Analiz Prosesinə qoşulan ilk ölkələrdən biridir. Praktiki əməkdaşlığın təməlini təşkil edən bu mexanizm müasir ordu quruculuğunun əsaslarına söykənən müdafiə islahatlarının həyata keçirilməsinə, zəruri əməliyyat uyarlığının təmin edilməsinə və Silahlı Qüvvələrin transformasiyasına töhfə verir". 

Müdafiə naziri xüsusi ilə qeyd edib ki, Azərbaycan Ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir: "Azərbaycan Ordusu 2004-cü ildə proqrama bir bölüklə qoşulmuş, bu gün isə bütün qoşun növlərindən olan bölmələr bu proqrama cəlb edilmişdir. Hərbçilərimiz qazandıqları təcrübə ilə təkcə respublika daxilində deyil, həm də digər tərəfdaş ölkələrlə bölüşərək proqramın inkişafına töhfə verirlər. Təbii ki, hərbi sahədə müvəffəqiyyətə nail olunması əməliyyat uyarlığı səviyyəsi ilə düz mütənasibdir. Lakin dayanıqlı tərəfdaşlığın əldə edilməsi insan uyarlığının və həmfikirliyin əldə olunması ilə bağlı olan danılmaz bir faktdır. Bu kontekstdə mən NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramını xüsusi ilə qeyd etmək istərdim".

"Bizim NATO ilə substantiv əməkdaşlığımız Alyansın təhsil və təlim standartlarının peşəkar hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə edir. On ildən artıqdır ki, Azərbaycan NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi” proqramı çərçivəsində yeni çağırışlara, mürəkkəb və dinamik strateji mühitdə bütün növ təhdidlərə cavab verə biləcək liderlərin hazırlanmasını həyata keçirir.
NATO-nun müxtəlif əməkdaşlıq proqramları müsbət dəyişikliklər istiqamətində təsirli vasitə kimi özünü göstərir. Düşünürük ki, Avro-Atlantik məkanının ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin apardıqları daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın, eləcə də bütün regionun müdafiə və təhlükəsizlik sahəsində islahatlar üçün çərçivənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır və regional, o cümlədən Avro-Atlantik məkanın təhlükəsizliyini möhkəmləndirir", - general-polkovnik Zakir Həsənov vurğulayıb.

O deyib: "Qeyd etmək lazımdır ki, üzvlərinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinin qorunması baxımından Alyansın tarixi müvəffəqiyyətləri, SNT ölkələri də daxil olmaqla müxtəlif tərəfdaş dövlətlərin NATO ilə əməkdaşlığının başlıca amillərindən biridir. Alyans təkcə bu prinsipləri dəstəkləməklə kifayətlənmir, həm də Avro-Atlantik təhlükəsizliyin əsası kimi onları siyasi cəhətdən müdafiə edir. Bu kontekstdə Cənubi Qafqazdakı münaqişələrin həll edilməsi istiqamətində NATO-nun nümayiş etdirdiyi qəti mövqe təqdirəlayiqdir. Azərbaycan da ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə NATO-ya minnətdardır".

"Avropa ilə Asiya arasında yerləşən Cənubi Qafqaz, xüsusilə Azərbaycan qlobal enerji bazarında mühüm rol oynayır. Cənubi Qafqaz Avropanın enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli bir regiondur. Bölgədəki həll olunmamış münaqişələrin mövcudluğu Avropanın təkcə enerji təhlükəsizliyinə deyil, həmçinin sabitliyinə də böyük təhdid təşkil edir. Bu baxımdan, münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Nizamnaməsinin tələblərinə uyğun həll edilməsi beynəlxalq ictimaiyyətin marağındadır.

Ölkəmiz hər zaman sülh ideyalarına sadiqliyini nümayiş etdirir və müvafiq siyasəti həyata keçirməklə regional və qlobal miqyasda sabitliyin saxlanılmasını hər vəchlə dəstəkləyir. 25 illik çoxşaxəli əməkdaşlığımız, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə verdiyimiz töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyimiz uğurlu layihələr müvəffəqiyyətli tərəfdaşlığımızın təzahürüdür. İnanıram ki, bu günədək əməkdaşlıqda qazanılmış nailiyyətlər gələcək uğurlarımızın carçısıdır.

