İlham Əliyev Putinə başsağlığı verdi














Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. 

Məktubda deyilir: “Hörmətli Vladimir Vladimiroviç.

Şeremetyevo aeroportunda təyyarənin qəza enişi nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.
Elçin Şıxlı: “Əgər dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”














Azərbaycan Jurnalistlər Birliyi (AJB) qeyri-ciddi təşkilat deyil. Bu quruma qarşı həmin ittihamları səsləndirən şəxs özü qeyri-ciddidir”.

Bu sözləri Modern.az-a açıqlamasında rəhbərlik etdiyi qurumun ünvanına səsləndirilən ittihamlarla bağlı danışan “Ayna – Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib. Amma o, etiraf edib ki, AJB-nin fəaliyyəti olduqca zəifdir:

“Təşkilat 1990-cı ilin 20 yanvar hadisələrindən sonra heçkimdən maddi dəstək almayıb. O zaman heç mən sədr deyildim. AJB-yə qarşı ittiham səsləndirənlər hamilərindən pul alır, digərləri isə KİV-ə Dəstək Fondundan maliyyələşirlər. Amma Jurnalistlər Birliyi heç yerdən pul ala bilmir. AJB vaxtilə QHT-lərə Dövlət Dəstəyi Şurasından bir neçə layihə qazana bilmişdi. Sonradan KİV-ə Dövlət Dəstəyi Fondu yarandı və bizə dedilər, həmin fonda müraciət edək. Amma KİV-ə Dəstək Fondunun nizamnaməsində jurnalist təşkilatlarına pul ayırmaqla bağlı heç bir müddəa yoxdur. Hazırda xaricdən qrant almaq imkanları da mümkün deyil. Belə şəraitdə AJB-nin fəaliyyətini necə gücləndirmək olar?”.

Elçin Şıxlı iddia edilənin əksinə olaraq, təşkilatın üzvlüyündə qeyri-jurnalistlərin olmadığını qətiyyətlə vurğulayıb:

“Əgər təşkilatın üzvlüyündə qeyri-jurnalistlər varsa, dedikləri düz olsa, istefa ərizəmi yazıb gedərəm”.
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi















Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Təbrikdə deyilir:

“Əziz həmvətənlər. Sizi Ramazan ayının – orucluq və mənəvi yenilənmə, düşünmək və dua etmək, bağışlamaq və mərhəmət ayının başlanması münasibətilə təbrik edirəm. Bu müqəddəs ay bütün dünyada milyonlarla müsəlman üçün mənəvi kamilləşmə, nəcib və xeyirxah işlər dövrüdür.
Azərbaycanda çoxəsrlik tarixi olan mənəvi ənənələrə hörmətlə yanaşılır. Bu ənənələrin əxlaqi və etik əsasları dəyişməz qalır. Çünki yaxınlarına qayğı, xeyirxahlıq və mərhəmət bütün dövrlərdə yüksək qiymətləndirilib.

Əminəm ki, Ramazan ayı birlik və həmrəylik, hörmət və qarşılıqlı anlaşma dövrü olacaq. Qoy Ulu Tanrı bu müqəddəs günlərdə sizin bütün dualarınızı eşitsin və qəbul etsin. Sizə sülh, xoş günlər, səadət və rifah arzulayıram”.
San Dieqoda 28 may “Azərbaycan Milli Günü” elan edilib














ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2019-cu il tarixini “Azərbaycan Milli Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bununla bağlı şəhər meri Kevin Folkoner (Kevin L. Faulkoner) tərəfindən müvafiq bəyannamə imzalanıb. Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının 28 may 1918-ci il tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur. 

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır. 
Sənəddə qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan ABŞ-ın Qərb ştatları ilə iqtisadi, mədəni və digər sahələrdə güclü əlaqələr qurub. Bəyannamədə həmçinin ABŞ və San Dieqo şəhəri də daxil olmaqla, bütün dünyada yaşayan azərbaycanlıların 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz ata-babalarının Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və Azərbaycan Respublikasının azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilir. 

