Keçmiş SSRİ ölkələrində müxalifət ciddi böhran yaşayır. Orta Asiya respublikalarında siyasət meydanında müxalifətçilik ənənəsi demək olar ki, əvvəldən yox səviyyəsində olub. Qırğızıstanı istisna etsək, bu respublikalarda müxalifət adına təşkilatların ən yaxşı halda formal adı var.
Azərbaycanla bağlı danışsaq, müxalifətin vəziyyəti göz önündədir. Vaxtilə ictimai, siyasi proseslərə ciddi təsir imkanları olan partiyalar bu gün həmin imkanların cüzi hissəsini saxlaya biliblər. Belə vəziyyətə səbəb kimi müxalifət təşkilatlarının və liderlərinin buraxdıqları səhvlər də göstərilir.
Digər postsovet respublikalardakı duruma gəlincə, bu barədə “Yeni Müsavat”a danışan beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev öncə ümumi olaraq bildirdi ki, hər bir ölkə o zaman güclü olur ki, orada güclü müxalifət olur. Təkcə iqtidarın güclü olması ölkənin güclənməsi üçün yetərli ola bilməz. Müxalifət də güclü olmalıdır. Söhbət dövlətçiliyə bağlı müxalifətdən gedir: “Əgər bu müxalifət sıradan çıxardılacaqsa, o zaman onların yerini qaranlıq güclər tutacaq. Eyni zamanda dini radikallara meydan açılacaq. Ona görə də hesab edirəm ki, Azərbaycanda da siyasi partiyalar sistemini heç olmasa 10-15 il öncəki vəziyyətinə qaytarmaq üçün bütün vasitələrdən istifadə olunmalıdır”.
E.Mustafayev qeyd etdi ki, postsovet respublikalarında müxalifətin vəziyyətinə nəzər salanda ilk sırada Gürcüstan müxalifəti gəlir. Mixail Saakaşvili hakimiyyəti zamanında qoyulmuş siyasi partiyalara münasibətin təməl prinsiplərini ondan sonrakı hakimiyyət dəyişə bilməyib: “Onun nəticəsidir ki, bu gün ”Gürcü Arzusu" müxalifətin güclü olması səbəbindən prezidentliyə öz namizədini irəli sürməyib və keçmiş xarici işlər naziri Salome Zurabişvilinin namizədliyini dəstəkləyir. Ukraynadakı vəziyyətə xüsusi yer ayırmağa ehtiyac görmürəm. Çünki orada da normal siyasi mübarizə gedir. Ən azından orada son illər baş verən siyasi proseslər Azərbaycan mətbuatında mövzuların önəmli bir hissəsini zəbt etmişdi və bu gün də davam edir. Daha sonra Moldovanı göstərə bilərik. Orada siyasi qüvvələr konkret olaraq iki yerə parçalanıb-Rusiya və Avropa meylli partiyalar. Hazırda Dadonun prezidentliyində rusiyameyllilər hakimiyyətdə olsalar da, müxalifət liderliyini Avropa İttifaqı meylli xanım Maya Sandu həyata keçirdir. Yeri gəlmişkən, xanım Sandu 2 il öncəki prezident seçkilərinin müxalifətdən olan əsas namizədi olub 48% səs yığsa da 52 faiz səs yığan Dadona uduzub. Ümumiyyətlə, Moldovada siyasi partiyalara münasibət normaldır və fəaliyyətlərinə maneə yoxdur. Sonrakı yerdə Ermənistanı göstərmək olar. Hesab edirəm ki, Nikol Paşinyan hakimiyyətdə olsa da durumuna görə əslində hələ də müxalifətdədir. Doğrudur, onlarda vəziyyət yuxarıda göstərilən ölkələrdən tam fərqlidir. Çünki Paşinyan seçki ilə deyil, xalqın Serj Sərkisyan hakimiyyətinə etirazı dalğasında hakimiyyətə gəlib. Onların parlamentdə cəmi 8 deputatı var idi. Buna baxmayaraq, orada da müxalifətin mövcudluğunu proseslərə təsir imkanlarını etiraf etmək lazımdır".
