Dövlətimizin başçısı A.Lukaşenkonu prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Belarus xalqının firavanlığı və ölkənin inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə ediblər.
Telefon söhbəti zamanı əməkdaşlığın müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi həyata keçirilib.
Unikal.org xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə M. Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bu vəzifəni Milli Məclisin deputatı Elman Məmmədovun oğlu Elşad Məmmədov tuturdu.
Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.
Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.
Dövlətimizin başçısı Serbiya Prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.
Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəliblər.
Prezident İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirib.
Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir çox rayonlarda əməliyyat həyata keçirsə də, bəzi rayonlar bunlardan nəticə çıxarmayıb.
Qanunsuz əməllər rayonlarda davam edir.
Bunu deputat Fazil Mustafa Milli Məclisin iclasında çıxış edərkən deyib. F.Mustafa bildirib ki, qanunsuz əməllərini davam etdirən rayonlardan biri də Göyçay və digər rayonlardır:
“Dünən həmkarım Siyavuş Novruzov bildirdi ki, icra başçılarının səlahiyyətləri azdır, süpürgəçilərdən başqa heç kimə səlahiyyəti çatmır. Amma onu da unutmayaq ki, rayon icra hakimiyyətləri bir çox hallarda bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər. Bəlkə elə ona görə, əgər onlara daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar. Onların səlahiyyətlərinin az olması, bəlkə də işin xeyrinədir”.
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.
İclasa spiker Sahibə Qafarova sədrlik edir. İclasın gündəliyə 6 məsələ daxil edilib.
Müzakirəyə çıxarılan 6 məsələnin hamısı üçüncü oxunuşdur.
Beyrut şəhərində baş verən partlayışdan sonra Livan hökuməti ilə rəsmi İrəvanın zərər çəkmiş ermənilərin Qarabağa köçürülməsi ilə bağlı danışıqlara başlamasına dair yayılan xəbərlər rəsmi deyil. Lakin Livan bu məsələdə maraqlı olmasa da, Ermənistan bu yöndə təklif irəli sürə bilər.
Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Livanın paytaxtı Beyrut şəhərində baş verən dəhşətli partlayışdan sonra Livandan ermənilərin Qarabağ və ətraf rayonlara köçürülməsi ilə bağlı səslənən iddiaları şərh edərkən deyib.
Politoloq bildirib ki, bu gün Livanda 200 mindən çox erməni yaşayır:
“Ermənilər dünyanın bir çox ölkəsində yaşasa da, Livan onlar üçün çox önəmlidir. Çünki bu ölkə, xüsusilə də Beyrut limanı ermənilərin dünyaya açılan qapısı hesab edilir. Ermənilərin Livana gəlişi 19-cu əsrin sonlarına təsadüf edir. Bu ermənilər Osmanlı sultanı II Əbdülhəmidin dövründə mərkəzi hakimiyyətə vaxtaşırı üsyan etdikləri üçün Şərqi Anadoludan sürgün ediliblər. Sürgündən sonra ermənilər Yaxın Şərqin bir çox strateji nöqtəsini, eyni zamanda Livanın Beyrut limanını özləri üçün məskən seçiblər.
Dünyaca tanınan ASALA terror təşkilatının mərkəzi Beyrut şəhəridir. Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsi vaxtı Livandan Dağlıq Qarabağa ASALA-nın çoxsaylı militan dəstələri köməyə gəlirdi”.
Politoloq bildirib ki, Beyrutda baş verən partlayışdan Ermənistan istifadə etməyə çalışacaq:
“Beyrutda partlayışdan ən çox zərər çəkənlər yerli ermənilərdir. Çünki bu ermənilərin bir çoxu liman ərazisində yaşayırdı və geniş biznes sahələri vardı. Partlayış zamanı evlərini, mülklərini itirən erməniləri rəsmi İrəvan sevə-sevə qarşılamağa hazırdır. Xüsusilə də bu ermənilər ilk növbədə işğal altındakı Dağlıq Qarabağa yerləşdirilə bilər. Məqsəd isə Dağlıq Qarabağda ermənilərin sayını artırmaqdır. Bildiyiniz kimi, orda hazırda 50-60 min erməni qalıb”.
