Bazarda hansı maşınlar bahalaşır?Ötən ilin sonundan etibarən 2020-ci ildə maşın bazarında qiymətlərin artacağı barədə məlumatlar dolaşırdı. Səbəb isə Dövlət Gömrük Komitəsinin rüsumları artıracağı haqda məlumatlar yayması və hökumətə bununla bağlı təkliflər göndərməsi oldu.

"Ölkə.Az" bldirir ki, belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.  

Bundan əlavə, Rusiyada əsas istehsalçı olan “AvtoVaz” zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi. 

“Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək”. 

Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlər artıb: 

“Hazırda maşın bazarında qiymətlərdə artım yoxdur. Deyilən bütün məlumatlar boş söhbətlərdir. Son illər hər yeni il qabağı qiymətlərdə artım müşahidə olunub. Səbəbi də Dövlət Gömrük Komitəsidir. Ona görə ki, son 2-3 ildə hər il gömrük rüsumları qalxıb. Camaat hər yeni ildən sonra qiymətlərin qalxacağını düşünür. Buna görə də bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Ümumiyyətlə, hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alınır. Qış ayları alver zəif olur. Maşın satan insanlar havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd edirlər. Bu vaxtları əsasən, alverçilər maşın alırlar. Bu da alverçilərin dəyərindən ucuz avtomobil almasına şərait yaradır”. 

Sovet maşınlarının bahalaşdığını deyən S.Qədirov, mart ayından etibarən bazarda qiymətlərin artacağını bildirib: 

“Sovet maşınlarının qiymətlərində artım müşahidə olunur. Çünki onları əvəz edən avtomobillər hələ ki, yoxdur. Olsa da, azlıq təşkil edir. Amma alman maşınlarının qiyməti stabil qalır. Səbəbi isə ölkəyə alman maşınlarını əvəz edən digər avtomobillərin gəlməsidir. Onları əvəz edən maşınlar əsasən, dizel mühərrikli “KİA”, “Hyundai” avtomobilləridir. Hazırda bazardakı durğunluqla əlaqədar hibrid avtomobillərinin də bazarı dayanıb. Artım yaz aylarında olacaq. Rayon əhalisi əkin-biçinlə məşğul olub pul qazanıb maşın almağa gələcəklər. Onda bazar canlanır. Artıq mart ayından sonra maşın bazarında qiymətlərin qalxmasını görəcəyik. O vaxta qədər isə gömrük rüsumlarında artım olmasa, bazarda da qiymətlər artmayacaq. Ancaq hazırda dediyim kimi, sovet maşınlarının qiymətində artım müşahidə olunur”. 

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərmanı tətbiq olunmağa başladığı gündən vətəndaşlar bir sıra problemlərlə qarşılaşıb.
Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal çöküb.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yeganə Laçınzadə ilə əlaqə saxladıq.

Y.Laçınzadə elektron portalın nə vaxt açılacağı və vətəndaşların hansı tarixdən müraciət edə biləcəyi ilə bağlı Publika.az-ın sualına cavab olaraq bildirib ki, elektron portalda hazırda iş gedir: “Fəaliyyətə başlayanda mediaya məlumat veriləcək. Hələ ki, bu haqda əlavə məlumat verə bilmərik”.

Xəbər verdiyimiz kimi AtaBankın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb. Sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən əziyyət çəkirlər. 

Mərkəzi Bank AtaBankın lisenziyanısını ləğv etmədiyi üçün əmanətçilər Əmanətlərin Sığortalanması Fondundan öz əmanətlərini kompensasiya edə bilmirlər. Bəs bankda əmanətləri olanlar nə etməlidir?

Mövzu ilə əlaqədar hüquqşünas Əkrəm Həsənov “Yeni Sabah”a açıqlamasında bildirib ki, baş verənlər birbaşa Mərkəzi Bankın günahıdır.