Bəyannamənin sonunda mer K.Folkoner tərəfindən şəhər sakinləri adından 28 may tarixi San Dieqoda “Azərbaycan Milli Günü” elan edilir. Qeyd edək ki, Kaliforniyanın ikinci və ABŞ-ın 8-ci ən böyük şəhəri olan San Dieqo ilə Bakı arasında 2011-ci ildən tərəfdaşlıq münasibətləri qurulub və bu münasibətlər son 8 ildə sürətlə inkişaf edib.
“Onlar insan alveri yuvalarıdır” – Deputatdan parlamentdə şok sözlər













Deputatlardan ilginc çıxışlar: “Mənim yaşadığım ərazidə binanı hostelə çeviriblər; biz hamımız oradan köçüb getmək istəyirik”
Mayın 3-də Milli Məclisin növbəti plenar iclası birinci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə keçirildi. İlk olaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi ilə bağlı ikinci səsvermə keçirildi. Komitə sədri Əli Hüseynlinin təqdimatından sonra 105 deputat dəyişikliyə səs verdi.

Bundan sonra daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim etdi. Milli Koordinator bildirdi ki, BMT-nin 2019-cu ildə yaydığı hesabatda dünyanın əksər ölkələrində insan alveri qurbanlarının artdığı qeyd olunub. Qeyd etdi ki, Azərbaycan Respublikasında sayca üçüncü Milli Fəaliyyət Planına uyğun olaraq insan alverinə qarşı mübarizə kompleks və sistemli şəkildə aparılır. V.Eyvazov bildirdi ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədə 144 insan alveri, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, axtarış elan olunmuş 51 təqsirləndirilən şəxsdən 66,6 faizi və ya 34-ü tutulub. V.Eyvazov qeyd etdi ki, insan alveri və məcburi əmək cinayətlərinə görə başlanılmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 34 təqsirləndirilən şəxs (29-u qadın, 5-i kişi) məhkəmə məsuliyyətinə verilib, 23 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb: “Müəyyən edilən 98 insan alveri qurbanından (82 qadın və 16 kişi, hamısı Azərbaycan Respublikasının vətəndaşı) 71-i istismar məqsədilə Türkiyə Respublikasına, 20-si Rusiya Federasiyasına, 3-ü İran İslam Respublikasına aparılıb, 2-si isə Birləşmiş Ərəb Əmirliklərində, 1-i Malayziyada, 1-i isə Azərbaycanda istismara məruz qalıb.

Zərərçəkənlərdən 95-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilərək hər birinə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib, 61-i sosial xidmətlərlə əhatə olunması məqsədilə qeyri-hökumət təşkilatlarına, 92-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan alveri qurbanları üçün Yardım Mərkəzinə istiqamətləndirilib. Nəticədə onlardan 32-si işlə təmin edilib, 46-sı peşə kursuna göndərilib, 69-u ailələrinə qaytarılıb, eləcə də hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib. Qurbanların övladları da diqqət mərkəzində saxlanılaraq 25 uşaq məktəbəqədər təhsil proqramına yönəldilib, 16-nın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 13-nə lazımi sənədlərin alınmasında köməklik edilib. Xarici ölkələrdə əmək fəaliyyəti, təhsil, əcnəbilərlə nikah, məişət zorakılığı, miqrantların müvəqqəti qeydiyyatı, övladlığa götürmə və digər məsələlərlə bağlı ”152 saylı Qaynar xətt” telefon xidmətinə daxil olan 6 310 müraciət araşdırılaraq qanunauyğun ölçülər götürülüb, təşəbbüskarlara zəruri izahlar verilib”.

V.Eyvazov həmçinin bildirdi ki, uşaq əməyinin istismarının qarşısının alınması məqsədi ilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən edilib.

Milli Koordinatorun sözlərinə görə, ötən il insan alverinə qarşı mübarizədə fərqlənən QHT-lər mükafatlandırılıb.

Məruzəçi onu da bildirdi ki, 169 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Beynəlxalq cinayətkar şəbəkənin ölkənmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, iki mütəşəkkil dəstə zərrəsizləşdirilib, həmçinin qurbanlar mərkəzlərə yerləşdirilib.

Bundan sonra müzakirələr oldu. Deputat Qüdrət Həsənquliyev polis orqanlarında çalışanların fəaliyyətini yüksək qiymətləndirdi. Deputat polis orqanlarında çalışanların əmək haqqı ilə bağlı təklif verdi: “Bu gün cinayət axtarış şöbəsinin zabiti 523 manat maaş alır. Bu, kifayət qədər azdır. May ayında büdcəyə baxacağısa, daxili işlər orqanlarının əməkdaşlarının əməkhaqqını ən azı iki dəfə artırmalıyıq. Həmçinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı aşağıdır. Bu qurumun əməkdaşlarının orta əmək haqqı 350 manatdır. Mən həmkarlarımdan soruşmaq istəyirəm, 350 manatla indiki dövrdə necə yaşamaq və ailə saxlamaq olar? Odur ki, bu qurumun əməkdaşlarının da maaşının artrılması çox yaxşı olardı”.

