Lənkəranda Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimat mərasimi keçirilib.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabın müəllifi yazıçı-jurnalist İradə Məlikovadır.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitab Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan və talış dillərində nəşr edilib.

Kitabın Azərbaycan dilində redaktoru şair-publisist Rauf İlyasoğlu, talış dilində redaktoru isə şair-publisist Baləddin Veşodur. Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, professor, ərəbşünas alim, talış icmasının sədri İmamverdi Həmidovdur.

Nəşrdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri, eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşlər, zəhmət adamları ilə maraqlı söhbətləri, həmçinin həmin rayonların ziyalılarının dahi şəxsiyyətlə söhbətləri barədə xatirələri qeydə alınıb.

Çıxışlarda kitabın multikultural dəyərlərə əsaslanaraq Azərbaycanda yaşayan çoxsaylı xalqların azərbaycançılıq ideyalarına xidmət etməsindən, dahi şəxsiyyətin dövlətçilik yolunda göstərdiyi misilsiz xidmətlərin təbliği işinə daha bir töhfə olacağından, Heydər Əliyev haqqında digər nəşrlər kimi, bu əsərin də geniş oxucu auditoriyası qazanacağından söz açılıb.

Qeyd edilib ki, azərbaycançılıq ideyasını və çoxmədəniyyətliliyi dəstəkləyən Heydər Əliyevin xidmətləri heç zaman unudulmur.

Sonda müəllif tərəfindən imzalan kitablar tədbir iştirakçılarına təqdim olunub.