Son xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Məşhur Məmmədov,
Millət vəkili


2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdən bizi 20 illik zaman ayırır. O zaman keçirilən seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. Daha dəqiq desək, xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Doğru seçim nəticəsində Ulu Öndər Heydər Əliyevin siyasi kursu yaşamağa davam etdi. Bu siyasi kursa sadiqliyini nümayiş etdirən qədirbilən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.
Ötən müddət ərzində ölkədə gedən siyasi, iqtisadi, sosial prosesləri izlədikdə aydın görmək olur ki, dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrildi. Hazırda 720 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. Partiyanın 85 yerli təşkilatı (rayon təşkilatı) mövcuddur. Hazırda YAP-ın 720 830 nəfər üzvü vardır. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. YAP-ın VII Qurultayında qəbul olunmuş qərarlar Partiyanın gələcək inkişaf strategiyasını müəyyən etmişdir. Qurultayda Partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edilmiş, 2021-ci ildə YAP-ın Proqramı qəbul olunmuşdur.
Fəaliyyəti dövründə Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici media subyektlərinə müsahibələr vermişdir. Prezident İlham Əliyev, həmçinin informasiya cəbhəsində Ermənistanın bütün təbliğatının üzərindən dünyanın aparıcı media qurumlarına müsahibələri ilə xətt çəkdi: “Bu müharibə dövründə 30-a yaxın müsahibə vermişəm. Ömrümdə bəlkə də bu qədər müsahibə verməmişəm …o müsahibələrdə demişəm ki, biz beynəlxalq hüquqa hörmətlə yanaşırıq, biz beynəlxalq hüququ müdafiə edirik, biz ədaləti müdafiə edirik, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik. Demişdim ki, bizim bütün addımlarımız beynəlxalq hüququn norma və prinsipləri əsasında, əxlaq əsasında görülüb və bütün addımlarımız bu istiqamətdə atılıb. İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq. Düşmənin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Bax, bizim fərqimiz bundan ibarətdir”.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.
Azərbaycanın Zəfər qələbəsindən sonra regionda yaranmış yeni reallıqlara nəzər salsaq görərik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası məqsədilə 7 iyul 2021-ci il tarixində imzalandığı Fərmanla Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsünü müəyyən edildi və bununla da regionun yeni iqtisadi və siyasi reallığı rəsmiləşdirildi. Fərmana əsasən ölkəmizdə yaradılmış 14 yeni iqtisadi rayon sistemli islahatların davamı olaraq dayanıqlı inkişafı təmin edir. Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.
Əminliklə deyə bilərik ki, antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbənin təntənəsidir. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi.
“Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət strategiyası bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Azərbaycan xarici siyasətində əməkdaşlığa xüsusi önəm verir. Daim bu əlaqələrin yeni sahələr üzrə inkişafı istiqamətində böyük səylər göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını – Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikovu, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini, Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri İvan Terteli, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Sagimbayevi, Qırğızıstanın Baş nazirinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi, Özbəkistanın Dövlət Təhlükəsizlik Xidmətinin sədri Abdusalom Azizovu, Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Saymumin Yatimovu və MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin rəhbəri Yevgeniy Sısoyevi qəbul edib. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

K.Bayramov qeyd edib ki, Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Ölkəmizdə bütün istiqamətlər üzrə təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur. Ölkələrimizin yerləşdiyi regionlarda xarici təhdidlər də yox deyil və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu fakt regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır.

Deputat diqqətə çatdırıb ki, rəsmi İrəvan sülhlə bağlı tədbirləri hər zaman ikinci plana keçirir. Nikol Paşinyan bu və ikitərəfli məsələlərlə bağlı görüşlərə getməkdən yayınır.Onun, Bişkekdə MDB dövlət başçılarının sammitində iştirakdan imtina etməsi, Brüsselə səfəri “təxirə” salması kimi faktlar da bunu təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib: "İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki, əgər, sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır".

Bildiyiniz kimi, Ermənistan 1994-cü ilin mayında Qırğızıstanın paytaxtı Bişkekdə imzalanmış atəşkəs rejimini 2020-ci il sentyabrın 27-dək pozub, müxtəlif terror və təxribatlar törədib. Həmin il Azərbaycan özünün işğal edilmiş torpaqlarında Ermənistan silahlı qüvvələrinə və qanunsuz silahlı qruplaşmalara qarşı əks-hücum əməliyyatına başladı. Bu, 2020-ci il noyabrın 10-da rəsmi İrəvanın kapitulyasiya aktını və üçtərəfli bəyanatı imzalaması ilə nəticələndi. Elə zənn edilirdi ki, bu ölkənin rəhbərliyi baş verənlərdən nəticə çıxarıb reallığı düzgün dəyərləndirəcək, bəyanatın müddəalarına əməl edəcək. Əksinə, kommunikasiyaların açılması ilə bağlı müddəa yerinə yetirilməyib - minaların xəritəsi, qanunsuz silahlı dəstələr, cinayətkarlar təhvil verilməyib, torpaqlar işğaldan azad edilməyib. Rəsmi Bakının sülh müqaviləsinin imzalanması ilə bağlı təqdim etdiyi təkliflər paketinə indiyədək cavab verilməyib.

K.Bayramov əlavə edib ki, Azərbaycan ərazilərində kütləvi şəkildə minaların və digər partlayıcı qurğuların yerləşdirilməsi bərpa və yenidənqurma işlərinin əngəlsiz şəkildə irəliləməsinə ciddi maneə olaraq qalır. Bu, otuz illik məcburi köçkünlükdən sonra öz evlərinə qayıdan şəxslər üçün də real təhlükədir.