Deputat Tahir Kərimli Milli Koordinatorun hesabatını təqdir etməklə yanaşı, ondan kömək istədi. Yaşadığı ünvanda üzləşdiyi biabırçılıqdan bəhs edən deputat “Hamı sözünü deputata deyir, mən sözümü kimə deyim, bilmirəm?” – deyə, şikayətləndi. T.Kərimli qeyd etdi ki, Zərifə Əliyeva küçəsindəki mənzilinin bir hissəsinin hostelə çevrilməsi bütün qonşuların rahatlığını pozub: “Mənim yaşadığım ərazidə binanı hostelə, mehmanxanaya çeviriblər. Bir balaca abır-həyamız var… İndi biz hamımız ordan köçüb getmək istəyirik. Mərkəzi küçə olduğuna görə belə yuvalar düzəldirlər, onlar insan alveri yuvalarıdır. Bu ərazidən vaxtaşırı hörmətli qonaqlar, həmçinin prezident keçir”. Deputat Milli Koordinatordan bu ünvandakı qanunsuz hərəkətləri nəzarətə götürməyi xahiş etdi.

Deputat Araz Əlizadə də bu mövzuda danışdı: “Yavaş-yavaş Azərbaycanda seks turizmi inkişaf etməyə başlayır. Nədir, biz Tailandla, digər ölkələrlə rəqabətə giririk? Onsuz da bunu bacarmayacağıq…” A.Əlizadə qeyd etdi ki, hostellərlə bağlı məsələyə yenidən baxılmalıdır: “Rusiyada çoxmərtəbəli binalarda hostellərin yaradılmasına icazə vermişdilər. Ancaq gördülər ki, bu, mümkün deyil. Ona görə də Rusiya Dövlət Duması qərar verdi ki, hostellər yalnız birinci mərtəbədə yaradıla bilər, bir şərtlə, oraya başqa tərəfdən giriş-çıxış olsun. Məncə, biz də bu təcrübədən istifadə etməliyik”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səslənən fikirlərə münasibət bildirdi: “Azərbaycana kənardan gələn insanların hesabına insan alveri problemi artır. İnsan orqanlarının qanunsuz satılması dünyanın hər yerində var, Azərbaycanda bunun qarşısı alınır”.

Deputat qeyd edib ki, bu gün on minlərlə insan Aralıq dənizində, Qırmızı dənizdə itir, onlar insan alverinin qurbanına çevrilir: “Ərəbistan yarımadasında da çoxsaylı insanlar insan alverinin qurbanına çevrilir. Azərbaycan Avropa və Asiyanın qovşağında yerləşir. Çalışmalıyıq ki, gələcəkdə belə hallar Azərbaycanda olmasın. Biz insan alverinə qarşı hesabatın formatına da yenidən baxmalıyıq. Bəlkə də Dövlət Miqrasiya Komitəsi də bu hesabatların təqdim edilməsində iştirak etməlidir”.

Vilayət Eyvazov fikir və təkliflərə münasibət bildirdi və parlamentlə əməkdaşlığa üstünlük verdiyini qeyd etdi:“Hostellərin fəaliyyəti ilə bağlı narahatlıq başadüşüləndir. Sahibkarlıqla bağlı fəaliyyətə müdaxilənin qarşısının alınması ilə bağlı müvafiq sərəncam var”. V.Eyvazov bildirdi ki, bu problemlərin həll edilməsi mümkündür: “Biz sizinlə birgə inzibati yolla deyil, izahedici, maarifləndirici işlərlə bunu həll edə bilərik”.

Parlament yekdilliklə Milli Koordinatorun məruzəsini qəbul etdi.

Gündəlikdəki digər məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa növbəti dəfə kitab satışına dəstək verilməsi barədə danışdı. “Kitab niyə metroda qadağan olunsun? Kitabdır da, qoyun satılsın, siqaret deyil, içki deyil”-F.Mustafa bildirdi.

