![]() |
![]() |
Prezident İlham Əliyevin ADA-dakı forumda çıxışında Azərbaycanın Türkiyə ilə İsrail arasında vasitəçilik etməsi ilə bağlı sözləri diqqəti cəlb edib.
Çünki bu, dövlət başçısı səviyyəsində ilk dəfəydi səslənirdi.
Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu haqda müəyyən ehtimallar mövcud olsa da, ilk dəfə Prezident səviyyəsində rəsmi Bakının iki dövlət arasında vasitəçi olduğu bildirildi:
“Bu vasitəçilik Azərbaycan üçün ona görə əhəmiyyətliydi ki, ölkəmiz qardaş və strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız və dostumuz olan İsrailin münasibətlərinin gərgin olmasını istəməyib və əlini daşın altına qoyub ki, bu gərginlik ortadan qaldırılsın. Rəsmi Bakının vasitəçiliyi ilkin mərhələdə müsbət nəticə verib. Ankara ilə Təl-Əviv arasında dialoq qurulub, İsrail prezidentinin Türkiyəyə səfəri reallaşıb. Ancaq Qəzzada başlanan müharibə Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırıb.
Fikrimcə, Azərbaycan bu gərginliyin ortadan qaldırılması üçün yenə fəallığını artırıb. Bu mənada qısa zaman kəsiyində Prezidentin köməkçisi Hikmət Hacıyevin iki dəfə İsrailə səfərini və sonuncu səfəri zamanı Baş nazir Benyamin Netanyahu ilə görüşünü təsadüfi saymıram. Hikmət Hacıyev daha sonra Türkiyəyə səfər edərək Ankarada görüşlər keçirdi”.
Ekspert vurğulayıb ki, İsrail-Türkiyə gərginliyi Azərbaycanın maraqlarına zidd olduğu kimi, bu iki dövlətin də maraqlarına cavab vermir:
“Türkiyə və İsrail Suriyada toqquşma ehtimalını azaltmaq üçün dialoq formaları axtarmalıdırlar. Bu mənada ABŞ Prezidenti Donald Trampın iki gün əvvəl Benyamin Netanyahu ilə Ağ Evdə görüşündə Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi müsbət fikirlər İsraili Türkiyə ilə qarşıdurmadan çəkindirməlidir. Bakı kimi Vaşinqton da Türkiyə-İsrail gərginliyinin azalmasında maraqlıdır. Bu mənada Ankara ilə Təl-Əviv arasında yenidən dialoq imkanlarının formalaşmasında Bakı ilə Vaşinqton təşəbbüslərini birləşdirə bilərlər”.