DYP əhaliyə müraciət etdi

“Ölkədə karantin rejimi elan olunmasına və bununla əlaqədar respublika üzrə sərnişindaşınma fəaliyyətinin dayandırılmasına baxmayaraq, bəzi vətəndaşlar özlərini təcili tibbi yardım avtomobili ilə xəstaxanaya aparılan xəstənin yaxını kimi təqdim edərək nəqliyyat vasitəsinə sərnişin kimi minir və həkimlərin etirazına baxmayaraq xəstə ilə birgə onların da daşınmasını tələb edirlər”.

DİN Baş DYP İdarəsindən verilən məlumata görə, xəstənin qohumlarının təkidi ilə üzləşən tibb heyəti məcburiyyət qarşısında onları təcili yardım avtomobilinə mindirsə də, həmin şəxslər keçid postlarında saxlanılır və onların hərəkətləri karantin rejiminin pozulması kimi qiymətləndirilərək məsuliyyətə cəlb edilməklə geri qaytarılırlar.

Belə halların təkrarlanmaması məqsədilə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına sağlamlıqlarının qorunması naminə ölkədə tətbiq olunan karantin rejiminə ciddi riayət etməyi və məsuliyyətə cəlb edilməmək üçün müxtəlif yollarla polis postlarından keçməyə cəhd göstərməməyi tövsiyə edir. 

Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycanın Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Oxu.az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.  

Əmrə əsasən, polis mayoru Ramin Bağırov Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsinə təyin edilib.  

Qeyd edək ki, bir müddət əvvəl Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi olmuş R.Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş və sərəncama götürülmüşdü.

Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək
Azərbaycanda koronavirusla bağlı görülən tədbirlər çərçivəsində Milli Məclisin iş qaydasında dəyişiklik edilir.

Report xəbər verir ki, Milli Məclisin plenar iclasları dekabrın 20-dək elektron formada keçiriləcək. 

Bununla bağlı məsələ yaxın günlərdə parlamentdə müzakirə olunacaq.

Ceyhun Bayramov #TəmizƏllər kampaniyasına qoşuldu
Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov da #TəmizƏllər kampaniyasında iştirak edib.

C.Bayramov estafeti UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardindən qəbul edib. 

Öz növbəsində, Təhsil naziri estafeti Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpa ötürüb.

Azərbaycan və Rusiya generalları sərhəddə

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kom­pleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş rejimində həyata keçirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri dövlət sərhədindən buraxılış məntəqələrində Nazirlər Kabineti yanında operativ qərargahın müəyyən etdiyi qaydada sanitar-karantin və digər rejim tədbirlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

Martın 25-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə gedib və Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olunmasının təşkili vəziyyətini yoxlayıb.

Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili, o cümlədən ölkəyə gələn vətəndaşlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin hərarətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edilmələri yoxlanılıb, xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin tibbi təxliyyəsi tədbirləri nəzərdən keçirilib.

Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müayinələrə cəlb olunan vətəndaşlarla görüş keçirilib, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib, vəziyyətləri ilə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib.

Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib.   

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. 

Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçirilib. Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (AR) - “Yaraq-Qazmalar” (RF) dövlət sərhədinin buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədinin buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.



YAP koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyein tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə öz imkanları daxilində ciddi fəaliyyət göstərməkdədir.

Artıq xəbər verildiyi kimi, YAP Prezident İlham Əliyevin Sərəncamı yaradılmış “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 200 min manat məbləğində vəsait köçürmüşdür. YAP İcra Katibliyinin bu addımı partiyanın yerli strukturlarının əməkdaşları və fəallar tərəfindən yüksək humanist addım kimi qiymətləndirilmiş, növbəti nəcib aksiyanın həyata keçirilməsi üçün təşəbbüsçü rolu oynamışdır.

Qəbul edilmiş qərara əsasən, YAP İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların 1 aylıq əmək haqqı - ümumilikdə 270 min manat “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir.

Beləliklə, Yeni Azərbaycan Partiyası “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirmiş olacaqdır.

 

Koronavirusa yoluxmuş xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 24-də Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlətimiz başçısı bildirib: “Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim”.

Ölkəmizdə ondan çox xəstəxananın həm karantin rejimi, həm də bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldığını bildirən Prezident İlham Əliyev qeyd edib: “Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir”.

Bakı polisindən əhaliyə qadağalarla bağlı xəbərdarlıqBakıda polis koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə ictimai yerlərdə, küçələrdə, parklarda və bulvarda qabaqlayıcı profilaktiki tədbirlərini davam etdirir.

 Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq polis tərəfindən onlar müəyyən olunduqda yaşadıqları ünvana qaytarılması təmin olunacaq:

"Bu istiqamətdə polis naryadlarına müvafiq tapşırıq və göstərişlər verilib. Tövsiyələrə uyğun olaraq həmin vətəndaşların toplaşdıqları yerdən uzaqlaşdırılması təmin olunur. Yalnız bir halda, qadağalara əməl olunmadıqda qanunvericiliyə uyğun sərt tədbir görüləcək".

 


E.Hacıyev həmçinin qeyd edib ki, daxil olan məlumata görə, bayır xidmətinə cəlb olunan polis əməkdaşları elektron informasiya cihazları ilə təmin olunub ki, bu da vətəndaşların şəxsiyyətinin müəyyən edilməsində istifadə olunacaq:

"Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir”.

Koronavirusla bağlı 65 yaş qadağası
Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib. Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

"Ölkə.Az" mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarının siyahısını hazırlayıb.

Parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir. Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovdur, onun 82 yaşı var.

Ziyad Səmədzadə isə bu kateqoriyada ikincidir – o, 1940-cı ildə anadan olub.

İsa Həbibbəylinin 71, Eldar İbrahimovun 75, Madər Musayevin 73, Rasim Musabəyovun 69, Asim Mollazadənin 67, Sədaqət Vəliyevanın 65, Eldar Quliyevin 69, Mixail Zabelinin 74, Oqtay Əsədovun 75, Vahid Əhmədovun 72, Anatoliy Rafailovun 67, Rafael Hüseynovun 65, Fəzail Ağamalının 72, Sabir Rüstəmxanlının 73, Əhliman Əmiraslanovun 72, Cavanşir Paşazadənin 66, Tahir Rzayevin 70, Aqil Abbasın 66, Sabir Hacıyevin 65, Əli Məsimlinin 67, Aqiyə Naxçıvanlının 70, Bəxtiyar Sadıqovun 69 yaşı var.

Hakimiyyətin qanunverici qanadının rəhbərliyində təmsil olunan iki nəfərin də yaşı 65-i keçib.

Parlamentin sədri Sahibə Qafarovanın bu ilin martın 19-da 65 yaşı olub. Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin isə 68 yaşı var.

Xatırladaq ki, martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova koronavirusla mübarizə ilə əlaqədar parlamentdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Milli Məclisin komitələrinin, komissiyalarının iclaslarının, parlamentin Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın.

Bildirilir ki, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçiriləcək.

Sərəncama əsasən, deputatların və Milli Məclis əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb. oxu.az