![]() |
![]() |
Yaponiyanın baş naziri Şinzo Abe 2021-ci ildə hakimiyyətini başa vuracağını bildirib.
AZƏRTAC xəbər verir ki, Şinzo Abe bununla bağlı fikrini martın 14-də parlamentin yuxarı palatasında büdcə komissiyasının iclası zamanı hakim Liberal Demokratik Partiyanın (LDP) bir sıra nüfuzlu xadimlərinin hökumətin hazırkı başçısının səlahiyyət müddətinin uzadılması barədə çağırışlarını şərh edərkən söyləyib. Baş nazir deyib: “Bu, partiyanın Nizamnaməsinə ziddir. Biz qaydalara əməl etməliyik və hakimiyyətdə olduğum dövrü başa vurarkən mən bütün gücümü bizim siyasətimizdə diqqətəlayiq nəticələrin əldə edilməsinə yönəltmək niyyətindəyəm”.
Xatırladaq ki, LDP-nin baş katibi Toşihiro Nikai və digər yüksək vəzifəli funksionerlər son vaxtlar Şinzo Abeyə 2021-ci ilin sentyabrında keçiriləcək partiya liderinin seçkilərində daha bir imkanın verilməsi çağırışı ilə çıxış ediblər. LDP parlamentdə əksəriyyətə malik olduğuna görə, bu partiyanın sədri həm də hökumətin başçısı seçiləcək.
Hazırda LDP Nizamnaməsi partiyanın liderinə yalnız üç dəfə və doqquz il müddətinə onun sədri seçilmək icazəsi verir. Şinzo Abe 2012-ci ildə partiyanın sədri seçilib.
Rusiya XİN növbəti anti-Azərbaycan bəyanatı ilə çıxış edib. Bu dəfə həm də yazılı şəkildə. Sergey Lavrovun idarəsi ölkə vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görməyib. Səbəb kimi Azərbaycanın erməni əsilli Rusiya vətəndaşlarına ölkəyə girişə icazə verməməsi göstərilir.
Xəbərdarlıqda bu xüsusda bildirilir ki, Azərbaycan Qarabağ münaqişəsinin həll olunmadığını bildirərək, erməni xalqına birbaşa və dolayı aidiyyəti olan bütün xarici vətəndaşları ölkəyə buraxmır. “Rusiya Federasiyası vətəndaşlarına qarşı etnik mənsubiyyətə görə diskriminasion hərəkətlərin yolverilməzliyi barədə Azərbaycan tərəfinə dəfələrlə etdiyimiz müraciətlərə əhəmiyyət verilmir. Bu səbəblə Rusiya vətəndaşlarına təkidlə tövsiyə edirik ki, Azərbaycan Respublikasına səfər planlaşdırarkən bütün mümkün riskləri nəzərə alsınlar” - bəyanatda vurğulanır.
“Azərbaycanın sərhəd xidməti birbaşa və ya dolayı şəkildə erməni millətinə aidiyyət əlamətləri olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq, ərazisinə buraxmaqdan imtina etməkdə davam edir. Səbəb kimi bu cür şəxslərin təhlükəsizliklərinin təminatının mümkünsüzlüyü göstərilir. Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının etnik əlamətinə görə ayrı-seçkiliyə məruz qalmalarının yolverilməzliyi haqqında Rusiya tərəfinin Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlər cavabsız qalır”, deyə - XİN-in saytında dərc edilmiş bəyanatda bildirilir.
*****
Qeyd edək ki, bundan qabaq da Rusiya XİN-in analoji xəbərdarlıqları olmuşdu - ancaq şifahi formada. Həmin xəbərdarlıqlarla bağlı Azərbaycan XN dərhal bəyanatla çıxış edərək kontur-arqumentlər gətirmiş, belə cəhdləri iki ölkə arasında xoş münasibətlər və strateji tərəfdaşlığın ruhu ilə bir araya sığmadığını vurğulamışdı.