Keçmiş SSRİ-nin ən böyük respublikası olmuş və varisi sayılan Rusiyaya gəldikdə isə ekspert bildirdi ki, ilk baxışda orada müxalifətin mövcudluğu görünsə də həqiqətdə hər hansı təsir imkanlarının olmadığı, daha doğrusu, fəaliyyətlərinə imkan verilmədiyi göz önündədir. Aleksey Navalnının həbsi və həbsdən çıxmasına hər vəchlə mane olunması buna əyani sübutdur: “Rusiyada müxalifətçilik etmək daha çətindir. Vaxtilə dünyanın 2 supergücündən biri olan, SSRİ-nin varisi sayılan Rusiyada Qərbə, xüsusən də ABŞ-a qarşı rəqiblik, hətta bir çox məsələlərdə düşmənçilik baxışları hələ də qalmaqdadır. O səbəbdəndir ki, Rusiya hakimiyyəti bilərəkdən mütəmadi olaraq patriotik təbliğatlara üstünlük verir, baş qaldıran müxalifəti Qərb və ABŞ-la iş birliyində ittiham edərək Rusiyanın maraqlarını satmağa hazır olduqlarını bildirirlər. Məhz bu təbliğat sadə insanların əksəriyyətini müxalifət partiyalarına dəstək verməkdən çəkindirir. Sadaladığımız dövlətlər içində müxalifətin vəziyyətinə görə son yeri Belarus tutur. Orada prezident Aleksandr Lukaşenkoya qarşı müxalifətçilik etmək çox çətin və təhlükəli işdir. İllər öncə orada aktiv müxalifət təşkilatı olsa da onların önü kəsildi. Bütün bunlara rəğmən az sayda olsa da müxalif fikirlər söyləyən, hakimiyyətə qarşı işləyən siyasi güclərin fəaliyyətini seyrək də olsa görmək olur. Amma onların da bir hissəsi həbsxanadadır, azadlıqda qalan hissəsi isə məhdud iş imkanları ilə fəaliyyətdədir”.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında müzakirələr zamanı maraqlı anlar yaşandı.
Deputat Fərəc Quliyev bu mövzuda çıxış edərkən soyadların dəyişdirilməsi zərurətindən danışdı: “Yeni nəsil şəxsiyyət vəsiqələrində mütləq yeni soyadlarla çıxış etmək lazımdır. İndi nə Stalin, nə də Lenin var. Hər şey öz iradəmizdən asılıdır”.
Deputat əlavə etdi ki, vətəndaşların soyadlarının məcburi qaydada dəyişdirilməsi yaxşı olardı:“Parlamentin 100 illiyi ilə bağlı qanunda bu dəyişikliyi etmək olar”.
Deputat Aqil Abbas isə həmkarının fikirlərinə qarşı çxıdı: “İnsanların soyadlarını məcburi qaydada dəyişdirmək olmaz. Bu məsələ könüllü şəkildə həll olunmalıdır. Məsələn, bizim kənddə 500 nəfər Abbasov soyadındanı daşıyır. Mən özüm xeyli müddət əvvəl soyadımı dəyişmişəm. Ondan əvvəl də bu imza ilə yazılar yazmışam. Amma indi kəndimizdəki bütün Abbasovların soyadını dəyişdirib Abbaslı, Abbaszadə və s. etsək, bütün nəsil itər. Bu yavaş-yavaş ola bilər. Ancaq məcburi şəkildə yox. Çünki demokratik bir ölkədə belə bir şey ola bilməz”.
Spiker bundan sonra üzünü komitə sədri Əli Hüseynliyə tutaraq sual etdi: “Əli müəllim, cavab vermək istəyirsiniz? Deyəcəksiniz ki, bəs Fərəc Quliyev özü niyə soyadını dəyişməyib?”
Bakıda baş verən dəhşətli avtobus qəzası bu gün Milli Məclis səviyyəsində də müzakirə olundu. Deputat Fəzail Ağamalı bu barədə danışarkən dedi ki, sərnişin daşıması ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır.
Bu günlərdə Binə qəsəbəsində sərnişin daşıyan avtobusun qatarla toqquşması nəticəsində 2 nəfərin öldüyünü, xeyli insanın yaralandığını bildirən F.Ağamalı bildirdi ki, bu, bizim hər birimizi kədərləndirən hadisədir:“Bu, ilk belə hadisə deyil və bənzər olaylar bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradır. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq. Amma həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur”.