Birinci vitse-spiker Ziyafət Əsgərov deputatın fikirlərinə reaksiya verdi: “Fazil müəllim, bu saat Bakıda kifayət qədər kitab evləri, kitab mağazaları var. Təki kitab oxuyan olsun, lazımdırsa, mən 200-300 kitab verə bilərəm, pulsuz-parasız. Özü də elmi kitablardır. Təki kitab oxumağa həvəs olsun”.

“Onlar insan alveri yuvalarıdır” – Deputatdan parlamentdə şok sözlər


“Orta məktəblərdə uşaqları şikəst edirlər, belə getsə, bu millətin gələcəyi olmayacaq”. Bunu isə deputat Aqil Abbas söylədi. O qeyd etdi ki, uşaqlar ağır çantaları daşıya bilmir: “Hətta ataların, anaların da beli əyilib bu çantaların ağırlığından. Bu nədir, nə məcburiyyətdir?! Biz də oxumuşuq, biz də məktəbə getmişik”. A.Abbas bundan sonra komitə sədri İsa Həbibbəyliyə müraciət etdi: “Heç olmasa bu kitabları elə kağızlarla istehsal etsinlər ki, yüngül olsun. İslahatın biri də bu məsələ ilə bağlı olsun. Nəvəm məktəbə gedir, çantasını mən götürə bilmirəm. Heç olmasa növbəti tədris ilində bu məsələyə fikir vermək lazımdır”.

Milli Məclis “Aqrar sığorta haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxardı.

Deputat Vahid Əhmədov qanun layihəsi ilə bağlı çıxış edərək əvvəlcə layihəni hazırlayanlara təşəkkür etdi: “2002-ci ildə aqrar sığorta ilə bağlı qanun qəbul olunsa da, üstündən 17 il keçməsinə baxmayaraq, həmin qanun işləməyib. Sığorta bazarında belə bir qanunun qəbul edilməsi çox vacibdir”. Deputat bildirdi ki, 2018-ci ildə sığorta bazarına cəmi 29 milyon manat vəsait daxil olub. V.Əhmədov qanunun dilinin sadə olmasını zəruri saydı. O, sığortaçı ilə sığorta alan arasında hansısa əlavə qurumun yaradılmasına ehtiyac olmadığını da bildirdi. “İnsanlarda sığortaya faktiki olaraq inam yoxdur” – deyən deputat bu qanunun işləməsi üçün təkliflərini səsləndirdi. Bildirdi ki, aqrar sığorta könüllü olmalıdır və qanunda ayrıca maddə ilə əksini tapmalıdır: “Hər bir sığortaçının əmlakı da mütləq nəzərə alınmalı, sığorta olunmalıdır. Necə ola bilər ki, biz aqrar sığorta edənin məhsulunu sığorta edirik, amma onun mülkiyyətini sığorta etmirik?” Ölkədə 22 sığorta şirkətinin olduğunu deyən V.Əhmədov qeyd etdi ki, burada rəqabət mühiti yarana bilər. “Sığortada ən ciddi məsələlərdən biri qiymətləndirmə ilə bağlıdır. Sığortaçı ilə sığorta olunan arasında ən çox ciddi mübahisə qiymətləndirmə ilə bağlı baş verir. Azərbaycanda kifayət qədər qiymətləndirmə ilə bağlı mütəxəssislərimiz var. Yaxşı olardı ki, yerli kadrlardan istifadə edək və xaricdən ekspertlər dəvət etməyək”.

“Onlar insan alveri yuvalarıdır” – Deputatdan parlamentdə şok sözlər


V.Əhmədov yekunda təklif etdi ki, birinci oxunuşda qanun layihəsi qəbul olsunsun, amma onun üzərində işləmək üçün işçi qrupu yaradılsın: “Təklif edirəm ki, işçi qrupu yaradaq və qanun layihəsini yenidən işləyək. Əgər bu qanun layihəsi indiki səviyyədə qəbul olunsa, o, 2002-ci ildəki qanunun taleyini yaşayacaq”.