 

İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bütün bunlarda məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanlılar öz torpaqlarında, hətta, müharibədən sonra həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak olmuş və ağır şəkildə yaralanmışlar. Təəssüf ki, onların sayı hər həftə artır.

K.Bayramov əlavə edib ki, Ermənistan əldə edilmiş razılaşmalara əməl etməməklə noyabr bəyanatının imzalanmasında vasitəçi və zəmanətçi missiyasını üzərinə götürmüş Rusiyaya da etibar və etimadı azaldır. Rəsmi İrəvanın bu davranışı Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi təhdid edir. Dövlət başçısı vurğulayıb ki, "bu gün ərazilərin quldur dəstələrindən təmizlənməsi prosesi gedir. Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur".

Deputat xüsusi olaraq qeyd edib ki, ölkədə reinteqrasiya prosesi intensiv şəkildə davam edir. Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər bunun şahididirlər”.

“Cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 15 oktyabr 2003-cü il tarixindən 20 il keçir. 20 il hər bir vədə sadiqliyin, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin təqdimatıdır. Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev təkmil islahatları, yeniliyə, müasirliyə əsaslanan siyasəti ilə Azərbaycanı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldib. Onun şah əsəri olan müasir müstəqil Azərbaycan son üç ildir ki, qalib ölkə kimi dünyanın diqqətindədir. Ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası Ümummilli Liderin ən böyük arzusu idi. Hər bir hədəfə nail olmaq üçün səylərin artırılması, hərtərəfli hazırlıq işlərinin görülməsi vacib faktordur. Cənab İlham Əliyev Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışına uyğun olaraq öncə iqrisadi müstəqilliyimizin möhkəmləndirilməsini prioritet məsələ kimi qarşıya qoydu. Belə ki, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə jurnalistlərə ilk müsahibəsində “İlk növbədə Sizdən hansı addımları gözləyəcəyik ki, iqtisadiyyatın inkişafı üçün bunlar zəruridir” sualına çavabında bildirmişdir ki, hər şey iqtisadiyyat üzərində qurulub. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll etmək imkanımız olacaq. Artıq bu istiqamətdə çox böyük işlər görülüb. Bu hədəfi də açıqlamışdır ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcək. Sahibkarlar sinfi yaranacaq. Özəl sektorun fəaliyyəti nəticəsində  Azərbaycanın büdcəsi artacaq, yeni iş yerləri açılacaq. Bu mühüm məqam, çağırış da diqqətə çatdırıldı ki, bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının  Prezidentiyəm. Borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss etsin.”



Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, ölkəmiz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla hər bir sınaqdan uğurla çıxmasını təmin etdi: “Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın qarşısında geniş imkanlar yaradır. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər görür. Regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Regional inkişaf Proqramları təsdiqləndi və uğurla icra edilir. 3 Dövlət Proqramı icra edilib, dördüncü sənədin icrası bu il başa çatacaq. Regional inkişaf Proqramlarına uyğun olaraq mühüm  infrastruktur layihələri həyata keçirilir. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin edir. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verir. Dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan rolu artır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Cənub Qaz Dəhlizi layihəsinin əsas tərkib hissələri olan TANAP-ın və TAP-ın istifadəyə verilməsinə nail oldu. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Ümumilikdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir.”

Ə.Salahzadə 20 ilin uğurlarının xronologiyasını belə təqdim edib: “Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz uğurlu  inkişafına nail olub. Ötən dövr ərzində insanların rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunması həyata keçirilən təkmil sosial-iqtisadi islahatların göstəricisidir. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli addımları ilə təsdiqləyən cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin uğurlu icrasında da vətəndaş məmnunluğunun artırılması əsas hədəfdir.”

Millət vəkili Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib: “Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Uğurlu siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin qəhrəmanlığı, şücaəti ilə qazanılan Zəfərimizdən başlanan yolun hədəfi Qarabağımızı və Şərqi Zəngəzurumuzu cənnətə çevirmək, soydaşlarımızın Böyük Qayıdışını tam şəkildə  reallaşdırmaqdır. Mərhələli şəkildə dogma yurd-yuvalarına qovuşdurulan soydaşlarımız 30 ilə yaxın dövrdə bu günü səbirsizliklə gözləyirdi. Dövlət başçısı İlham Əliyev hər zaman bu inamı ifadə edirdi ki, biz öz dogma torparlarımıza qayıdacaq, bu əraziləri dirçəldəcəyik. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Artıq xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevdən növbəti müjdəni gözləyir. Tezliklə tarixi ədalətə söykənərək Qərbi Azərbaycana da qayıdışımız təmin ediləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hər zaman gələcəyə baxır, nə vaxt, nəyi, necə emək lazımdır bunu bilir.”

 

Xəbər verdiyimiz kimi, Mübariz Qürbanoğlu Təhsil və Yardımlaşma Fondu Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə 2023-2034 cü tədris ili üçün təqaüd verəcək.

Həmən tələbələrdən biri də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktında şəhid olan Orxan Əsgərovun qızı Aysu Əsgərlidir.

 

Məsələ ilə bağlı saytımızda açıqlamasında şəhid Orxan Əsgərovun həyat yoldaşı Aynur Əsgərova övladına dəstək verdiyi üçün “Palmali Group”un sahibi Mübariz Mənsimova təşəkkür edib:

“Mübariz Qurbanoğlu Təhsil və Yardımlaşma Fondundan bizə zəng gəldi. Fond Aysu Əsgərlinin təhsilinə köməklik edəcəklərini və ona burs ayırdıqlarını bildirdi. Çox sağ olsunlar, çox minnətdarıq bizim üçün çox sevindirici hal oldu. Aysu hal-hazırda Türkiyənin Bursa Uludağ universitetinin birinci kursunda oxuyur”.