“Birincisi, bunu qeyd edim ki, bu qeyri-adi və biabırçı vəziyyətdir. Hər bir bankın əmanəti qanunla maksimum 5 iş günü ərzində vətəndaş tələb etsə, qaytarılmalıdır. O ki qaldı, sahibkarla və hüquqi şəxslərə bunların sərəncamı ilə onların pulları bir iş gününə qaytarılmalıdır. AtaBank artıq aylardır ki, bunu etmir.

Bu halda iki variantdan birini etmək olar. Ya Mərkəzi Bank müəyyən etməlidir ki, bu bankın problemi nədir. Burada iki problem ola bilər. Ya müvəqqəti likvidlik çatışmazlığı var, yəni bankın prinsipcə əmlakı var, sadəcə kreditləri vaxtında qaytarılmır, buna görə də əmanətləri verə bilmir. 

Tutaq ki, siz vətəndaşsınız, kiməsə borc verməlisiniz, siz əmin idiniz ki, əmək haqqınızı alıb verəcəklər, birdən-birə sizin əmək haqlarınızı bir neçə gün dəyişdirirlər.  Bu halda Mərkəz Bank həmin banka kredit verməlidir. Yəni Mərkəzi Bank deyir ki, bankın vəziyyəti prinsipcə yaxşıdır, kreditlərini qaytardıqdan sonra, mənim borcumu qaytaracaq.

Bunu aylardır ki, Mərkəzi Bank etmir. Deməli bank müflisləşib. Yəni bank bu gün bütün kreditlərini yığsa belə, yenə də bütün əmanətlərini və borclarını ödəyə bilməyəcək. Bu halda Mərkəzi Bank bankın lisenziyasını ləğv etməlidir və Əmanətlərin Sığortalanması Fondu üç ay ərzində bütün əmanətləri qaytarmalıdır.

Mərkəzi Bank bunu da etmir. Burada iki mühüm problem yaranır. Bu problemlərdən biri  əmanətçilər üçündür. Çünki əmanətlərin tam sığortalanması haqqında qanun 4 mart tarixində bitir. Yəni parlament bu qanunun müddətini uzatmasa, 4 martdan sonra əmanətlərin tam sığortalanması olmayacaq.

Əgər AtaBank 4 martdan sonra bağlansa, vətəndaşlar da itirəcək. Çünki tam sığorta yoxdur, cəmi 30 min qaytarılacaq. 

Ən böyük problem isə sahibkarlardadır. Çünki sahibkarların əmanətlərinin sığortalanması yoxdur. Bu gün ola bilər ki, AtaBank  hansısa sahibkarın pulunu qaytarır, amma bankı hazırda bağlasaydılar, bankın pulu bütün sahibkarlar arasında bölünərdi. Bunun gecikdirilməsi Mərkəzi Bankın günahıdır, təqsidir, qanuni pozuntusudur”.

Hüquqşünas həmçinin AtaBankın bağlanması məsələsinə də toxunub:

“Mən elə başa düşürəm ki, bank faktiki müflisləşib. Bunun da tək çarəsi var. Kimsə o bankı satın almalıdır. Deyək ki, bankın ziyanı 300 milyondur. Kimsə buna razı olur və bankı satın alır. Belə bir şey baş versə, lisenziya ləğv olunmaya bilər.

Amma əgər bu bir neçə ay ərzində baş verməyibsə, bundan sonra çətin ki, belə hadisə baş verər. Mən hesab edirəm ki, AtaBank böyük ehtimalla bağlanacaq”.

199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik “İsuzu Citiport” markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyinin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik “İsuzu Citiport” markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar sərnişinlərin istismarına 23.01.2020-ci il tarixindən veriləcək.
Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

Bakıda 2027-ci ilə qədər daha 11 yeni metro stansiyasının tikilməsi nəzərdə tutulub.

Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələ Bakı şəhərinin Baş Planında da nəzərdə tutulub: “Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemində bu məsələ nəzərə alınıb. Bakının Baş Planına uyğun olaraq metropolitendə də xətlərin bir-birindən ayrılması nəzərdə tutulub. Xətlərin ayrılması üçün də mütləq şəkildə “Şah İsmayıl Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan və “Koroğlu” stansiyasından “Dərnəgül” stansiyasına qədər olan hissələr inşa olunmalıdır”.