Deputat bildirdi ki, bəzi avtobuslarda gediş haqqı kartla ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaranır.
F.Ağamalı təklif etdi ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar Məcəllələrinə konkret əlavələr olunmalıdır.
Deputat avtobuslarda kart sisteminə keçidin sürətləndirilməsi üçün hökumətə də müraciət etdi.
“Dağlıq Qarabağ separatçılarını müstəqil tərəf kimi danışıqlar masasına gətirmək cəhdləri nəinki qəbuledilməz, həm də təhlükəlidir”
Mili Məclisin deputatı, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev qurumun payız sessiyası çərçivəsində keçirilən Daimi Komitənin iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, Azay Quliyev bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından əsrin dörddə biri qədər vaxt keçsə də, təəssüf ki, hələ də problemin həlli üçün heç bir irəliləyişə nail olunmayıb. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qərarlarını, habelə ATƏT PA-nın 2015-ci ildə qəbul etdiyi Helsinki bəyannaməsini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirir.
A.Quliyev ATƏT PA-nın prezidenti Tseretelinin münaqişə tərəfi olan ölkələrin parlament rəhbərlərinin görüşünün keçirilməsiylə bağlı təklifinə münasibət bildirərək deyib ki, yaxın zamanda Azərbaycan Milli Məclisinin bu məsələylə bağlı rəsmi mövqeyini öyrənərək onlara məlumat verəcək: “Fikrimcə, biz Ermənistan və Azərbaycanın parlamentlərinin rəhbərlərinin görüşü də daxil olmaqla, münaqişənin həlli istiqamətində bütün mümkün vasitələrdən istifadə etməliyik. Bu, danışıqlar prosesinə müəyyən impuls verə və mövcud status-kvonu dəyişməyə yardım edə bilər”.
ATƏT PA-nın vitse-prezidenti Assambleyanın Daimi Komitəsi və Büro üzvləri üçün münaqişənin həlli ilə bağlı hazırkı vəziyyətə dair iki əsas komponentə aydınlıq gətirib: “Əslində, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında ikitərəfli görüşlər nəzərə alınmasa, hazırda ən yüksək səviyyədə davam edən real danışıqlar yoxdur. Danışıqlar prosesi Ermənistanın yeni rəhbərliyi tərəfindən dayandırılıb. Baş nazir Paşinyan vəzifəyə gəldikdən sonra nümayişkaranə şəkildə indiyədək əldə edilmiş nəticələrə göz yumur və ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar formatından imtina edir. Beləliklə, o, sülh yolu ilə məsələnin həll olunması formatını dəyişdirməyə və Dağlıq Qarabağ separatçılarını müstəqil tərəf kimi danışıqlar masasına gətirməyə çalışır. Bu nəinki qəbuledilməz, həm də təhlükəlidir. Məlum olduğu kimi, münaqişənin iki tərəfi var: Ermənistan və Azərbaycan. Bu beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT tərəfindən təsdiq edilmişdir”.
Azay Quliyev Paşinyanın mövcud formatı dəyişdirmək üçün etdiyi qeyri-realist və əsassız cəhdlərin sülh danışıqları prosesini pozaraq tamamilə dayandırmaq məqsədi daşıdığını deyib: “Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqlar prosesinin pozulmasının ağır nəticələrini hər birimiz aydın təsəvvür edə bilirik”.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, Azərbaycan Dağlıq Qarabağ əhalisinin regionun yekun hüquqi statusunun müəyyənləşdirilməsində iştirak etməsi məsələsini anlayır və bunu həyata keçirməyə hazırıq. Amma bu, yalnız 7 ətraf rayonun işğaldan azad edilməsindən və bütün məcburi köçkünlərin doğma yurdlarına qayıtmasından sonra mümkündür: “Rəsmi Bakı Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ərazi bütövlüyü və suverenliyi çərçivəsində Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmalarının gələcəkləri barədə qəbul edəcəkləri birgə qərarı dəstəkləməyə hazırdır”.
