Prezident “Azərsu”ya pul ayırdı

Prezident İlham Əliyev avqustun 12-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb.

Həmçinin bu məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.

Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan şəhid diplomatları yad edib

Bu gün Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in binasında terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsilə tanış olub.
APA xəbər verir ki, C.Bayramovu Türkiyə Xarici İşlər Naziri Mövlud Cavuşoğlu müşayiət edib.
Nazir yazıb ki, xatirə lövhəsində adları əks olunan diplomatların arasında erməni terrorunun qurbanları da var.

Terroru qətiyyətlə pislədiyini qeyd edən C.Bayramov şəhid diplomatlara rəhmət diləyib.

Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd olunacaqPrezident İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir.

1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir.

Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıqlardaAzərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüş barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində dərc edilib. Qeyd edək ki, M.Çavuşoğlunun dəvəti ilə Türkiyəyə səfər edən C.Bayramovun sözügedən ziyarəti onun Xarici İşlər naziri kimi ölkə xaricinə ilk səfəridir.

Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.

"Olaylar.az xəbər verir ki, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.

Şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var.

Məlumat üçün qeyd edək ki, Elxan Orucov 2013-cü ildə bu vəzifəyə təyin olunub.

Bundan başqa, şirkətin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb.

“Bu o deməkdir ki, vətəndaşların xeyrinə qərar qəbul edilib”

Deputat Vüqar Bayramov Konstitutsiya Məhkəməsinin blok olunmuş əmanətlər ilə bağlı qərarını şərh edib.

O bildirib ki, qərara əsasan, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir:

"Aydınlıq üçün qeyd edək ki, “təshih tədbiri” bəzi bankların əmanət qəbulunun qadağan edilməsi ilə bağlı qərarı nəzərdə tutur. Yəni, müflis olan banklarda əmanət qəbulu qadağasından sonra götürülən depozitlər qorunan hesab olunur. Xatırladaq ki, NBC Bank, AG Bank və ATA Bank qadağa olsa da, əhalidən əmanət qəbul ediblər və həmin banklar müflis elan olunduqdan sonra o pullar blok edilmişdir. Bu o deməkdir ki, Konstitutsiya Məhkəməsi bizim təklif etdiyimiz kimi vətəndaşlarımızın xeyrinə qərar qəbul edib. Söhbət 1300-dən çox vətəndaşımızın 62 milyon manat əmanətinin qaytarılmasından gedir.

Qərarda eyni zamanda qeyd olunur ki, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz. Bu müflis elan olunan Atabank ilə bağlı məsələdir. Belə ki, bankın bəzi filialı bağlanandan sonra depozitlər digər filiala miqrasiya edilmişdi. Bu məsələyə də məhkəmə aydınlıq gətirdi.

Güman olunur ki, bu qərardan sonra yaxın günlərdə əmanətlərin geri qaytarılması ilə bağlı zaman müəyyənləşəcək və qısa vaxtda əmanətlərin qaytarılmasına başlanılacaq. Bu haqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən vətəndaşları məlumatlandırması gözlənilir".

Cavid Qurbanov videokonfrans keçirdi

“Azərbaycan Dəmir Yolları” QSC-də ölkə başçısının çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli  iclas keçirilib.

İclasda Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixində koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi müşavirədə dövlət şirkətləri, o cümlədən QSC-nin fəaliyyəti barədə səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə olunub.

Qeyd edilib ki, dövlət başçısının rəhbərliyi və dəstəyi ilə son illərdə nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini təmin etmək məqsədilə bir sıra mühüm qərarlar qəbul olunaraq ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, həmçinin “Bakı-Tbilisi-Qars” və “Şimal-Cənub” layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilib.

“Asiya İnkişaf  Bankı” ilə instusional islahatlar sahəsində aparılmış əməkdaşlıq çərçivəsində fəaliyyətə əsaslanan korporativ və insan resursları idarəedilməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiya istiqamətində layihələr, maliyyə sisteminin müasir tələblərə uyğun qurulması, borcların restrukturizasiyası və digər məsələlərlə  bağlı bir sıra işlər yerinə yetirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısı İlham Əliyevin çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb. 

“Azərbaycan Dəmir Yolları” QSC 2030” yeni strategiyasının hazırlaması üçün böyük təcrübəyə malik olan “McKinsey&Company” şirkəti ilə əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin surətləndirildiyi bildirilib. 

İclasda COVID-19 pandemiyasının dünya dəmir yolları şəbəkəsinə, o cümlədən QSC-nin fəaliyyətinə təsirindən söhbət açılıb. Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə pandemiyanın yaratdığı çətin şəraitə baxmayaraq, ötən ilin birinci yarısı ilə müqayisədə yük daşımalarda artımın müşahidə olunduğu bildirilərək, ölkənin tranzit şəbəkəyə çevrilməsi istiqamətində səylərin bundan sonra daha sürətlə davam etdiriləcəyi vurğulanıb. 

Yekunda Prezidentin tapşırığı istiqamətində işləri sürətləndirmək, o cümlədən səmərəliliyin artırılması və xərclərin optimallaşdırılması məqsədilə təhlillərin aparılması ilə bağlı zəruri addımların atılması qərara alınıb.