B.Məmmədov qeyd edib ki, ümumilikdə, 2027-ci ilə qədər 11 metro stansiyasının inşası nəzərdə tutulub: “Həmin dövrdə “İçərişəhər” stansiyasından sonra 2 yeni stansiyanın da inşası planlaşdırılıb. Çünki xətlər bir-birindən ayrılanda hər bir xətdə müstəqil hərəkət təşkil olunmalıdır. Müstəqil hərəkətin də intensivliyi üçün “İçərişəhər” stansiyasından sonra dönmə kamerası olan 1 stansiya olmalıdır. Xətlərin ayrılması üçün “Yaşıl xətt” üzrə “Şah İsmayıl Xətai” və “Dərnəgül” stansiyalarından sonrakı xətlərin tikintisi vacibdir. Yəni “Dərnəgül” stansiyasından sonra 3, “Şah İsmayıl Xətai” stansiyasından sonra isə 4 stansiyanın inşası mütləqdir”.

Cebhe.info

Azərbaycandan İrana sərnişin qatarı işə düşdü

İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.

 "Report" xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.

Bakıda bu yollara asfalt salınır

Bakı şəhərinin Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmir işləri davam etdirilir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hazırda ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 180 min kv.m-ə yaxındır.

Bu, Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbirstanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

 




 

Ötən gündən etibarən kirayə yolla satılacaq evlərin siyahısı açıqlanıb. Bu mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Diqqət çəkən məqamlardan biri də, mənzillərin qiymətinin Bakının ərazisindən asılı olmayaraq, eyni olmasıdır.

Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məsələ ilə bağlı Axar.az-a açıqlamasında bu qiymətləri təyin edən qurumun İpoteka və Kredit Zəmanəti Fondu olduğunu bildirib. Eksper qeyd edib ki, Bakının fərqli yerlərində qiymətlər eyni ola bilməz və bu, absurd yanaşmadır:

“Göstərilən qiymətlər ilkin məlumatlardır və nisbi xarakter daşıyır. İpoteka fondundan qeyd ediblər ki, qarşıdakı günlərdə, hətta ola bilsin sabah yekun qiymətlərlə bağlı məlumat veriləcək. Biz də gözləyirik ki, qiymətlərlə bağlı dəyişikliklər olacaq. Çünki Bakının fərqli yerlərində qiymətlər eyni ola bilməz. Qiymətlərin bazar qiymətlərindən yuxarı olması isə başadüşülən haldır. Çünki İpoteka Fondu aldığı mənzilləri yerləşdirdiyi istiqrazlar hesabına maliyələşdirir. Bu, bir növ İpoteka Fondunun xərçidir. Yenə də düşünürük ki, qiymətlərdə dəyişikliklər olacaq və xüsusən də Bakıətrafı mənzillərdə bu dəyişim əhəmiyyətli dərəcədə hiss olunacaq”.

Qeyd edək ki, sözügedən mənzillərin ilkin qiyməti açıqlanıb və ərazidən asılı olmayaraq 1 850 manat civarındadır. Məsələn, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.

Bu günə olan VALYUTA MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı 21 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a  verilən məlumata görə, yanvarın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.8868 manat təşkil edir.

1 türk lirəsi 0.2870 manat, 1 rus rublu 0.0276 manat, 100 İran rialı 0.0040 manat, 1 gürcü larisi isə 0.5907 manatdır.

Türkiyənin bəzi məhsulları Azərbaycanda istehsal oluna bilərTürkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək.

"Ölkə.Az" bildirir ki, bunu trend-ə Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir.

Qeyd olunub ki, bütün bunlarla yanaşı, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşıq da daha aktiv şəkildə həyata keçiriləcək.

"Elmi-tədqiqat və texnoparklar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əlaqələrin genişlənməsi ilə yanaşı, təcrübə mübadiləsi üçün də önəmlidir", – deyə nazirlikdən bildiriblər.

Məlumata əsasən, 2020 və 2022-ci illər çərçivəsində texnoparklar arasında təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlər təşkil olunacaq.