Azay Quliyev Assambleya üzvlərinin diqqətini münaqişəylə bağlı aydınlaşdırılmasına ehtiyac olan digər bir aspektə də çəkib: “Bəziləri münaqişəni səhvən “Dağlıq Qarabağ münaqişəsi” adlandırırlar. Bu doğru deyil. Azərbaycanın Dağlıq Qarabağdan başqa, işğal altında Dağlıq Qarabağın ərazisindən 3 dəfə, əhalisindən isə 6 dəfə çox olan 7 ətraf rayonu da var: Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan. Bu 7 ətraf rayonun Dağlıq Qarabağla heç bir əlaqəsi yoxdur və biz şahidik ki, Ermənistan işğal etdiyi bu ərazilərdən siyasi manipulyasiya və bazarlıq predmeti qismində istifadə edir.
ATƏT PA-nın vitse-prezidenti bildirib ki, bu bölgələrin statusu müzakirə mövzusu deyil. Ermənistan hərbi birləşmələrini bu torpaqlardan şərtsiz çıxarmalıdır. Bu məsələ hər hansı bir qondarma kompromis mövzusu ola bilməz.
Azay Quliyev çıxışında vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana məxsus olan Dağlıq Qarabağın və ətraf rayonların işğalını davam etdirərək və orada qeyri-qanuni və marionet rejim yaradaraq heç bir nəticə əldə edə bilməyəcəyini unutmamalıdır: “Bu cür addımlar heç nəyi dəyişmir və Ermənistana sülh və rifah gətirmir.Əksinə bu hal, vəziyyəti daha da ağırlaşdırır və çoxlu sayda gənclərin həyatına son qoyur”.
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputatlar Azərbaycana qarşı çıxan qüvvələrin susdurulması üçün fəal olmağın zəruriliyindən danışmaqla bərabər, bir sıra digər məsələlərə də toxundular.
Deputat Elşən Musayev Azərbaycana qarşı olan qüvvələrin davranışlarını sükutla qarşılayanları ortaya mövqe qoymağa çağırdı: “Bəzən orta ranqlı məmurlar belə mətbuatda haqlarında xırda nəsə gedəndə aləmi bir-birinə qatır, nəsil-nəcabətlərini ayağa qaldırırlar. Amma aylardır parlamentimiz, ayrı-ayrı nüfuzlu insanlarımız haqqında Azərbaycandan kənarda olan bəzi satqınlar tərəfindən ən ağır təhqirlər səsləndirilir, həmin məmurların birindən də səs çıxmır, sanki bunlara aidiyyəti yoxdur”.
E.Musayev bu kimi hallara qarşı etiraz səslərini qaldıranların adlarını çəkdi: “Məgər, Zahid Orucun ailəsi ailə deyil, məgər, Qüdrət Həsənquliyevin ailəsi ailə deyil, məgər, Siyavuş Novruzovun ailəsi ailə deyil? Onlar belələrinə qarşı hər gün mübarizə aparırlar, söyüşlərə, təhqirlərə baxmayaraq, sözlərini deyirlər. Amma məmurların çoxundan yenə səs yoxdur”.
Deputat ardınca təhqirlərə, söyüşlərə əl atan şəxslərlə bağlı cinayət işlərinin qaldırılmamasına da etirazını bildirdi:“Niyə onlar haqqında cinayət işləri başlanmayıb, prokurorluq orqanları nəyi gözləyirlər? Əgər belələrinə qarşı ciddi tədbirlər görülməsə, yeni Eldar Mahmudovlar, yeni “Quska”lar hələ çox olacaq”.
