Son xəbərlər

Şimşək, yağış, güclü külək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub.
Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.

Düşən yağışın miqdarı Daşkəsəndə 40 mm (aylıq normanın 68 faizi), Şahdağda 22 mm, Gədəbəydə 19 mm, Sarıbaş (Şəki), Xınalıqda 15 mm, Qrızda 14 mm, Qusarda 13 mm (aylıq normanın 44 faizi), Tovuzda 13 mm (aylıq normanın 41 faizi), Balakəndə 10 mm, Xaçmaz, Qubada 9 mm, Gəncədə 8 mm (aylıq normanın 34 faizi), Şəmkirdə 8 mm (aylıq normanın 33 faizi), Ağstafa, Oğuz, Kişçayda (Şəki) 8 mm, Mingəçevirdə 7 mm (aylıq normanın 35 faizi), Göygöl, Qəbələdə 5 mm, Şəkidə 4 mm, Zaqatalada 3 mm, Şamaxıda 2 mm, Naftalan, Şabran, Xaltanda 1 mm olub.
Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Gəncə, Naftalanda 30 m/s, Ələtdə 24 m/s, Bərdə, Daşkəsəndə 23 m/s, Nabran, Xaçmaz, Tərtər, Ağdamda 20 m/s, Mingəçevirdə 19 m/s, Şəmkirdə 17 m/s, Şabran, Qubada 16 m/s, Yevlaxda 15 m/s, Abşeron yarımadasında 15-20 m/s, arabir 25-28 m/s-dək güclənib.

Karantin rejimini pozub 20 nəfərlik məclis qurdu

Şəki rayonu, Aşağı Layısqı kənd sakini Mehman Yusifov xüsusi karantin rejimini pozaraq məclis təşkil edib. 

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəliblər. Ev sahibi M.Yusifovun 20- dən artıq şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin rejimi qaydalarını pozduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin və insanların bir yerə toplaşmasının qarşısı alınıb. Həmçinin, orada olanlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah olunub.

Məclisi təşkil edən 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat məbləğində cərimələnib.

 

 


 
Bakıda temperatur enəcək, rayonlarda leysan yağacaq

İyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 28-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti təşkil edəcək.
22 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

İyulun 22-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Təcili yardım maşını yük avtomobili ilə toqquşdu

Bakı- Qazax avtomagistralının Hacıqabuldan kecən hissəsində yol- nəqliyyat hadisəsi baş verib. 

Hərəkətdə olan təcili tibbi yardım avtomobili “Mersedes” markalı yük dolu maşınla toqquşub.

Zərbənin gücündən təcili yardım maşını yararsız hala düşüb, yük maşınının daşıdığı daş yola dağılıb.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli

 


 
Azərbaycanda sabiq nazir vəfat etdi

Uzun müddət yüksək vəzifələrdə çalışmış tanınmış iqtisadçı Nailə Bağırova vəfat edib.
1989-1996-cı illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri vəzifəsini tutmuş, Azərbaycan SSR əməkdar iqtisadçısı, “Şərəf nişanı” ordeni laureatı Nailə Bağırova 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Bağırova Nailə Ağadadaş qızı 1939-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Universitetində alıb. O, əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.

Nailə Bağırova “Şərəf nişanı” ordeni ilə təltif edilib. Onun adı İngiltərədə çıxan “Dünyanın işgüzar qadınları” kitabına salınıb.

Allah rəhmət eləsin.(parla.az)

Yeyib-içmək məclisi baha başa gəldiXocalı Rayon Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat tədbirləri ilə karantin rejimi qaydalarını pozaraq, rayonun Buzluq kəndinə istirahət üçün gələn şəxsləri saxlayıb.

Araşdırmalarla məlum olub ki, Goranboy rayonu Qızılhacılı kənd sakinləri Səlimli Səlim Daşqın oğlu, Paşayev Arzu İlqar oğlu, Verdiyev Əfqan Mübariz oğlu və Cəfərov Fərid İlqar oğlu karantin rejimi qaydalarını kobud şəkildə pozaraq, yaşayış yerlərini tərk ediblər. Onlar bununla yanaşı, yeyib-içmək məclisi də təşkil ediblər.

Həmin şəxslər saxlanılaraq, Xocalı Rayon Polis Şöbəsinə gətirilib.