Əminəm ki, biz bu strateji əhəmiyyətli tərəfdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik",- nazir bildirib. 

"Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq.

Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir", -deyə Müdafiə naziri əlavə edib.
Milli Məclisin növbəti iclası başladı















Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.
İclasın gündəliyinə 22 məsələ daxil edilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Eyni zamanda gündəliyə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Əmək pensiyaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziya və icazələr haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Aviasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Aqrar sığorta haqqında” və s. qanun layihələrinə, o cümlədən Mülki Məcəllə, Mülki Prossesual Məcəllə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə ediləcək.
Tağı Əhmədov Eldar Mahmudovdan 3 milyonunu istəyir















Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmədə zərərçəkmiş kimi tanınan Bakı Metropoliteninin sabiq rəisindən necə pul alıblar?

Mayın 1-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

V.Mahmudovun vəkili vəsatətlə çıxış edərək müvəkkili barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Bu iş üzrə zərərçəkmişlərdən biri də “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur.

2015-ci ildə “MTN işi” başladılandan sonra bir çox sahibkarlar, iş adamları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə axışdılar. Məlum oldu ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 illik rəhbərliyi dövründə dövlətin gücündən istifadə etməklə hətta bəzi məmurlardan da xərac toplanılıb. “Mahmudovçu”ların cənginə düşən vəzifə sahiblərindən biri də o dövrdə “Bakı Metropoliteni” QSC-nin rəisi olan, hazırda YAP-ın Yasamal təşkilatının sədri vəzifəsini tutan Tağı Əhmədov olub.

Tağı Əhmədov bu məsələ ortaya çıxandan sonra əvvəlcə təkzib etməyə çalışdı, sonradan isə ondan 3 milyon manat alındığını dedi. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə verdiyi ifadəsində Tağı Əhmədov bildirib ki, Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunduqdan sonra, 2014-cü ilin yaz aylarında əvvəldən tanıdığı Rəsul adlı MTN əməkdaşı ona zəng vurub. “Hüseyn Cavid bağına çağırdı. Görüşdük. Rəsul Akif Çovdarovun məndən nazirliyə çoxsaylı şikayət ərizələrinin daxil olduğunu dedi. Bu şikayətlərin qarşısını almaq, mənim xeyrimə həll etmək üçün müəyyən məbləğdə pul istədiyini bildirdi. Ancaq konkret məbləğ söyləmədi. Rəsula heç kimə hər hansı məbləğdə pul verməyəcəyimi dedim”.