Deputat Əli Məsimli isə bildirdi ki, aqrar sığorta bazarının inkişafını istəyiriksə, effektiv işlək mexanizm yaradılmalıdır: “Elə etməliyik ki, büdcədən ayrılan vəsaitin 90 faizi sığorta şirkətlərində qalmasın, bu vəsaitin fermerlərə getməsinə nail olmalıyıq”. Deputatın sözlərinə görə, qanun layihəsi İspaniya modeli əsasında hazırlanb, həm də Türkiyə təcrübəsi əsas götürülüb: “Ancaq Azərbaycanda fermer təsərrüfatlarının əksəriyyəti xırda təsərrüfatlardır. Ona görə də sığorta mexanizmi elə qurulmalıdır ki, sığortaçı ilə sığortaolunan arasında inamsızlıq aradan qalxsın”. Ə.Məsimli bildirdi ki, kənd təsərrüfatı riskli sahə olduğu üçün sığorta şirkətləri bunda maraqlı olmayacaq: “Buna görə də dövlətin dəstəyinə ehtiyac var. Komitədə müzakirə zamanı məlum oldu ki, 3 il ərzində ümumilikdə 30 milyon manata qədər vəsaitə ehtiyac olacaq. Hər il üçün 10 milyon manat dövlət üçün böyük vəsait deyil. Ona görə də belə dəstək lazımdır. Ancaq qanun layihəsində sığortaçının, sığorta edilənin vəzifəsi aydın göstərilməlidir. Aqrar sığorta ilə əlaqədar iki qurumun – iadəredici qurumun və vasitəçi orqanun yaradılmasına nə ehtiyac var?”. Ə.Məsimli qeyd etdi ki, əgər kəndliyə birinci il dəyən zərər obyektiv qiymətləndirilib ödənilməyəcəksə, ikinci il kəndli o torpağı əkməyəcək.

Aqrar komitənin sədri Eldar İbrahimov deputatların səsləndirdiyi fikirlərin qarşılığında dedi ki, qanun layihəsi Prezident Administrasiyasından gəldiyi üçün ilk oxunuşda ona düzəliş edilməsi mümkün deyil. Komitə rəhbəri növbəti müzakirələrdə əsaslı təkliflərin Prezident Administrasiyası ilə məsləhətləşməklə nəzərə alına biləcəyini istisna etmədi.

Müzakirələrdən sonra qanun layihəsi ilk oxunuşda qəbul edildi.
Tarixçi-alim: “Ayna Sultanovanın heykəli götürülməlidir” – Səbəb













“O, onun kimilərinin xalqımızın 100 minlərlə nümayəndəsinin öldürülməsində əli var”

Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkında təmir işlərinə başlanılıb. Uzun müddət idi ki, bu park hasara alınmışdı. Lakin içəridə hansısa təmir işləri aparılmırdı.

Parkın ərazisinə daxil olduğu Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilirdi ki, dövlət tərəfindən lazımi vəsait ayrılmadığı üçün parkda təmir işləri yubanır. Artıq bu vəsait ayrılıb və əsas mövzu parkın gələcək adı, Ayna Sultanovanın heykəlinin aqibəti məsələsidir.

Bu xüsusda sosial şəbəkələrdə məlumat yayılıb ki, təmir işlərindən sonra Ayna Sultanovanın heykəli götürüləcək. Sosial şəbəkələrdə məsələyə münasibət bildirən çoxluq hesab edir ki, əslində Ayna Sultanovanın şəhərin mərkəzində heykəli olmalı deyil. Çünki o, bugünkü dövlətimizin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin yıxılmasında əli olan bolşeviklərdən biridir. Elə yeri gəlmişkən arayış verək ki, Ayna Sultanovanın parkdakı qranit heykəli 1986-cı ildə ucaldılıb.

O, Azərbaycanda bolşevik partiyasına yazılan ilk azərbaycanlı qadın uzun illər Azərbaycanda kommunist partiyasının ideyalarını həyata keçirən bolşevik siyasi xadim olub. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı, bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb. A.Sultanova məşhur bolşevik Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı idi. A. Sultanova 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə güllələnib.

Parkda aparılan tikinti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən modern.az saytına bildirilib ki, ötən ilin dekabr ayında imzalanmış sərəncamla Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədi ilə icra hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Ayna Sultanova parkında yenidənqurma işləri aparılacaq.

Binəqədi Rayon İcra Hakimiyyəti Ayna Sultanovanın heykəlinin parkdan götürüləcəyi barədə yayılmış fikirlərin də yanlış olduğunu bəyan edib: “Heykəlin götürülməsi müzakirə mövzusu belə ola bilməz. Park Ayna Sultanovanın adınadır. Sadəcə olaraq, heykəlin yenilənməsi işləri gedir”.

