Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputatlar Azərbaycana qarşı çıxan qüvvələrin susdurulması üçün fəal olmağın zəruriliyindən danışmaqla bərabər, bir sıra digər məsələlərə də toxundular.
Deputat Elşən Musayev Azərbaycana qarşı olan qüvvələrin davranışlarını sükutla qarşılayanları ortaya mövqe qoymağa çağırdı: “Bəzən orta ranqlı məmurlar belə mətbuatda haqlarında xırda nəsə gedəndə aləmi bir-birinə qatır, nəsil-nəcabətlərini ayağa qaldırırlar. Amma aylardır parlamentimiz, ayrı-ayrı nüfuzlu insanlarımız haqqında Azərbaycandan kənarda olan bəzi satqınlar tərəfindən ən ağır təhqirlər səsləndirilir, həmin məmurların birindən də səs çıxmır, sanki bunlara aidiyyəti yoxdur”.
E.Musayev bu kimi hallara qarşı etiraz səslərini qaldıranların adlarını çəkdi: “Məgər, Zahid Orucun ailəsi ailə deyil, məgər, Qüdrət Həsənquliyevin ailəsi ailə deyil, məgər, Siyavuş Novruzovun ailəsi ailə deyil? Onlar belələrinə qarşı hər gün mübarizə aparırlar, söyüşlərə, təhqirlərə baxmayaraq, sözlərini deyirlər. Amma məmurların çoxundan yenə səs yoxdur”.
Deputat ardınca təhqirlərə, söyüşlərə əl atan şəxslərlə bağlı cinayət işlərinin qaldırılmamasına da etirazını bildirdi:“Niyə onlar haqqında cinayət işləri başlanmayıb, prokurorluq orqanları nəyi gözləyirlər? Əgər belələrinə qarşı ciddi tədbirlər görülməsə, yeni Eldar Mahmudovlar, yeni “Quska”lar hələ çox olacaq”.