“Rusiya Dövlət Dumasının MDB ölkələri, avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin Rusiya mətbuatına müsahibəsində Azərbaycan rəhbərliyini kompromis istəməməkdə günahlandırıb. O qeyd edib ki, Azərbaycan son zamanlar silahlanmağa, hərbi büdcəni artırmağa və müharibə təhlükəsinin artması ilə bağlı bəyanatlar verir. K.Zatulin bildirib ki, o və həmkarlarının məqsədi müharibənin başlanmasının qarşısını almaqdır”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında bu məsələyə diqqət çəkərək deyib ki, sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı paytaxtımızda keçirilən hərbi paradda Azərbaycan ordusunun gücünü gördükdən sonra K.Zatulin və onun kimi ermənipərəst qüvvələr narahatlıq hissi keçiriblər:
“Zatulin müsahibəsində iddia edib ki, müharibə çağırışları ilə bağlı bizim rəqibimiz Azərbaycanın rəhbərliyi və siyasi dairələrdir. Mən Milli Məclisdə çıxış edərkən də bildirdim ki, Azərbaycanın siyasi dairələri Azərbaycan xalqı və ölkə rəhbərliyidir. Həmçinin qeyd etdim ki, bu gün parlamentdə Azərbaycan xalqı təmsil olunur. Parlamentdə bitərəflər və 10-dan çox siyasi partiyanın nümayəndələri var. K. Zatulin belə fikirlər formalaşdırmaqla həm Azərbaycan hakimiyyətinə və xalqına qarşı çıxmış olur. O həmçinin müsahibəsinə deyib ki, əgər müharibə başlasa Azərbaycan dövlətinin özü dağılacaq. Hesab edirəm ki, onun bu açıqlaması birbaşa olaraq Azərbaycan dövlətinə təhdiddir. Və biz bunu qətiyyətlə pisləyirik! Təbii ki, biz onun fikirlərini Rusiyanın mövqeyi kimi qəbul edə bilmərik. Amma o, Rusiya parlamentində təmsil olunduğuna görə, onun qeyri-ciddi fikirlərinə münasibətimizi bildirməliyik. O, bir həmkarımızın özünəməxsus fikirlərini əsas götürüb bunu Azərbaycan dövlətinin siyasəti kimi təqdim etməyə çalışıb. Milli Məclisdə təmsil olunan deputatların fikirləri onların şəxsi mövqeyidir”.
Çingiz Qənizadə bildirdi ki, Azərbaycanla Rusiya arasındakı dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsi erməni lobbisini və onların təsiri altında olan ayrı-ayrı şəxsləri çox narahat edir.
“Bu baxımdan da onlar bu münasibətə, dostluğa, əməkdaşlığa kölgə salmaqdan ötəri əllərindən gələni etməyə hazırlaşırlar. Xüsusilə də son vaxtlar Rusiya prezidenti Vladimir Putin ilə cənab prezident İlham Əliyevin təkbətək görüşləri, qarşılıqlı səfərlər, razılaşmalar bu cür dairələri narahat edir. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi qeyd edirəm ki, bu cür dostluğun və əməkdaşlığın inkişafında maraqlıyıq. Və cənab prezident tərəfindən bu istiqamətdə aparılan işlərə müvvəffəqiyyətlər arzulayırıq.
Ç.Qənizadə qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətləri günü-gündən inkişaf edir.
“Həmçinin Rusiya ATƏT-in Minsk qrupunun üzvüdür. Bizə qonşu ölkədir. Mən deputat həmkarlarıma, siyasətçilərə, jurnalistlərə müraciət edirəm ki, bu cür məsələlərdə ehtiyatlı olsunlar. Bir hüquqşünas kimi qeyd edirəm ki, SSRİ dövründə baş verən hadisələri Rusiya ilə bağlamaq yanlışlıqdır. Biz demirik ki, 20 Yanvar hadisələrini Rusiya törədib. Deyirik ki, keçmiş SSRİ-nin o vaxtkı rəhbərliyi və sovet ordusu törədib. Biz bu cür məsələlərlə bağlı olduqca ayıq=sayıq olmalıyıq. Və dostluq münasibətləriinə kölgə salacaq hərəkətlərdən çəkinməliyik”.
Deputat daha sonra Zatulinin ermənilərə bağlı olmasına diqqət yetirib:
“ Zatulin 23 may 2010-cu ildə Dağlıq Qarabağda qondarma “parlament seçkiləri” keçirilərkən qanunsuz olaraq ora səfər edib. Müşahidəçi qismində orada iştirak edib. Bu da onun bitərəfliyini şübhə altına alır. Beynəlxalq hüququn subyekti olmayan bir ərazidə heç kim tərəfindən tanınmayan “seçkiləri” izləmək adı ilə Dağlıq Qarabağa səfər etməsi onun ermənipərəst mövqeyinin bariz nümunəsidir. Bununla da o, Azərbaycan XİN tərəfindən arzuolunmaz şəxslər sırasına salınıb. Üstəlik, o, Batumidə anadan olub və orada acarlara bərabər, çoxsaylı ermənilər də yaşayır. Şübhəsiz ki, onun ermənilərlə sıx əlaqəsi var. O, bütün fəaliyyəti boyu özünün ictimai-siyasi fəaliyyətini erməni lobbisinin təsiri və maliyyəsi ilə həyata keçirən biridir”.
