Koronavirusa yoluxmuş xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimiz başçısı bildirib: “Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim”.

Ölkəmizdə ondan çox xəstəxananın həm karantin rejimi, həm də bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldığını bildirən Prezident İlham Əliyev qeyd edib: “Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir”.

Bakı polisindən əhaliyə qadağalarla bağlı xəbərdarlıqBakıda polis koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə ictimai yerlərdə, küçələrdə, parklarda və bulvarda qabaqlayıcı profilaktiki tədbirlərini davam etdirir.

 Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq polis tərəfindən onlar müəyyən olunduqda yaşadıqları ünvana qaytarılması təmin olunacaq:

"Bu istiqamətdə polis naryadlarına müvafiq tapşırıq və göstərişlər verilib. Tövsiyələrə uyğun olaraq həmin vətəndaşların toplaşdıqları yerdən uzaqlaşdırılması təmin olunur. Yalnız bir halda, qadağalara əməl olunmadıqda qanunvericiliyə uyğun sərt tədbir görüləcək".

 


E.Hacıyev həmçinin qeyd edib ki, daxil olan məlumata görə, bayır xidmətinə cəlb olunan polis əməkdaşları elektron informasiya cihazları ilə təmin olunub ki, bu da vətəndaşların şəxsiyyətinin müəyyən edilməsində istifadə olunacaq:

"Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir”.

Koronavirusla bağlı 65 yaş qadağası
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib. Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

"Ölkə.Az" mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarının siyahısını hazırlayıb.

Parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir. Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovdur, onun 82 yaşı var.

Ziyad Səmədzadə isə bu kateqoriyada ikincidir – o, 1940-cı ildə anadan olub.

İsa Həbibbəylinin 71, Eldar İbrahimovun 75, Madər Musayevin 73, Rasim Musabəyovun 69, Asim Mollazadənin 67, Sədaqət Vəliyevanın 65, Eldar Quliyevin 69, Mixail Zabelinin 74, Oqtay Əsədovun 75, Vahid Əhmədovun 72, Anatoliy Rafailovun 67, Rafael Hüseynovun 65, Fəzail Ağamalının 72, Sabir Rüstəmxanlının 73, Əhliman Əmiraslanovun 72, Cavanşir Paşazadənin 66, Tahir Rzayevin 70, Aqil Abbasın 66, Sabir Hacıyevin 65, Əli Məsimlinin 67, Aqiyə Naxçıvanlının 70, Bəxtiyar Sadıqovun 69 yaşı var.

Hakimiyyətin qanunverici qanadının rəhbərliyində təmsil olunan iki nəfərin də yaşı 65-i keçib.

Parlamentin sədri Sahibə Qafarovanın bu ilin martın 19-da 65 yaşı olub. Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin isə 68 yaşı var.

Xatırladaq ki, martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova koronavirusla mübarizə ilə əlaqədar parlamentdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Milli Məclisin komitələrinin, komissiyalarının iclaslarının, parlamentin Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın.

Bildirilir ki, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçiriləcək.

Sərəncama əsasən, deputatların və Milli Məclis əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb. oxu.az

Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir
Nazirlər Kabinetinin yanında operativ qərargahın KİV nümayəndələri üçün brifinqi keçirilir.

Oxu.az məlumatına verir ki, konfransda Prezidentin köməkçisi Hikmət Hacıyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov iştirak edir.

Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Birinci vitse-prezidentin bununla bağlı müraciətində deyilir:

“Əziz həmvətənlər!

Ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən bütün təşkilatlara, şirkətlərə, fiziki və hüquqi şəxslərə dərin minnətdarlığımı bildirirəm.

Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, xalqımızın birliyinin, həmrəyliyinin göstəricisidir. Sizin ölkəmizin üzləşdiyi bu problemə biganə yanaşmamağınız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına qoşulmağınız çox yüksək qiymətə layiq addımdır və müasir Azərbaycan cəmiyyətində mərhəmət və şəfqət kimi hisslərin mövcudluğundan xəbər verir.

Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə mən də bu təşəbbüsə qoşuluram və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ödəmələr həyata keçirən hər kəsə bir daha təşəkkür edirəm və bütün həmvətənlərimizi həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Dərin hörmətlə,

MEHRİBAN”.

Azərbaycanda karantin elan olundu
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib.

İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir: Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir. Bu müddət ərzində:

1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, .Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırısın.

3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.

4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

DYP-dən XƏBƏRDARLIQ! Bunu edənləri 200 AZN cərimə və ya 1 ay həbs cəzası gözləyir
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tətbiq edilmiş qadağalara riayət edilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat yayıb.

İdarədən verilən məlumata görə, koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudiyyətlə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan şəxslərin mart ayının 19-dan 29-dək qeyd olunan ərazilərə girişləri üçün qadağanın qüvvədə olmasına baxmayaraq, ayrı-ayrı minik və yük avtomobillərinin sürücüləri tərəfindən qeydiyyatsız sərnişinlərin daşınması hallarına tez-tez rast gəlinir.

"Qeyd olunanlar nəzərə alınaraq, sürücülərdən bir daha xahiş olunur ki, yollarda, xüsusilə də keçid postları təşkil edilmiş ərazilərdə sıxlıq yaranmaması, habelə özlərinin məsuliyyətə cəlb edilməmələri üçün xüsusi rejimə ciddi riayət edilsin, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olmayan sərnişinlərin həmin istiqamətdə daşınması hallarına yol verilməsin. Əks təqdirdə respublikanın müxtəlif şəhər və rayonlarından qeydiyyatı olmayan sərnişinlərin daşınması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması, yəni epidemiya əleyhinə rejimin pozulması kimi qiymətləndiriləcək və bu qaydaları pozmuş sürücü və sərnişinlərə yüz manatdan iki yüz manatadək məbləğdə cərimə və ya bir ayadək müddətə inzibati həbs cəzası tətbiq ediləcək", - deyə məlumayda qeyd olunub.

Müdafiə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50% həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliiyevin 19 mart 2020-ci il tarixli, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenant Vahid Cəfərov sərəncama götürülüb.Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Ana Hüseynov vəzifəsindən azad edilib.

O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.