Tağı Əhmədov ifadəsində Akif Çovdarovun qanunsuz hərəkətləri barədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məlumat vermək məqsədilə onun iş telefonuna bir neçə dəfə zəng etdiyini və köməkçisi Vüqar Mahmudovla danışdığını bildirib: “Özümü Vüqar Mahmudova təqdim etdim, nazirlə danışmaq istədiyimi dedim. Vüqar Mahmudov nazirin məşğul olduğunu söylədi. 5-6 dəfə zəng vurduqdan sonra Vüqar bildirdi ki, nazirlə danışmaq istədiyimi Eldar Mahmudova çatdırıb, nazir də bu məsələni Akif Çovdarova tapşırıb, məsələmi onunla həll etməli olduğumu söyləyib. Bundan sonra Akif Çovdarovun məndən istədiyi puldan Eldar Mahmudovun da xəbəri olduğunu yəqin etdim. Bir neçə gün sonra Rəsulla yenə Hüseyn Cavid parkında görüşdüm. Rəsul Akif Çovdarovun həmin vaxt Xətai Rayon Məhkəməsində hakim vəzifəsində işləyən oğlum Rauf Əhmədovu yanına çağırmaq istədiyini bildirdi. Ürək xəstəsi olan oğlumun səhhətindən narahat olduğum üçün Akif Çovdarovun məndən nə qədər pul istədiyini soruşdum. Rəsul Akif Çovdarovun 3-5 milyon manat arasında pul istədiyini dedi. Ona 3 milyon manat verə biləcəyimi söylədim. Rəsuldan ayrıldıqdan sonra evimdə olan 44 illik əmək fəaliyyətim nəticəsində yığdığım həmin məbləğdə pulu düzəltdim. Rəsul pulu aprel ayının əvvəllərində, səhər tezdən 20 saylı orta məktəbin yaxınlığında cip markalı avtomaşında Akif Çovdarovun şəxsən özünə vermək lazım olduğunu dedi. Akif Çovdarovla görüşmək istəmədiyimdən pulu qardaşım oğlu Əli Əhmədov və oğlum Ruslanın çatdıracağını dedim. Akif Çovdarova vermək üçün hazırladığım 3 milyon manatın 1 milyon 200 mini ABŞ dolları, 1 milyon 500 mini avro, 300 min isə manat əsginaslarında idi. Pulların hamısı birgə 3 milyona bərabər idi. Rəsulla danışandan sonra həmin pulları oğlum Ruslana verdim. Pulu Akif Çovdarova şəxsən veriblər. Pulu verəndən sonra Akif Çovdarov və digərləri ilə hər hansı bir əlaqəm, təmasım olmayıb”.

Tağı Əhmədov bildirib ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Rəsula zəng edib və Akif Çovdarovun ondan aldığı pulu qaytarmasını tələb edib: “Rəsul sözlərimi çatdıracağını dedi. Bir müddət sonra cavab verdi ki, Akif Çovdarov heç bir pul almadığını deyir”.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılır. Tağı Əhmədov mayın 1-nə təyin edilən hazırlıq iclasına qatılmayıb.

Tağı Əhmədovun ittiham etdiyi Akif Çovdarov hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, özünün məhkəməsində Tağı Əhmədovdan 3 milyon almasını inkar edib. Həbsdəki general Tağı Əhmədovun əmlaklarını da sadalamışdı. Onun metropolitendə mənimsənilən, büdcədən yayındırılan pullarla alınan mal-mülklərinin də müəyyən edildiyini açıqlamışdı.

A.Çovdarov bildirib ki, Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlanıb.

Sitat: “Təkcə ”Texnikabank”da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb offşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi”.

A.Çovdarovun açıqladığı çox incə məqamlardan biri də metrostansiyalarda quraşdırılan turniketlərin T.Əhmədovun maraqlarına uyğunlaşdırılması ilə bağlıdır. A.Çovdarovun dediklərindən bəlli olub ki, turniketlərdə quraşdırılan mikrosxemlərə elə bir dəyişiklik edilib ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və hər qeydə alınmayan jetonun pulu Tağı Əhmədovun cibinə gedirmiş.

T.Əhmədovun məhkəmədə nələr deyəcəyi maraq doğurur.
Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər – səbəb















Ekspertlər hesab edir ki, Moskva israr edərsə, bu dəfə əsir və girovların azad olunması məsələsində vəziyyət dəyişə bilər

Əsir və girovların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlir. Xəbər verildiyi kimi, bu dəfə məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirilib. Xatırladaq ki, rəsmi Bakı bir neçə dəfə Ermənistanı əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırıb. Ən son olaraq ötən ilin noyabrında Azərbaycan belə bir təklif irəli sürmüşdü.

Ekspertlər hesab edir ki, Moskva israr edərsə, bu dəfə əsir və girovların azad olunması məsələsində vəziyyət dəyişə bilər. Ola bilsin, Paşinyan da Moskvadan elə bu xahişi gözləyir ki, həm Kremlə xoş gəlib öz yerini yaxşı eləsin, həm də daxili auditoriya qarşısında öz sifətini saxlasın və siyasi opponentləri sakitləşdirərək bəyan eləsin ki, “ortada Kremlin iradəsi var, Moskva israra elədi, biz də razı olduq”. Azərbaycan və Ermənistan rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bu ilin martında Vyanada keçirilən ilk rəsmi görüşündə də humanitar məsələlər, o cümlədən əsr və girovların dəyişdirilməsi diqqət mərkəzində olub.