İcra Hakimiyyətindən deyilib ki, təmir işləri sürətləndirilib və ehtimal ki, iyun ayında açılışı olacaq.

“Yeni Müsavat”a danışan tarixçi alim Dilavər Əzimli bildirib ki, Ayna Sultanovanın heykəli həmin parkdan birmənalı şəkildə götürülməlidir: “Ancaq bu heykəlləri götürüb, məhv etmək də olmaz. Avropa ölkələrində belə bir ənənə var ki, bu kimi heykəlləri götürürlər, ancaq məhv etmirlər. Onlar üçün ayrıca bir park yaradıb, orada saxlayırlar. İnsanlar da həmin parkı ziyarət edirlər və tarixlərini xatırlayırlar. Hələ Karl Marksın heykəli götürülən zaman mən məsələ qaldırmışdım ki, bu heykəlləri məhv etməyin, parka yığıb, tələbələri ora aparın. Bununla gənc nəsil həmin dövrü xatırlayar, xalqın başına nələr gəldiyini bilər. Biz istəsək də, istəməsək də belə bir dövr olub. Gənclər bu heykəllərə baxıb, həmin dövr haqqında bilgiləri araşdırsalar, gələcəyimiz üçün də faydalı olar. Bu, millətin oyanışı üçün olduqca önəmlidir. Sistemlər dəyişdikcə, özündən əvvəlki heykəlləri silib, atır. Bu da yanlışdır. Ənənəni dəyişdirmək lazımdır. Ən azından biz indiyə qədər cümhuriyyət parkı yaratmalı idik. Həmin parka xalqın qeyrətli oğullarının heykəli qoyulmalı idi. Nuru Paşanın, Məhəmməd Əmin Rəsulzadənin, Ənvər Paşanın və digərlərinin həmin parkda heykəli qoyulsaydı, daha yaxşı olardı”.

Tarixçi deyib ki, Ayna Sultanova və onun kimilərinin xalqımızın 100 minlərlə nümayəndəsinin öldürülməsində əli var: “Bu adamların da heykəlini qoyanda belə təbliğat qurmaq lazımdır. Görüntü başqa bir şeydir. Oxumaqdan əvvəl, görüntü ilə öyrənmək, görüntünü yaddaşa yazmaq daha effektivdir. Hazırkı parkdan Ayna Sultanovanın heykəli götürülməlidir. Onun adı da həmin parka verilməli deyil. Biz öz tariximizə qiymət verən zaman bütün tarixi şəxsiyyətlərə qiymət verməyi bacarmalıyıq. Ayna Sultanova bizim müstəqil dövlətçiliyimizə qarşı ən kəskin mövqe tutan, müstəqil dövlətimizi yıxan insanlardan biri olub. Sonda isə bolşeviklərin qurbanına çevrilib. Onun taleyi də elə gətirdi ki, axırda çox əzabla öldürüldü. Belə məlumat var ki, Ayna Sultanovanı öldürən zaman onu mismarlar vurulan otağa salıb, mismarların üzərinə çıxarıblar. Yəni əzabla öldürülən insanlardan biridir. Xalqımıza əzab verdi, özü də eyni cür öldürüldü. Bu insan tariximizdə müsbət şəxsiyyət kimi qalmayıb və qalmayacaq. Tarix hər kəsə qiymət verir. Tarix o adamları aşağılayır ki, həmin insanlar öz xalqlarını, dövlətlərini başqalarının ayağına veriblər. Ayna Sultanova da onlardan biri olub. Ona görə də adına park olmalı deyil, heykəli də həmin yerdən götürülməlidir”.
MTN-nin Akif Çovdarovla birlikdə həbs olunan idarə rəisi azadlığa buraxılıb














Həbsdə olan keçmiş MTN-in vəzifəli şəxslərindən daha biri – Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, Baş İdarənin rəisi, general Akif Çovdarovun adamlarından sayılan Akif Əliyevin 5 illik cəzasını Ali Məhkəmə bir müddət əvvəl azaldıb və müddət tamam olduğuna görə mayın 4-də azadlığa buraxılıb.

