Bakıda baş verən dəhşətli avtobus qəzası bu gün Milli Məclis səviyyəsində də müzakirə olundu. Deputat Fəzail Ağamalı bu barədə danışarkən dedi ki, sərnişin daşıması ilə məşğul olan şirkətlərə ciddi nəzarət olunmalıdır.
Bu günlərdə Binə qəsəbəsində sərnişin daşıyan avtobusun qatarla toqquşması nəticəsində 2 nəfərin öldüyünü, xeyli insanın yaralandığını bildirən F.Ağamalı bildirdi ki, bu, bizim hər birimizi kədərləndirən hadisədir:“Bu, ilk belə hadisə deyil və bənzər olaylar bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradır. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq. Amma həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur”.
Deputat bildirdi ki, bəzi avtobuslarda gediş haqqı kartla ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaranır.
F.Ağamalı təklif etdi ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və İnzibati Xətalar Məcəllələrinə konkret əlavələr olunmalıdır.
Deputat avtobuslarda kart sisteminə keçidin sürətləndirilməsi üçün hökumətə də müraciət etdi.