Göründüyü kimi, rəsmi Bakının adekvat reaksiyası və məsələyə prinsipial yanaşması Moskvadakı hansısa dairələri məmnun eləməyib. Buradaca onu da qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qərəzsiz vasitəçiliyə iddia edən Rusiya XİN, ələlxüsus da qurumun mətbuat katibi Mariya Zaxarova mütəmadi şəkildə ermənipərəst mövqe sərgiləyir. Rusiya XİN-in rəsmi nümayəndəsi həmçinin vaxtaşırı Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının (məsələn, Xankəndi həbsxanasında qanunsuz şəkildə saxlanan Rusiya vətəndaşı Dilqəm Əsgərovun) hüquqlarının pozulmasını qulaqardı edərək, ermənilərə girişə qadağa qoyulduğu üçün Azərbaycan tərəfinin ünvanına tənqidi fikirlər səsləndirir.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu bunun təsadüfi olmadığını düşünür. “Rusiyanın yuxarı eşelonlarında verilən qərarlar təsadüfi olmur. Necə ki, son günlər azərbaycanlıların Moskvadakı bazarlarına edilən polis reydləri və Rusiya XİN-in vətəndaşlarına ”Azərbaycana getməyin" xəbərdarlığı təsadüfi deyil", - deyə politoloq vurğulayıb.
*****
Maraqlıdır, görəsən, Rusiya vətəndaşı olan hansısa azərbaycanlı heç nə olmayıbmış kimi Ermənistan ərazisinə buraxılarmı? Ümumiyyətlə, Rusiya vətəndaşı olan azərbaycanlılar müharibə bitmədən özləri üçün Ermənistanı tərcih edərlərmi?
Erməni kökənli Sergey Lavrov-Kalantarova ikinci sualımız: Rusiyanın erməni əsilli vətəndaşları həqiqətənmi Bakıya, Azərbaycana gəlmək üçün əldən gedirlər və onların heç bir pis niyyətləri yoxdur? Məsələn, onların ətrafında bu cür qalmaqallı insidentlər yaratmaqla Moskva ilə Bakı arasında əlaqələrdə, yüksək səviyyədə olan İlham Əliyev -Vladimir Putin münasibətlərində İrəvanın xeyrinə süni gərginlik yaratmaq hədəfi güdülmürmü ki? Üstəlik, bilə-bilə ki, ərazisinin 20%-i erməni işğalı altında olan Azərbaycan bu səfərlərə xüsusi diqqət yönəldəcək və hətta həmin erməniləri qəbul eləsə belə, onların təhlükəsizliyi üçün xüsusi mühafizə tədbirləri görməli olacaq...
Yəqin ki, aşağı-yuxarı biz deyən kimidir. O zaman daha bir sual ortaya çıxır: dünyada tolerant, multikultural dövlət kimi tanınan Azərbaycana qarşı belə demarşlar sırf Rusiya XİN-in, onun ermənipərəst sözçüsü Mariya Zaxarovanın özfəaliyyətidir, yoxsa direktiv lap “yuxarılar”dan gəlir?
*****
Sual açıq qalır. Çünki vurğulandığı kimi, de-fakto Bakı-Moskva münasibətləri xüsusən də qərbyönlü Nikol Paşinyan inqilab hesabına Ermənistanda hakimiyyətə gələndən sonra dinamik inkişafdadır, strateji tərəfdaşlıq xarakteri daşıyır.
Başqa yandan, təxminən 1 həftə öncə Moskvada “Lazerev klubu”nun iclasında Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndəsi Levon Qriqoryanın iştirak eləməsini yada salmaq lazım gəlir. Ermənistanı Rusiyanın hərbi-siyasi orbitində saxlamağı özünün əsas hədəf elan eləmiş bu anti-Azərbaycan qurumun da Kremldən xəbərsiz, təsadüfən özfəaliyyətlə məşğul olduğunu düşünmək çətindir.
Məlumat üçün bildirək ki, “Lazerev klubu”nun sədri Rusiya Dövlət Dumasının MDB ölkələri və həmvətənlərlə iş üzrə Komitəsinin sədr müavini, Azərbaycan XİN-in “qara siyahısı”nda olan bədnam Konstantin Zatulindir. “Xoruzun quyruğu”nu isə aşağıdakı faktdan da görmək olar: qurumun iclasında erməni separatçısının iştirak məsələsi ilə bağlı azərbaycanlı jurnalistin haqlı irad-sualına Mariya Zaxarova özünə xas əda və ənənəvi kobudluqla cavab vermiş, az qala, soydaşımızı günahkar çıxarmışdı. Onu da demişdi ki, guya belə QHT-lərin (“Lazerev klubu” nəzərdə tutulur) Rusiyanın Dağlıq Qarabağ məsələsində rəsmi mövqeyinə və qərəzsiz vasitəçilik missiyasına dəxli yoxdur.
Amma hamı bilir ki, var. Bal kimi var...
Azərbaycan Prezidenti İlham Əliyev "Çıraqqala" abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işlərinin görülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azərtac xəbər verir ki, sərəncamla Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid "Çıraqqala" abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.
