Milli Məclisin deputatı İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı
Deputatlardan biri axırıncını 28 gün əvvəl sövdələşməklə, İngiltərədə ümumi dəyəri ən azı 2 700 000 funt sterlinq (3 milyon 350 min dollar) olan 4 ev alıb.

Demokrat.az xəbərinə görə, bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

C.Həsənli hələlik deputatın adını açıqlamayıb: 

“Həmin deputat Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir qəpik də köçürməyib. Gəl ki, keçmiş deputatın fonda 1 manat yardımı müzakirə mövzusu olub...”.

Hökmətin hesabatı təxirə salındı

Hökumətin Milli Məclisdə verəcəyi hesabat təxirə salınıb. Bu barədə  Milli Məclisdən bildirilib.

Qeyd edək ki, Baş nazir Əli Əsədov aprelin 3-də ötən ilin yekunlarına dair hesabatla deputatlar qarşısında çıxış etməli idi.

Koronavirusdan ölənlərə şəhid statusu verilsin
Deputat koronavirusla mübarizədə dünyasını dəyişən həkimlərə xüsusi status verilməsini təklif edir.

Belə bir təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.
 Onun sözlərinə görə, bu gün koronavirus dünyada geniş yayıldığından bu pandemiya ilə mübarizə aparan həkimlər dünyasını dəyişir. “Artıq Türkiyədə koronavirusla mübarizədə  qalib gələnlərə qazi, dünyasını dəyişənlərə isə şəhid status verilir. Bizdə də  koronavirusla mübarizədə çalışan həkimlərə xüsusi status verilməsini təklif edirəm”- deputat deyib.

Həkimlər Milli Məclisdə alqışlandı
Millət vəkilləri olaraq, tibb işçilərini, fədakar insanları biz də Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq alqışlamalıyıq.

Belə bir təkliflə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin plenar iclasında "Tibbi sığorta haqqında"  qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsinin müzakirəsi zamanı çıxış edib.

 Deputatlar bu təklifi bəyənib, təklifə qoşularaq, tibb işçilərini alqışlayıblar.

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Eldəniz Mustafayev Qax Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Daşkəsən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Oxu.az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Urman Ağayev Zərdab Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışıb.

Zərdab RPŞ-nin keçmiş xidmət rəisi, polkovnik-leytenant Bilal Nuriyev isə şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsinə gətirilib.
"Cərimələr və sərt cəzalara başlayırıq!" — Nazirlər Kabineti

Karantin qaydalarını pozanlara qarşı cərimələnmə və sərt cəzalandırma mərhələsinə start veriləcək.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov REAL TV-nin efirində deyib.

O qeyd edib ki, vətəndaşlar özləri daha sərt tədbirlərin görülməsinə məcbur edirlər: “Çox təəssüf ki, regionlarda koronavirisa qarşı mübarizə tədbirlərində həmrəylik müşahidə olunmur. Məcburiyyət tətbiq edilmədiyi üçün insanlar evlərindən çıxırlar.

Dünya təcrübəsi onu göstərdi ki, 65 yaşdan yuxarı insanlar bu xəstəliyə daha tez yoluxur və proses arzuolunmaz şəkildə, ağrılı nəticələnir. Ona görə də, bu insanları qorumaq üçün dövlət belə bir addım atıb. Ancaq buna baxmayaraq, qanuna əməl olunmur”.

Mətbuat katibi vurğulayıb ki, insanlar fərdi məsuliyyətini dərk etmir, ailələri isə onlara təzyiq göstərmir:
“Hətta qaydaları pozan o qədər çoxdur ki, 745 adam inzibati məsuliyyətə cəlb olunub. Buna baxmayaraq polisə etiraz da var, müqavimət də. Bizim mentalitetimizə görə, böyüklərə hörmət olunur, onlarla sərt danışılmır. Hətta polis də buna gedə bilmir. Ancaq vəziyyət onu göstərir ki, artıq xəbərdarlıq olunacaq, protokol yazılacaq və daha sonra cərimə olunacaq.

Polislərə xüsusi planşetlər paylanılıb və ad, soyad deyildiyi halda həmin şəxsin məlumat bazası açılır. Hazırda yoluxmanın sürəti getdikcə artır. Sağalma sürəti ilə xəstəliyin yayılma sürəti arasında kəskin disproporsiya müşahidə olunur. Artıq biz arzuolunmaz istiqamətə gedirik”.

Mətbuat katibi bildirib ki, ölkə üzrə 65 yaşdan yuxarı insanların sayı 17 mindən çoxdur. Bunlara 1600 sosial işçi xidmət göstərəcək.

Onlar vətəndaşların öz hesablarına ərzaq alaraq evlərinə aparacaqlar.Gələcəkdə bu sosial işçilərin maaşlarının artırılması gözlənilir.
İlham Əliyev tibb müəssisəsinin açılışında


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. 

Nekroloqun mətnini AZƏRTAC dərc edib.

“Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.

 

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

“Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Firəngiz Əlizadə

Faiq Sücəddinov

Cavan Zeynallı

Yalçın Rzazadə

Salman Qəmbərov”.

Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Adil Qəribovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

O, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.