Bəs Kreml səmimi şəkildə istəsə, Lavrovun dediyi kimi, Bakının zaman-zaman irəli sürdüyü, əsir və girovların “hamını hamıya” prinsipi üzrə dəyişdirilməsi reallaşa bilərmi?

Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər – səbəb


Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun həmsədri, konfliktoloq Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, Bakının “hamının hamıya” prinsipini Ermənistan tərəfi Dağlıq Qarabağdakı qondarma quruma rəhbərlik edənlərin dili ilə qəbul etmədiklərini ortaya qoydu: “Sonra da Nikol Paşinyan faktiki olaraq bu təklifi bir növ inkar elədi. İndi bu məsələnin yenidən ortaya çıxması əsas verir ki, Rusiya artıq hansısa bir humanitar nəticənin ortaya qoyulmasında maraqlıdır. Rusiya istəyir ki, tək sözdə deyil, eyni zamanda əməldə də Rusiyanın vasitəçiliyinin nəticəli olduğunu göstərə bilən bir fakt olsun. Bunu ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinə də sübut etmək istəyir. Ermənilərin, məncə, Dilqəm Əsgərovdan başqa digər üç azərbaycanlı girovu buraxması real görünür. Çünki ermənilər bəyan edir ki, Dilqəm Əsgərov erməni vətəndaşın ölümündə günahkardır. Ona görə də hələlik ermənilər Dilqəm Əsgərovun buraxılması məsələsini qəbul edə bilmirlər. Digərlərinin buraxılması-dəyişdirilməsi üçün yəqin ki, addımlar atılacaq və müəyyən bir nəticə olacaq. Ancaq Dilqəmin tezliklə buraxılacağına mənim şübhələrim qalmaqdadır. Dağlıq Qarabağ ermənilərinin onu buraxacağı ilə bağlı deyilə biləcək mülahizələr hələ aradan qalxmayıb. Ona görə hesab edirəm ki, bu, bir az çətin məsələ olacaq. Rusiya tərəfi də bu məsələdə Dağlıq Qarabağın üzərinə təkidlə getməyəcək. Çünki hələ ki ortada yumşalma mövqeyi yoxdur”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə etmişdi. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri-Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.

Son dəfə ötən ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, 2018-ci il noyabr ayının sonunda Gürcüstanın Tiflis şəhərində Azərbaycanın və Ermənistanın dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər. Həmin görüşdə əsir və girovların “hamının hamıya” prinsipi ilə azad edilməsi məsələsinin müzakirəyə çıxarılacağı gözlənilirdi. Lakin məsələ reallaşmadı.

Hazırda ermənilər 4 azərbaycanlını girov saxlayırlar. Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən zaman işğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. Onlardan başqa Elnur Hüseynzadə və Elvin İbrahimov adlı azərbaycanlılar da Ermənistanda əsir saxlanır.

Azərbaycan tərəfində isə hazırda üç erməni diversant (Arsen Baqdasaryan, Zaven Karapetyan, Karen Kazaryan) saxlanılır. Hər üç erməni məhkəmədə Azərbaycan tərəfə keçib diversiya, təxribat həyata keçirmək istədiklərini etiraf ediblər.
İlham Əliyev forumda iştirak edir















Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.

Dövlət başçısı mərasimdə nitq söyləyib.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
“Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…















Dövlət başçısının Əkbər Hacıyevin rəhbərlik etdiyi qurumla bağlı müşavirədə sərt danışmasının ilginc səbəbləri; İB rəhbərinin əndazəni aşan qanunsuzluqları onunla bağlı yaxın vaxtlarda qəti tədbirlərin görüləcəyini istisna etmir

Azərbaycanda istehlakçılara verilən təbii qazın keyfiyyətsizliyi, təzyiqin aşağı olması, xüsusilə qış aylarında saatlarla fasilələrin yaranması uzun illərdir əhalini narahat edir. İnsanların qaz təchizatı sahəsində yaşadığı problemlər ölkə rəhbərliyinin diqqətinə çatdırılıb. Bu, prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışından aydın olur. Həmin çıxışda prezident “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətini tənqid edib.