Prezident İlham Əliyev Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 (səkkiz yüz) min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 (altı yüz əlli) min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 (üç yüz əlli) min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 (üç yüz) min manat, Azərbaycan Memarlar İttifaqına 250 (iki yüz əlli) min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 (iki yüz əlli) min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 (iki yüz əlli) min manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Azərbaycanda fəaliyyət göstərən hərbyönümlü QHT-lər Prezident İlham Əliyevə müraciət edib. Bu barədə Lent.az-a Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli məlumat verib.
Müraciət müəllifləri Prezidentin son günlərdə müharibə iştirakçılarının, veteranların, şəhid ailələrinin, Çernobil əlillələrinin və məcburi köçkünlərin müavinətlərinin artırılması ilə bağlı verdiyi sərəncamları çox yüksək qiymətləndirdiklərini bildiriblər:
“Sizin rəhbərliyinizlə ölkəmiz hərtərəfli inkişaf edir və sosial siyasət günü-gündən şaxələnərək vətəndaşlarımızın sosial rifahını gücləndirir, gələcəyə inamını da ha da gücləndirir.
Siz hər zaman xalqın, o cümlədən müharibə iştirakçılarının, şəhid ailələrinin, məcburi köçkünlərinin yanında olmusunuz və problemlərini öyrənib aradan qaldırmağa çalışırsınız. Son imzaladığınız sərəncam bütün təbəqələrlə yanaşı müharibə veteranlarının indiyədək narahat edən məsələni həll etdi”.
Həmçinin QHT-lər müraciətlərində ölkə başçıçısının fəaliyyətində uğurlar arzulayıb.
Müraciəti hərbyönümlü 11 QHT rəhbəri imzalayıb.
"ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa razılıq verib".
“Report” “Fergana.agency”yə istinadən bildirir ki, bunu ABŞ-ın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, ABŞ nümayəndələri ilə “Taliban” qruplaşmasının təmsilçiləri arasında Qətərin paytaxtı Dohada keçirilən 6 günlük danışıqların sonunda bu barədə razılıq əldə olunub.
Z.Xəlilzad qeyd edib ki, problemin dinc yolla tənzimlənməsi üçün 4 vacib məsələ həllinin tapmalı idi: “Əfqanıstandaxili dialoq, atəşkəs, “Taliban”ın başqa terrorçu təşkilatlarla əməkdaşlığını kəsməsi və ABŞ qoşunlarının çıxarılması. Bu ilin yanvarında keçirilən danışıqlarda biz 4 məsələnin müzakirəsi ilə bağlı razılıq əldə etmişdik. İndi isə biz layihənin iki bəndini razılaşdırdıq”.
O deyib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılıması müddəti və terrorçuluğa qarşı mübarizə tədbirləri barədə rəsmi Vaşinqtonla taliblər arasında əlavə razılşam olacaq. Z.Xəlilzad bildirib ki, növbəti mərhələdə razılşmanın Vaşinqtonda müzakirəsi və başqa tərəfdarlarla məsləhətləşmə aparılacaq.
Görüşün nəticəsi barədə “Taliban” bildirib ki, iki məsələ üzrə yanvarda əldə edilən razılaşmanın Dohada daha geniş müzakirəsi aparılıb.
Əfqanıstan Milli Ordusu Baş Qərargahının yeni rəisi general-leytenant Bismillah Vəziri isə “Taliban” və İŞİD döyüşçülərinin əsir götürülməməsinə dair əmr verib: “Onları əsir götürüb, yedirtmək üçün xalqın artıq vəsaiti yoxdur”.
Prezidentin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar hərtərəfli inkişafı təmin etməkdədir
2018-ci ildə cənab İlham Əliyevin yenidən president seçilməsindən sonra digər sahələrdə olduğu kimi iqtisadi sahədə islahatlara sürətlə davam etməyə başladı. Ölkə başçısı seçkiöncəsi Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi üçün iqtisadi sahədə həyata keçiriləcək vədlərininin icrasına başladı. Bu məqsədlə Azərbaycanın iqtisadi inkişafına nail olmaq üçün strateji yol xəritəsində nəzərdə tutulan bütün proqramların icrası üçün islahatlar həyata keçirilməyə başlandı. İlkin olaraq sahibkarlıq və biznes mühitinin normallaşdırılması istiqamətində ciddi addımlar atıldı. Vergi, gömrük sistemində ciddi islahatlar həyata keçirildi. Yəni vergi və gömrük islahatlarında əsas məqsədi sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılmasından ibarətdir.
