Son xəbərlər

Pivə gecikdi, qan töküldü: Qazaxda kişi ofisiant sevgilisini bıçaqlayanları qana boyadı

Qazax rayonunda dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisə barədə bəzi detallar məlum olub.
Hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadisə müştərinin sifariş verdiyi pivənin gecikməsi səbəbindən baş verib.

Kafedə müşətir olan Elvin Abbasov və digər iki dostu pivə sifariş ediblər.

Onlara qulluq edən ofisiant Türkan Şamayeva sifarişi gec gətirib və E.Abbasovla aralarında mübahisə baş verib. Nəticədə o, T.Şamayevanı bıçaqlayıb.

Hadisəni eşidən Türkanın sevgilisi İsrafil Camalov E.Abbasovu və iki nəfəri bıçaqlayıb.
Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

İsrafil Camalov saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, ötən gün Qazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.

Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sağrı nahiyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Azərbaycan-Ermənistan sərhəddində erməni hərbçi məhv edilib.

Ermənistan KİVxəbərlərinə görə, Tavuş vilayətinin Azərbaycanla həmsərhəd ərazisində baş verən atışma zamanı əsgər Aşot Gevorkoviç Mikaelyan məhv edilib.

Hadisənin gecə saat 02:00 radələrində Azərbaycan istiqamətində təxribat cəhdi zamanı baş verdiyi bildirilir. (modern.az)

Bakıda altı yaşlı uşağı avtomobil vurdu
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü Qasımzadə Cavid Cəlal oğlu yaşadığı evin yaxınlığında anasının diqqətindən yayınaraq, avtomobil yoluna çıxıb. Bu zaman qarşıdan gələn avtomobil onu vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda jurnalist koronavirusa yoluxdu

Tanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.
Report xəbər verir ki, bu barədə onun oğlu bildirib.
"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetlərində, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib.

Qarabağda koronavirusdan ilk ölüm halı qeydə alınıb

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsində koronavirusa yoluxanlar arasında ilk ölüm halı qeydə alınıb.
Bu barədə məlumatı qondarma rejimin “Səhiyyə Nazirliyi” yayıb.

Məlumata görə, ölən şəxs 90 yaşında olan bir qadındır.
Ümumilikdə bölgədə koronavirusa yoluxanların sayı 212 nəfərdir. Onlardan 149-u sağalıb.

Bildirilib ki, işğal altında olan ərazidə 125 nəfər karantinə alınıb, 4 691 koronavirus testi aparılıb.

941 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 24 iyul 2020-ci il saat 00:00-dan 25 iyul 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 858 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 83 nəfər olmaqla, ümumilikdə 941 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 80-i rayon, 115-i paytaxt istiqamətinə olmaqla 195, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 130-u paytaxt istiqamətinə olmaqla 155, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 200-ü rayon, 320-si paytaxt istiqamətinə olmaqla 520 avtomobil geri qaytarılıb, ümumilikdə 870 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Kiyevdə dörd azərbaycanlı tələbə erməni tərəfindən güllələnib.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov bildirib ki, dünən saat 21:30 radələrində Kiyevin mərkəzində dörd azərbaycanlı tələbəyə erməni atəş açıb, onlardan ikisi yaralanıb.

“Bu xəbəri eşidən kimi mən və Diasporun idarə heyətinin üzvləri hadisə yerinə gəldik. Tələbələrimiz evə qayıdıb və binanın həyətində erməni nömrələri olan bir maşın gördülər. Azərbaycanlıların yaxından diqqətini görən avtomobil sahibi onunla mübahisəyə başladı. Bundan sonra ona başqa bir erməni də qoşuldu. Onlardan birində tapança var idi. Təcavüzkarlar cinayət yerindən qaçıblar. Səhər beşə qədər hadisə yerində qaldıq. Yaralılar xəstəxanaya aparılıb. Polis təcavüzkarları axtarır ”

 

 

Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı

Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq, Cəlilabad şəhəri ərazisində yaradılmış stasionar postlardan birində “Niva” markalı avtomobilin sürücüsünə “saxla” əmri verilib. 

Lakin o, əmrə tabe olmayaraq, hərəkətini davam etdirib. Polis əməkdaşlarının sayıqlığı nəticəsində çox da uzağa gedə bilməyən sürücü idarə etdiyi avtomobillə birlikdə saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğu üçün o saxlanılaraq, Rayon Polis Şöbəsinə gətirilib. Həmin şəxsin Yardımlı rayon Astanlı kənd sakini İntiqam Mirişov olduğu müəyyən edilib.

Üzərinə və idarə etdiyi avtomobilə keçirilən baxış zamanı ümumilikdə 52 qram narkotik vasitə heroin, 8 qram psixatrop maddə metamfetamin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı

Amerikalı alimlər koronavirus xəstələrində ölüm riskini artıran vasitələri açıqlayıblar.
Oxu.az-ın məlmatına görə, bu barədə "İzvestiya” xəbər yayıb.

Mütəxəssislərin fikrincə, xəstələrin vəziyyətini mədə xorası, qastrit və mədə qıcqırması hallarında kömək edən məşhur dərmanlar pisləşdirə bilər. Tədqiqatlar göstərib ki, COVID-19-a yoluxan və bu cür dərmanlar qəbul edən insanlar arasında ölüm halı istifadə etməyənlərlə müqayisədə 2,3 dəfə çoxdur.
Bundan əlavə, belə xəstələrin ağciyərlərin süni ventilyasiyası cihazına qoşulma riski də 2,5 dəfə artıqdır.
Rusiyalı qastroenteroloqların fikrincə, buna səbəb belə dərmanların mədə turşuluğunun səviyyəsini aşağı salmasıdır. Bu da öz növbəsində mədənin baryer funksiyasının azalmasına və bağırsaq mikroflorasında dəyişikliklərə səbəb olur. Beləliklə, virus hissəcikləri insan orqanizminə selikli qişa vasitəsilə daha fəal şəkildə nüfuz edir və xəstəliyi ağırlaşdırır.
Bundan əvvəl koronavirus infeksiyası nəticəsində ölüm riskini artıran vacib amillərdən biri kimi qanda şəkərin artması (hiperglisemiya) göstərilmişdi. Mütəxəssislərin sözlərinə görə, diabet xəstəliyi aşkarlanmayan və koronovirusa yoluxan xəstələrin qanında qlükozanın səviyyəsi ilə ölümləri arasında əlaqə aşkarlanıb.

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib. 

Oxu.az məlumatına görə, 7 saylı doğum evində cərrah mama-ginekoloq kimi çalışan Valiyə Peykərin COVID-19 test nəticəsi müsbət çıxıb.

Həkimlərin səyinə baxmayaraq, həkimin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün koronavirusdan ölüb.