Prezident bildirib ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır: “Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, ”Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”.

“Azəriqaz”ın istehlakçılara qarşı qanunsuz davranışları barədə danışan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının “Yeni Müsavat”a dediyinə görə, İB tərəfindən “Qaz təchizatı haqqında” Qanunun, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur: “16 dekabr 2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi ”Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair Metodiki tövsiyələr”ə əsasən “Azəriqaz” tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qanunsuz düzəliş nəticəsində abonentlərə tətbiq olunan cərimə ikiqat artırılıb. Belə ki, SOCAR tövsiyələrinin 1.4.1 bəndinə əsasən abonentə cərimə tətbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmində hesablanması nəzərdə tutulsa da, Əkbər Hacıyev tərəfindən hazırlanan qaydalarda bu, 180 günlə əvəz olunub. Bundan əlavə, qazpaylayıcı ilə abonent arasında bağlanmış müqavilənin 2.1.1. bəndinə zidd olaraq (istehlakçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək) qaz abonentlərə (xüsusən də qış aylarında) fasilələrlə, aşağı təzyiqlərlə verilir. Qaz kəsilir, veriləndə isə 15-20 dəqiqə sistemə yüksək təzyiqlə hava vurulur. Bunu da guya əhalinin təhlükəsizliyi üçün etdiklərini deyirlər. Halbuki yüksək təzyiqlə gələn hava sayğacları da sürətlə fırladaraq əhalinin pulunun mənimsənilməsinə səbəb olur. Yəni insanlar faktiki olaraq, adi havaya görə qaz qiymətində pul ödəyirlər”.


“Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…







Mirvari Qəhrəmanlı

Komitə sədri “Azəriqaz” rəhbərliyinin bəzi müəssisələrə verilən qazı itki və əhalinin boynuna qoymaq istədiyi qənaətindədir: “Rəsmi mənbələrin hesabatlarında qaz təchizatında böyük miqdarda qaz itkisinin olduğu qeyd olunur. 2016-cı ildə audit şirkəti ”Ernst & Young” və ölkənin Hesablama Palatası “Azəriqaz”da yoxlama apararkən bir çox qüsurlarla yanaşı, istehlakçıların qazla təminatı zamanı böyük qaz itkilərinin də olduğunu qeyd etmiş və itkilərin aradan qaldırılması üçün həmin qurumlar tərəfindən təklif və göstəriş də verilmişdi. Rəqəmləri təhlil etdikdə, ən yüksək itkilərin regionlarda baş verdiyi müşahidə olunur. Təbii ki, bunun da əsas səbəbi rayon və kəndlərdə sayğaclaşmanın tam aparılmaması, infrastrukturun keyfiyyətinin aşağı olmasıdır. Eyni zamanda broylerlərin və istixanaların (“parnik”lərin-red.) da qaz itkilərində payı az deyil. Mətbuat buraya yönələn qanunsuz qaz xətləri barədə dəfələrlə araşdırma aparıb. Məhz bu səbəblərdən, qaz itkilərinin həcmi ildən-ilə artır. Halbuki 2009-2010-cu ildə “Azəriqaz”da struktur islahatları aparılarkən əsas məqsədlərdən biri itkilərin minimum endirilməsi idi”.

M.Qəhrəmanlının sözlərinə görə, qaz təchizatında itkilərin çox olmasının bir neçə mühüm səbəbləri var: “Qaz uçotu işinin düzgün qurulmaması, bir çox iri müəssisələrə qeydiyyatsız qazın ötürülməsi, sayğacların xarab olması (əhali üçün quraşdırılan əksər G-4 markalı qaz sayğacının istismar müddəti 5 ildir. Faktiki isə əhalinin istifadəsində olan sayğacların 70 faizdən çoxu 6 ildən yuxarıdır ki, quraşdırılıb. Ona görə də qaz emal olunmamış vəziyyətdə ötürüldüyündə sayğacın sərf qeyd edən diafraqmaları tozdan, zir-zibildən tutulduğundan sərfiyyat tam qeyd edilmir), cari təmir işlərinin ümumiyyətlə aparılmaması, qazpaylayıcı stansiyalarda verilmiş texnoloji rejimlərə əməl olunmaması, təbii qazın mexaniki qarışıqlardan təmizlənmədən, qurudulmadan sistemə daxil olması və sair”.