 

 
Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş keçirilir

Azərbaycan və Serbiya hökumət nümayəndələrinin iştirakı ilə görüş keçirilir.
Report xəbər verir ki, görüşdə Serbiya Respublikasının Baş Nazirinin müavini və Daxili İşlər naziri Neboyşa Stefanoviç, Azərbaycan tərəfindən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Təhlükəsizlik Şurasının katibi Ramil Usubov iştirak edirlər.

Mühacir Qərbi Azərbaycan İrəvan Respublikasının adı İrəvan Türk Cümhuriyyəti olaraq dəyişdirilib.

Bu barədə Modern.aza mühacir dövlətin təsisçisi, ermənişünas alim Qafar Çaxmaqlı məlumat verib. O, dövlətin adının dəyişdirilməsinin səbəblərini izah edib:

“Avqustun 8-də Sədarətin toplantısını keçirdik. Sədarət uzun müddət müzakirələrə səbəb olan Mühacir Qərbi Azərbaycan İrəvan Respublikasının adının dəyişdirilməsi ilə bağlı məsələ qoymuşdu. Biz bu məsələni bir neçə dəfə müzakirə etsək də qərar qəbul etməmişdik. Səs çoxluğu ilə İrəvan Türk Cümhuriyyəti adı ilə davam etməyə qərar verdik.

Biz beynəlxalq təşkilatlara müraciət edərkən Qərbi Azərbaycan İrəvan Respublikası olaraq müraciət edirdik. Qərbi Azərbaycan kəlməsi isə müəyyən dolaşıqlıq yaradırdı. Çünki Cənubi Azərbaycanın bir hissəsi Qərbi Azərbaycan ostanı adlanır. Paytaxtı Urmiya olan bölgədir.

İkinci tərəfdən biz bu fikirdəyik ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağda ermənilər işğalçılıq fəaliyyəti göstəriblər, Azərbaycanın böyük hissəsini işğal altında saxlayırlar. Biz də Qərbi Azərbaycan adı ilə ortaya çıxsaq, anlaşılmazlıq yaranar, ermənilər bizə qarşı “ikinci Azərbaycan dövlətini qurmaq istəyirlər” deyə iftiralar ata bilərdilər. İrəvan Türk Cümhuriyyəti adının qəbul edilməsinin əsasları var. Çünki İrəvan Azərbaycanın tarixi torpaqlarından biri olmaqla yanaşı həm də xanlıqlar dövründə ayrıca bir xanlıq olub. Bunu əsas götürdükdə, xanlıqların əahlisi, ordusu, bayrağı, digər atributları var idi. Bu mənada həm də İrəvan kəlməsi Qərbi Azərbaycan kəlməsinin həm başqa şəkildə daşıyıcısı həm də bir az da qısaldılmış formasıdır. Qərbi Azərbaycanda yaşayan və sonradan qovulan insanların təxminən 4 milyona yaxın insanın hamısı – 99,9 faizi türklərdən ibarətdir. Qərbi azərbaycanlılar hər zaman türk adlandırıldığından bu dəyişikliyi uyğun gördük. Bu mənim iradəmlə səsverməyə qoyulan, qəbul edilmiş qərar oldu. Fərqli fikirlər səsləndirənlər də oldu. Təbii ki, onlara böyük sayğı ilə yanaşırıq. Səs çoxluğu ilə məsələ qəbul edildi”.

Dövlətin fəaliyyəti ilə bağlı məqamlara gəlincə, Qafar Çaxmaqlı qeyd edib ki, bu neçə istiqamətdə şaxələnir:

“Birinci istiqamət beynəlxalq təşkilatlarla işdir. İkinci istiqamət isə dövlət atributlarının formalaşdırılması olacaq. Üçüncü istiqamət departament şəklində formalaşdırdığımız dövlətin fəaliyyətidir. Bizdə 10 departamentin ayrı –ayrı sahələr üzrə fəaliyyəti davam edir. Artıq katibliyimiz, onun rəhbəri və üzvləri də formalaşdırılıb. Başqa sözlə desək, genel sekreterlik formalaşdırmışıq.

Hədəflərimizlə bağlı müəyyən işlər görməyə çalışırıq. Bunu isə ictimaiyyətə hər zaman açıqlayırıq. Bilgiləndirmə məqsədi ilə qurulmuş mərkəzimiz də fəaliyyətlərini davam etdirir.

Bizim ən əsas işlərimizdən biri əhalini siyahıya almaqdır. Saytımız hazırlanır, demək olar, tamam hazırdır. Saytda Qərbi Azərbaycan əhalisinin pasportlaşmasını həyata keçirəcəyik. Burada doğulan insanlar və övladları, qovulanlar, müxtəlif ölkələrdə yaşayan Qərbi Azərbaycan kökənli insanlar qeydiyyata alınacaq. Sonra parlament seçkiləri olacaq. Hökumət formalaşdırıldıqdan sonra baş nazir  və prezident seçiləcək. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.

Ceyhun Bayramov Türkiyədə rəsmi səfərdədir

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.