Deputat deyib ki, bir neçə gün bundan öncə bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin Dağlıq Qarabağ adı altında mitinq keçirmək cəhdləri ilə əlaqədar jurnalist ona sual verib:
“Jurnalist sualında dedi ki, siz niyə mitinqə qatılmadınız, axı siz də xalq hərəkatının nümayəndələrindən birisiniz? Mənim cavabım isə jurnalistə qısa və konkret oldu. Dedim ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələni xalq olaraq səlahiyyəti və etibarı cənab prezidentə vermişik. Və bizim hər birimiz cənab prezidentin əsgəriyik. Əgər müharibə olacaqsa biz silahla, sülhlə Qarabağ azad olunacaqa gül-çiçəklə biz ora gedəcəyik”.
Prezident İlham Əliyev “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ni təsdiqləyib.
Dövlət başçısı bununla bağlı fərman imzalayıb.
Sənədə əsasən, Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları ikiüzlü qumaşdan, dəstəkdən və qotazlı qaytandan ibarətdir.
Bayrağın qumaşı Azərbayсan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli, ikiqat ipək faydan hazırlanır, uzunluğu 150 sm, eni 90 sm-dir, kənarları üç tərəfdən qızılı rəngli ipək saçaqlarla köbələnib.
Qumaşın üz tərəfi “Azərbayсan Respublikasının Dövlət bayrağı haqqında” Azərbayсan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbayсan Respublikası Dövlət Bayrağının təsviri şəklindədir.
Qumaşın arxa tərəfində qırmızı zolağın ortasına ipək parçadan Dövlət Sərhəd Xidmətinin hündürlüyü 55 sm olan emblemi tikilir.
Qumaşın arxa tərəfində yaşıl zolağın aşağı kənarı boyunсa qızılı rəngli ipək sapla aşağıdakı sözlər yazılır:
1. Dövlət Sərhəd Xidmətinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti”,
2. Sərhəd Qoşunlarının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları”,
3. Çevik Hərəkət Qüvvələrinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri”,
4. Sahil Mühafizəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi”,
5. Sərhəd Nəzarətinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti”,
6. Naxçıvan Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Naxçıvan Əlahiddə Sərhəd Diviziyası”,
7. sərhəd dəstəsinin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları 00-сı (sərhəd dəstəsinin nömrəsi) sərhəd dəstəsi”,
8. hərbi hissənin döyüş bayrağında - “Dövlət Sərhəd Xidməti 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə” (hərbi hissənin adı göstərilməklə).
Rəqəmlərin hündürlüyü 7 sm, hərflərin hündürlüyü 4,5 sm-dir. Hərbi hissənin adındakı hərflərin sayından asılı olaraq rəqəmlərin ölçüsü 5 sm-ə, hərflərin ölçüsü 4 sm-ə qədər azaldıla bilər.
Bayrağın dəstəyi en kəsiyinin diametri 4 sm, uzunluğu 250 sm olan girdə taxtadandır.
Dəstək tünd qəhvəyi boya ilə rənglənir, laklanır, aşağı uсunda metal halqa, yuxarı uсunda isə nikellənmiş fiqurlu uсluq olur.
Bayrağın qaytanı eşmə olub, qızılı rəngli ipəkdən hazırlanır, hər iki uсunda qotaz vardır. Qaytanın uzunluğu 270-285 sm-dir.