Politoloqun sözlərinə görə, Livan ermənilərinin Dağlıq Qarabağa yerləşməsi ümumilikdə o qədər də asan məsələ deyil:
“Burda bir neçə səbəb var. Birincisi, Azərbaycanın müqaviməti, ikincisi, Dağlıq Qarabağın və ümumiyyətlə Ermənistanın iqtisadi baxımdan regional layihələrdən kənarda qalması, investisiya üçün əlverişsiz olmasıdır. Təsadüfü deyil ki, Ermənistanın özünə investisiya yatırılmır. Digər ən önəmli məsələ Ermənistanın okeanlara çıxışının olmamasıdır. Livan erməniləri liman şəhərində yaşayırlar və böyük ticari əlaqələri də bunun üzərindən qurublar. Onlar Ermənistanda ərik əkib, Rusiyada satmağa və yaxud turizmin çökdüyü bir vaxtda Dağlıq Qarabağ ermənilərinin yeganə ümid yeri olan turizmə sərmayə qoya bilməzlər. Nəzərə alsaq ki, Qarabağa turist cəlbi də mümkün deyil və Azərbaycan bu cəhdləri ciddi şəkildə bloklayır, onda Livan ermənilərinin Dağlıq Qarabağda yerləşməsi çətin görünür.
Amma bütün hallarda Azərbaycanın bu prosesi diqqətdə saxlaması vacibdir”.
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatır
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.
Bugünkü toplantının gündəliyinə 6 məsələ daxil edilib.
İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı qanun layihələri üçüncü (sonuncu) oxunuşda müzakirəyə çıxarılacaq. Bununla da parlamentin növbədənkənar sessiyası başa çatacaq.
Qeyd edək ki, Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də parlamentin növbədənkənar sessiyasının çağrılması ilə bağlı sərəncam imzalayıb. Avqustun 4-də başlayan növbədənkənar sessiya çərçivəsində qanunverici orqanın iki iclası (avqustun 5-i və 6-da) keçirilib.
"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib.
Dövlət başçısı vurğulayıb: "Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gərək hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki əgər hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır.
Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Artıq bu haqda mətbuatda kifayət qədər məlumat var. Demək olar ki, bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Amma həkimlərin böyük əksəriyyəti bunu, sadəcə olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz".
Prezident İlham Əliyev Azərbaycan Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
1. Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
"Pandemiya, neftin qiymətinin aşağı düşməsi, Azərbaycanda da iqtisadiyyatında da problem yaradıb və yaratmaqdadır. Necə ola bilir ki, Azərbaycanda pandemiyanın ən şiddətli və çox sərt karantin dövrü idi, amma dövlət büdcəsinin gəlir və xərclərini yerinə yetirə bildik və 345 milyon profsit yarandı”.
Bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhəmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. V.Əhmədov büdcə dəyişikliyinin pandemiya ilə bağlı olmadığını deyib:
“Amma pandemiyanın yumşaldığı dövrdə iqtisadiyyat zəifləyir. Deməli, bu, heç də pandemiyaya bağlı məsələ deyil. Rusiyada, Türkiyədə bütün müəssisələr fəaliyyət göstərir, amma ciddi karantin rejimi də tətbiq olunur. Biz müəssisələrin açılması ilə bağlı iş görməsək, ilin ikinci yarısında ciddi problemlərlə üzləşəcəyik. Dövlətə gəlir gətirən müəssisələrin fəaliyyətinə icazə verilməlidir. Bəzi müəssisələrin işləməsinə ehtiyac var. Nazirlər Kabineti, Operativ Qərargah bu haqda düşünməli, dövlət büdcəsinə xeyir verən sahələrin siyahısını tətbiq edərək onların işləməsinə şərait yaratmalıdır. Büdcə sisteminin dəyişdirilməsini müzakirə edirik. Düşünürəm ki, bu, vacibdir. Çünki qeyri-neft sektorunda gəlir aşağı düşüb. Amma hesab edirəm ki, burada ciddi məsələ istehsal və xidmət sahələrinin fəaliyyətinin bərpa olunmasıdır”.
Deputat manatın taleyi ilə bağlı da məsələyə toxunub:
“Neftin qiyməti aşağı düşürsə, qeyri-neft sektorunun gəlirlərinin azalması manatın taleyinə ciddi təsir edir. Biz, bununla bağlı ciddi düşünməliyik. Manatın taleyi necə olacaq? Pandemiya davam edir, iqtisadiyat böhran vəziyyətindədir, bu da manat üçün ciddi təhlükədir”.