Martın 31-də Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Türkiyədə 2017-ci ildə prezident üsul-idarəsinə keçdikdən sonra parlament əvvəlki təsirini itirsə də, builki bələdiyyə seçkiləri həm ölkənin, həm də hazırkı hakimiyyətin taleyinin müəyyən olunması baxımından həlledici hesab olunur. Çünki 31 martda keçiriləcək bələdiyyə seçkiləri Türkiyə Cümhuriyyətinin 100 illiyinə, yəni 2023-cü ilə qədər keçiriləcək son seçkidir. Eyni zamanda bu seçkilər hazırkı hakimiyyət üçün bir mənada test mahiyyəti daşıyacaq.
Bir sıra ekspertlərə görə, əgər bu seçkilərdə hakimiyyət qələbə qazanmasa, ciddi zərbə alacaq. Hətta növbədənkənar seçkilərə getmək məcburiyyətində qala bilər. Təbii ki, bələdiyyə seçkiləri zamanı əsas diqqət böyük şəhərlərə yönəlir. Bu mənada İstanbul, Ankara, İzmir və daha bir neçə şəhərlərin nəticələri əsas diqqət mərkəzindədir. Təbii ki, əsas diqqət mərkəzində ölkənin iki əsas şəhəri olan İstanbul və Ankaradır.
İstanbul Türkiyənin və dünyanın mühüm iqtisadiyyat və ticarət mərkəzlərindən biridir. Həm də böyüklüyünə görə bu şəhərin bələdiyyə sədrinin kimliyi ölkə siyasətinə təsir edir. İkinci mühüm şəhər isə təbii ki, Ankaradır. 6 milyondan çox əhalisi olan Ankara həm də paytaxt kimi iqtisadi ağırlığı ilə yanaşı siyasi mərkəz kimi həlledici rola malikdir. Bu səbəbdən də indi əsas diqqət məhz bu iki şəhərə yönəlib. Yeri gəlmişkən, Ankara və İstanbul son illərdə hakim AKP-nin təmsilçiləri tərəfindən idarə olunub.
Ancaq indi Ankara uğrunda ciddi yarış gedir. 15 ildən çoxdur AKP tərəfindən idarə olunan Ankarada bu seçkilərdə CHP ciddi şansları olan Mansur Yavaşın namizədliyini irəli sürüb. Doğrudur, Mansur Yavaş 2014-cü ildə Ankara bələdiyyəsinə sədrlik seçkisində AKP-nin namizədi Melih Gökçeye uduzub. Lakin indi situasiya bir qədər fərqli görünür. Məsələn, son iki ayda keçirilən 3 anket sorğusuna əsasən Mansur Yavaş öndədir. Daha doğrusu, 3 sorğudan ikisində Yavaş lider olub. Ümumilikdə isə 6 sorğu şirkətinin nəticələrindən yalnız birində AKP-nin namizədi Mehmet Özhaseki öndədir, qalan 5 sorğuda Yavaş irəlidədir. Hətta bəzi media orqanlarına görə, AKP-də bir sıra şəxslər də Ankarada uduzmaq ehtimalını artıq qəbul edir.
Məsələn, “ORC” araşdırma şirkətinin yanvar ayının sonunda keçirdiyi sorğunun nəticələrinə əsasən, Ankara seçicilərinin 41,9 faizi Yavaşı, 36,8 faizi isə Öshasekini bələdiyyə sədri olaraq görür.
“PİAR” araşdırma şirkətinin 31 yanvar 2 fevral arasında keçirdiyi sorğuya görə isə Mansur Yavaş 41,7 faiz seçici dəstəyi alıb. Bu, Öshasekiyə verilən səsdən 6 faiz çox olub.
Yalnız “Gezici” araşdırma şirkətinin sorğusunda Ankarada AKP-nin namizədi öndə olub. Belə ki, “Gezici” anketlərində seçicilərin 51,8 faizi AKP-nin namizədi Özhasekiyə, 46,3 faizi isə Yavaşa dəstək verib.
MAK Müşavirlik şirkətinin keçirdiyi sorğuda da 31mart seçkilərində Mansur Yavaşın Öshasekidən 5-6 faiz irəlidə olduğu üzə çıxıb.
“SAROS” müşavirlik şirkətinin ötən il keçirdiyi rəy sorğusunda da Mansur Yavaş 46,2 faiz səslə rəqibini qabaqlayır.
“PollMark” araşdırma şirkətinin fevralın 10-16-da 5 min nəfər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən Mansur Yavaş 42,1 faiz, rəqibi Mehmet Özhaseki isə 32 faiz dəstək alıb.