Aparılan reyd göstərib ki, hələ də bütün maarifləndirici tədbirlərə baxmayaraq, karantin rejimi qaydalarını pozan, qoyulan tələblərə əməl etməyən, koronavirus pandemiyasının yayılmasına şərait yarada biləcək hallar qeydə alınır. 

Virusla mübarizə istiqamətində hüquq-mühafizə orqanları əməkdaşları həmin şəxslərlə profilaktiki söhbətlər aparıb, barələrində müvafiq qaydada protokollar tərtib edilib. 

Nazirlər Kabineti Yanında operativ qərargahın tətbiq etdiyi sərt karantin rejiminə əməl etməyən şəxslər məsuliyyətə cəlb olunub.

Daha ətraflı Baku TV-nin videosüjetində:

Koronavirus nə vaxt bitəcək?Azərbaycanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayında günbəgün azalma müşahidə olunur. Hətta iyulun 19-da sağalma yoluxanlardan təxmini iki dəfə çox olub. Belə ki, 388 nəfər koronavirusa yoluxub, 517-si isə sağalaraq evə buraxılıb. 5 nəfər isə dünyasını dəyişib. Son günlərdəki kimi yoluxanların sayı sürətlə azalmağa davam edərsə sentyabrın sonuna kimi Azərbaycanda koronavirus pandemiyası bitə bilərmi?

Professor Adil Qeybulla bildirib ki, rəsmi rəqəmlər o qədər də diqqət etməyin:

"Çünki rəsmi rəqəmlər koronavirus testindən keçən və müayinə olunan xəstələrə aiddir. Xeyli xəstələr var ki, onlar evdə müalicə olunur. Onlar heç bir yerə də qeydiyyata düşməyib. Bunların sayı nəzərə alınsa yoluxmaların sayı rəsmi rəqəmlərdən çox olar. Son Qrabağla bağlı yürüşlərdə insanların kütləvi şəkildə toplaşması və bir-biri ilə yaxın ünsiyyətdə olması yeni yoluxmaya rəvac verəcək. Yəqin onun nəticəsini yaxın günlərdə hiss edəcəyik. Ona görə də mən nikbin əhval ruhiyyədə deyiləm. Ona görə də Azərbaycanda koronavirus pandemiyasının sentyabrda və yaxın aylarda bitəcəyini düşünmürəm".(sonxəbər.az)

Vilayət Eyvazovun adına saxta səhifə açılıb — DİN müraciət yaydı


Facebook sosial şəbəkəsində Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun adına naməlum şəxslər tərəfindən saxta səhifə açılaraq orada təhrif olunmuş yanlış məlumatlar yerləşdirilib.

Bununla əlaqədar sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırırıq ki, qeyd olunan səhifə saxtadır və oradakı paylaşımlar kimlərinsə uydurmasından başqa bir şey deyil. Məlumat üçün bildiririk ki, Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə rəsmi səhifələri mövcuddur və bundan başqa Nazirliyin ümumiyyətlə heç bir əməkdaşının sosial şəbəkələrdə səhifəsi yoxdur.
Odur ki, vətəndaşlarımızdan təxribat məqsədi ilə yaradılan belə saxta səhifələri izləməmələrini, yalnız DİN-in sosial şəbəkələrdəki rəsmi səhifərindən istifadə etmələrini xahiş edirik.

Məlumat üçün bir daha internet istifadəçilərinin diqqətinə çatdırırıq ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq dörd ilə yaxındır fəaliyyət göstərir. Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” hesablarına keçid işarələrindən istifadə edərək, yaxud aşağıdakı linklər vasitəsilə həmin səhifələrə daxil ola və abunə yazılmaqla məlumatları əldə edə bilərlər:

https://www.facebook.com/polisazerbaycan, https://www.instagram.com/polisazerbaycan/
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir

Bakıda və Abşeron yarımadasında iyulun 21-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Lənkəranda 20 və 22 yaşlı gənclər bıçaqlandı

Dünən Lənkəran şəhər sakinləri 1998-ci il təvəllüdlü Ruslan Rahmanov və 2000-ci il təvəllüdlü Məhərrəməli Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Lənkəran rayon prokurorluğun verilən məlumata görə, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

İlkin araşdırmalarla 1992-ci il təvəllüdlü Murad Əsədzadənin Lənkəran şəhəri, Sahil küçəsində şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı üzərində olan bıçaqla Ruslan Rahmanovu qəsdən öldürməyə cəhd etməsinə, onları ayırmağa çalışan Məhərrəməli Məmmədova isə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Murad Əsədzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.