Komitə sədri deyir ki, ötən il Əkbər Hacıyevin tapşırığı ilə Bakıda və rayonlarda əhaliyə qanunsuz və böyük həcmdə cərimələr tətbiq olunub: “İstismar müddəti 5 il olan sayğaclara 6 ildən sonra müdaxilə adı altında cərimələr yazılırdı. Bizim də yardımımızla abonentlər ”Azəriqaz”ı məhkəməyə verib cərimələri ləğv etdirdilər. Məhkəməyə üz tutanların sayı sürətlə artdı deyə, bu qanunsuzluğu azaltmalı oldular”.

Qazın keyfiyyətinə gəlincə, M.Qəhrəmanlı bildirir ki, sovet dövründə hətta birbaşa mədəndən alınan qazdan istifadə edilsə də, zəhərlənmə hallarına rast gəlinməyib: “Biz indiki Qumadasında iş yerində mədəndən birbaşa çəkilən qazı ceyran sobasında yandırırdıq, heç nə də olmurdu. İndi necə olur ki, bütöv ailələr qazdan zəhərlənib ölür? Düşünürəm ki, bu, qazın tərkibi ilə bağlıdır. Bu sahədə sovet dövründəki ciddi nəzarət indi yoxdur. Burada korrupsiya ehtimalları da böyükdür. Müstəqil nəzarət qurumu olmalıdır – şəbəkəyə verilən qazın tərkibi müntəzəm olaraq yoxlanmalıdır”.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Azəriqaz”ın baş direktorunun müavini Ruslan Əliyev deyib ki, ölkə rəhbərinin toxunduğu bütün məsələlər diqqətlə araşdırılacaq: “Ötən ilin dekabr ayının 1-nə kimi ”Azəriqaz” 80 saylı qərara əsasən, birtərəfli qərar tətbiq edirdi. Qeyd etdiyim tarixdən etibarən həmin qərar qüvvədən düşüb.

Qərarın qüvvədən düşməsi ilə biz heç bir abonentə hüquq-mühafizə orqanının, məhkəmənin qərarı olmadan, dəymiş ziyanı tələb etmirik. Məhkəmə sayğaca müdaxilə edildiyini, dəymiş ziyanı təsdiqlədikdən sonra abonentə borcu barədə bildiriş verilir. Ümumilikdə “Azəriqaz” tərəfindən sayğaclara müdaxilə olunmur”.

R.Əliyev qeyd edib ki, abonentlərə verilən təbii qazın keyfiyyətinin artırılması “Strateji yol xəritəsi”ndə də nəzərdə tutulub: “2020-ci ildən Azərbaycanda Böyük Qaz Emalı Zavodu tikiləcək. ”Azəriqaz”ın tədbirlər planında da bu məsələ öz əksini tapıb. Ölkə rəhbəri tərəfindən qeyd olunan problemlər yaxın vaxtlarda həll olunacaq. İndiki halda əhaliyə verilən təbii qaz “QOST”a uyğundur. Sadəcə, bəzi mədən qazlarının qarışması zamanı keyfiyyət aşağı düşə bilir. Amma dediyim kimi, zavod fəaliyyətə başladıqdan sonra əhaliyə verilən qaz tam keyfiyyətli olacaq”.

“Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki…


Neft sahəsi üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanda istehlakçılara paylanan qazın emalı aşağı səviyyədədir: “Metan qazı bütün yanma boyu mavi rəngdə olmalıdır. Bunun üçün hasil olunan qaz emal zavodunda bütün fraksiyalardan təmizlənməlidir. Bu fraksiyaların özü qiymətli xammaldır, kimya sənayesinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Rəsmi statistikaya baxsaq, görərik ki, Azərbaycanda istehlak olunan qazın cəmi 20 faizə qədəri emal olunur. Çünki emal zavodunun imkanları bundan artığına çatmır. 1959-cu ildə tikilmiş zavoddur, istismar müddətini çoxdan başa vurub. Belə zavodların ömrü maksimum 40 ildir, modernizasiya ilə 50 ilə çatdırmaq olar. Böyük Britaniyanın ”Con Braun” şirkətinin 19 il əvvəl – 2000-ci ildə verdiyi rəyə əsasən bu zavodun modernizasiya imkanları mövcud deyil”.

Ekspert bildirir ki, qaz emalı zavodunun vəziyyətini nəzərə alaraq hökumət yeni zavodun tikintisinə vaxtında başlamalı idi: “Bu işə 10 il əvvəl başlamaq lazım idi. Bizimkilər isə hələ gələn il başlamağı nəzərdə tuturlar. Halbuki yeni qaz emalı zavodunun inşası həm istehlakçıların təhlükəsizliyi baxımından, həm ekoloji baxımdan, həm də iqtisadi baxımdan son dərəcə vacib məsələdir. Emal nəticəsində qazdan əldə olunan maddələr kimya sənayesini qiymətli xammalla təchiz edərdi”.

Prezidentin müşavirədəki çıxışından anlaşılır ki, Əkbər Hacıyevin fəaliyyəti ilə bağlı ölkə başçısına dosye verilib. Görünür, həmin dosyedə “Azəriqaz” rəhbərinin qanunsuzluqları faktlarla göstərilib. Və dosye o qədər çirkli olub ki, Əkbər Hacıyevin əhaliyə verdiyi çirkli qaz bunun yanında “toya getməli”di. Əgər doğrudan da belədirsə, Əkbər Hacıyevin vəzifədə çox qalacağı inandırıcı deyil. Prezidentin müşavirədəki tövründən də bunu müşahidə etmək mümkün idi.

Xatırladaq ki, prezident müşavirədə yarıtmaz fəaliyyətlərinə görə tənqid etdiyi məmurları vəzifədə çox saxlamır. Yaxın keçmişdə bunun xeyli nümunələri var.
Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyi açıqlama yayıb















Səudiyyə Ərəbistanının Azərbaycandakı Səfirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, son zamanlar bəzi sosial şəbəkə və etibarsız kütləvi informasiya vasitələrində guya Səudiyyə Ərəbistanı Krallığının Amerika Birləşmiş Ştatlarındakı səfiri Osmanlı dövləti zamanında «erməni soyqırımı»nın tanınması ilə bağlı ABŞ Konqresindəki qətnamə layihəsinə Krallığın dəstək verdiyini bildirdiyi barədə məlumat yayılıb.

Səfirlik bildirir ki, qardaş Azərbaycan Respublikasının maraqlandıran məsələlərlə bağlı Krallığın mövqeyi dəyişməzdir. Bütün bu deyilənlər həqiqətə uyğun deyil və xanım səfir indiyə kimi Konqresin heç bir üzvü ilə görüşməyib, bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Səfirlik bildirir ki, qeyd olunan saytlar və qəzetlər Krallıq və onun mövqeyi barədə yanlış məlumat yaymaqla Səudiyyə Ərəbistanı Krallığı ilə müsəlman dövlətlərin arasını vurmağa çalışaraq, öz şəxsi maraq və məqsədləri üçün onları qızışdırmaq və parçalamaq niyyəti güdür.
Vasif Talıbovun oğluna vəzifə verildi – FOTOFAKT















Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbova vəzidə verilib.

Baku.ws-in məlumatına görə, Seymur Talıbov Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.

Bununla bağlı Federasiyanın prezidenti Elman Rüstəmov müvafiq əmr imzalayıb.Vasif Talıbovun oğluna vəzifə verildi – FOTOFAKT