Əlbəttə, seçki gününə hələ iki həftədən çox qalıb və o zamana qədər bir çox dəyişikliklər ola bilər. Lakin istənilən halda rəy sorğularında Mansur Yavaş bir qayda olaraq öndədir. Üstəlik, demək olar ki, bütün sorğularda Yavaşın nəticələri bir-birinə yaxın, yəni 46 faiz civarındadır. Bu da bir mənada Yavaşın üstünlüyünü göstərir.
Xatırladaq ki, Mansur Yavaş daha əvvəl iki dəfə Ankaranın Beypazarı rayonunda bələdiyyə sədri seçilib və bu rayonu tarixi memarlıq üslubunda yenidən qurmaqla Türkiyədə məşhurlaşıb. Ancaq daha sonra MHP-dən Ankara bələdiyyə sədrliyinə namizəd olsa da, seçilə bilməyib. 2014-cü ildə isə Yavaş bu dəfə CHP-dən Ankara bələdiyyəsi sədrliyinə namizəd olub. Lakin bu dəfə də seçilməyib. Yavaş bu seçkiləri “son şans” adlandırır. BBC-yə müsahibəsində Yavaş deyib ki, seçilməsə, siyasətdən gedəcək.
Türkiyədə bələdiyyə seçkilərinin əsas mübarizəsi heç şübhəsiz ki, İstanbulda gedəcək. Ölkənin ən böyük şəhəri, meqapolis, ticarət, sənaye və turizm mərkəzi olan İstanbul bələdiyyə sədrinin hansı partiyadan olması Türkiyənin gələcək siyasəti baxımından da ciddi önəm daşıyır.
Qeyd edək ki, AKP və MHP-nin birləşdiyi “Cumhur İttifaqı” koalisiyası tanınmış siyasi xadim Binəli Yıldırımın namizədliyini irəli sürüb. Ana müxalifət partiyası CHP isə İstanbul bələdiyyə sədrliyinə nisbətən gənc və uğurlu karyerası olan, xüsusən də İstanbulda güclü olan mühafizəkar camiəyə yaxın şəxs hesab olunan Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Onun namizədliyini həm də müxalifətdə olan İYİ Partiya da dəstəkləyir.
“Konsensus” araşdırma şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən 31 martda keçiriləcək bələdiyyə seçkilərində İstanbul sakinlərinin 44,3 faizi AKP-nin namizədi Binəli Yıldırıma, 41,6 faizi isə CHP-nin namizədi Əkrəm İmamoğluna səs verəcək. 6,1 faiz əhali isə qərarsızdır.
Eyni zamanda “Aksoy” araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən də İstanbul bələdiyyə sədri postunu AKP namizədi qazanacaq.
“PollMark” araşdırma şirkətinin 9-15 fevral tarixlərində 5 min nəfər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən AKP namizədi Binəli Yıldırım 36 faiz, CHP namizədi İmamoğlu isə 37,8 faiz səs ala bilər.
Qeyd edək ki, AKP 2014-cü il bələdiyyə seçkilərində 43 faiz səs alıb. CHP isə 2014 seçkilərində 25 faiz səs alıb. Ancaq indi AKP-nin ölkə üzrə səs faizi 5 il əvvəllə müqayisədə ciddi şəkildə azalıb. Hələ kampaniyanın yeni başladığı nəzərə alınsa, bəzi ehtimallara görə, ölkə üzrə AKP-nin səsi 32-35 faiz arasındadır. Bu isə əvvəlki seçkilərlə müqayisədə ciddi itkidir. Lakin rəy sorğularında ölkə üzrə hələ 30 faizlik bir qərarsız kütlə var. Bu kütlə seçkinin gedişində hansısa partiyaya doğru yönələ bilər. Təbii ki, burada AKP də var.
Yeri gəlmişkən, ötən il keçirilən prezident seçkilərində AKP 52 faiz səs alıb. Lakin seçkilərə 18 gün qaldığı bir vaxtda rəy sorğularının 35 faizi keçməməsi AKP üçün həyəcan siqnalı sayıla bilər. Hakim partiya qarşıdakı 18 gündə vaxtı dəyərləndirib kampaniyanın gedişini öz xeyrinə çevirməyə çalışacaq. Bunun üçün Türkiyəni son 17 ildə idarə etmiş partiyanın ciddi təcrübəsi var, lakin o da var ki, indi situasiya xeyli dərəcədə dəyişib. İqtisadi və sosial vəziyyət geriləyib, hökumətdən narazılıq artıb. Bu isə digər seçkilərdə olmasa da, bələdiyyə seçkilərində öz təsirini göstərə bilər.