Ali Məhkəmə yaxın vaxtlarda Akif Çovdarovun da şikayətinə baxacaq. Bakı Hərbi Məhkəməsinin hökmüylə 12 il azadlıqdan məhrum edilən Çovdarov bundan əvvəl Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan geri götürmüşdü. Amma Çovdarov yenidən şikayət verib və yaxın vaxtlarda ona baxılacaq.

MTN-nin Akif Çovdarovla birlikdə həbs olunan idarə rəisi azadlığa buraxılıb











Akif Çovdarov

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında beş general da vardı – Akif Çobdarov, Sübahir Qurbanov, Natəvan Mürvətova, Elçin Quliyev və Teymur Quliyev.

Keçmiş MTN vəzifəlilərindən Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

2015-ci ildə həbs olunan MTN-çilərdən bir qismi azadlıqdadır. Onların arasında general Natəvan Mürvətova, polkovnik Mirəziz Əsgərov da var.
Prezident Xələf Xələfov barədə sərəncam imzaladı – Yüksək vəzifəyə təyinat















Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.
Dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl X.Xələfov Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.
Ziya Məmmədovun qardaşının əmlakı satışa çıxarıldı














Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mərhum qardaşı Nəriman Məmmədova məxsus əmlakların bir qismi satışa çıxarılıb.
Bu barədə “Unikal” qəzetinə məlumatlı mənbələrdən xəbər daxil olub. Xəbərdə deyilir ki, N.Məmmədova məxsus Bakı şəhəri Binəqədi rayonu ərazisində, Biləcəri qəsəbəsindəki hərbi çağırışçıların Biləcəri toplanış məntəqəsi ilə üzbəüz yerləşən mülkü satılır. İri həyətyanı sahəyə də malik villaya 1 milyon 200 min manat satış qiyməti qoyulub. Mülkün özünün ümumi yaşayış sahəsinin isə 3 min kvadratmetrə yaxın olduğu deyilir.

Bundan başqa, sabiq nazirin mərhum qardaşının yenə Biləcəri ərazisindəki, “Şamlıq” adlanan yerdəki böyük torpaq sahəsi də satışdadır. Məlumatda bildirilir ki, həmin hasarlanmış sahə 4 milyon manata satılır.

Qeyd edək ki, son vaxtlar Ziya Məmmədovun özünə məxsus əmlakın və obyektlərin də satılması müşahidə olunur. Bu ilin mart ayında sabiq “nəqliyyat şefi”nin Nardarandakı villasını çox ucuz qiymətə satdığı məlum olmuşdu. Bildirilirdi ki, Ziya Məmmədov uzun illərdir baş çəkmədiyi həmin villaya 310 min manat qiymət qoyub.

Daha əvvəl isə sabiq nazirin Biləcəri qəsəbəsində yerləşən başqa bir məşhur əmlakı “Delfin” hotel sökülmüşdü. Sözügedən hotelin sökülməmişdən əvvəl keçmiş nazir tərəfindən satıldığı bildirilirdi. Hətta bəzi iddialara görə, Z.Məmmədov “Delfin”lə vidalaşmaq fikrində deyilmiş, ancaq hansısa səbəbdən buna məcbur olub.

Görünən odur ki, Z.Məmmədov nazir postunu itirdikdən sonra onun sonrakı taleyi ilə bağlı başda korrupsiya ittihamı ilə cinayət işi başlanacağına dair bəd proqnozlar özünü doğrultmasa da, Məmmədovlar ailəsinin malik olduğu böyük sərvətin xeyli hissəsini itirəcəyi yönündə xəbərlər sürətlə özünü doğrultmaqdadır.
Misir Mərdanov Əli İnsanov haqda elə şeylər dedi ki... (VİDEO)














Sabiq təhsil naziri Misir Mərdanov keçmiş səhiyyə naziri Əli İnsaovla bağlı video çıxış yayıb. M.Mərdanov Ə.İnsanovun son müsahibəsində söylədiyi fikirlərə olduqca sərt formada münasibət bildirib. Xatırladaq ki, 2005-ci ilin oktyabrında Ə.İnsanov həbs edildikdən az sonra Misir Mərdanovun da iştirakı ilə Qərbi Azərbaycandan olan bir qrup tanınmış şəxs mətbuat konfransı keçirərək, sabiq səhiyyə nazirini ağır şəkildə ittiham etmişdilər. 

Musavat.com Misir Mərdanovun video-çıxışını təqdim edir.<iframe width="425" height="325" src="https://www.youtube.com/embed/J72MWNSpfl0" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>