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında çıxış edərək bütün dəyərli müəllimləri Müəllimlər Günü münasibəti ilə təbrik edib: "2 müəllimin övladı olaraq müəllimlik peşəsinin çox çətin, amma ən gözəl peşə olduğunu yaxşı bilirəm. Bizi yetişdirən, öyrədən müəllimlərimizi narahat edən bəzi məsələləri, onların təkliflərini buradan səsləndirmək istəyirəm. Müəllimlərlə görüş zamanı onlar bu təklifləri Milli Məclisdə səsləndirməyimizi və öz həllinin tapmasını xahiş edirlər. Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. İpoteka kreditlərindən isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər. İpoteka kreditləri,o cümlədən cənab Prezidentin sosial evlərlə bağlı imzaladığı sənədlər və tapşırıqlar çox önəmli bir məsələdir və inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm. Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini həll edə bilmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər. Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və.s şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər. Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var, onların da güşətli ipotekadan güzəştli qaydada yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var. Məsələn 20 ilə yaxın və ondan çox iş stajı olan müəllimlərin güzəştli ipotekadan güzəştli qaydada istifadə edən qruplara daxil edilməsi müəllimlər üçün əsl bayram hədiyyəsi, təbriki ola bilər. Bu eyni zamanda gənclərin müəllimlik peşəsində həyatını həsr etməsində də önəmli stimullardan biri olardı. Milli Məclisi müvafiq qurumlarla, hökumətlə büdcə müzakirələrindən öncə bu məsələni müzakirə etməyə və müəllimlərin təkliflərinin öz həllini tapmasına dəstək olmağa çağırıram. Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq.
Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökimətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edir və buna çağırırıq”.
Oktyabrın 3-də 58 yaşını qeyd edən sabiq icra başçısına sui-qəsd edən Yunis Səfərovun apelyasiya şikayəti təmin edilmədi; Gəncəni qana bulayan şəxsi özü məhkəməyə gətirilmədi
Oktyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qəsd etməkdə ittiham olunan Yunis Səfərovun şikayətinə baxılıb.
Yunis Səfərov işgəncələrdən və hüquqşünas Elçin Sadıqovun şəxsində vəkil müdafiəsindən məhrum edildiyindən şikayətlənib.
Amma apelyasiya instansiyası şikayəti təmin etməyib, Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu barədə “Turan”a Bakı Apelyasiya Məhkəməsindəki mənbə bildirib.
Səfərov özü məhkəməyə aparılmayıb.
“Yeni Müsavat” xəbər verir ki, Gəncə şəhərində anadan olmuş Yunis Səfərov 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir.
Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçmişdir.
2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün “Kapitalbank”ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək “Makarov” markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçmışdır.
Cari il iyul ayının 3-də isə Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd etmişdir.
Araşdırmalar göstərmişdir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olmuşdur. O, bu məqsədini həyata keçirmək üçün videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış etmişdir.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstə həbs edilib.
Sentyabrın 28-də baş prokuror Zakir Qaraşov sözügedən hadisələrlə bağlı 77 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, daha 11 nəfər barəsində axtarış elan edildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin yeni fotosu yayılıb. Şəkil Elmar Vəliyevin doğum tarixi ilə əlaqədar lentə alınıb.
Elmar Vəliyevin 58 yaşı tamam olub.
Sui-qəsd hadisəsindən sonra - iyulun 4-də Türkiyədəki Bahçeşehir Universitetinin Tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, eyni zamanda E.Vəliyevin qudası Kərəm Həsənovun dəvəti ilə Gəncəyə gəlib. Türkiyəli həkim həmin gün sabiq icra başçısını əməliyyat edib. Elmar Vəliyev sonrakı müalicəsini İsraildə alıb. Onun hazırda Azərbaycanda olduğu bildirilir.
Oktyabrın 8-də “Holiday İnn” otelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası və Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq terrorizm və müasir şəraitdə ona qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Beynəlxalq konfransa Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, respublikanın tanımış hüquqşünasları, eləcə də Rusiya, Türkiyə, İngiltərə, Bolqarıstan, Serbiya, İtaliya, Moldova, Ukrayna , Belarusdan nüfuzlu hüquqşünaslar qatılacaq. Musavat.com xəbəri Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakı ofisindən alıb. Yada salaq ki, quruma hüquq professoru İlham Rəhimov rəhbərlik edir.
Tədbir çərçivəsində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının növbəti toplantısı da keçiriləcək. Toplantıda Assosiasiyanın 2017-ci ilin mayından 2018-ci ilin avqustunadək olan dövr üçün fəaliyyətinə dair məlumat veriləcək, yeni namizədlərin üzvlüyə qəbul olunması ilə bağlı təkliflərə baxılacaq. Qurum üzvləri təşkilatın 2018 - 2019-ci illər üçün Fəaliyyət Planı təsdiqləyəcək, gündəlikdə duran məsələləri müzakirə edəcəklər.