“Hindistan və Pakistan arasında münasibətlər yenidən gərginləşib. İki ölkə faktiki olaraq müharibə vəziyyətinə yaxınlaşıb. 22 aprel tarixində Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində baş verən insidentdən sonra Hindistan Pakistanı ittiham edib və İslamabadı terrorizmə gizli dəstək verməkdə günahlandırıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev sözlərinə belə davam edib: “Hadisədən dərhal sonra Yeni Dehli Pakistana qarşı bir sıra sərt addımlar atıb:
Birincisi, Hindistan bəndlər və kanallar üzərində su axınını tənzimləyən dörd şlüz qapısını bağlayaraq Hind çayından Pakistana su axınının qarşısını alıb. Qeyd edək ki, bu, 1960-cı ildə imzalanmış Hindistan-Pakistan Su Müqaviləsindən sonra baş verən ilk belə haldır. Müqaviləyə əsasən, siyasi münasibətlərdən asılı olmayaraq, su ehtiyatlarının bölüşdürülməsi təmin edilməli idi. Pakistan Hindistanın bu addımını “müharibə aktı” kimi qiymətləndirəcəyini bildirib.

İkincisi, Hindistan Pakistanla sərhəddə artan gərginlik və atışmalar fonunda gəmi əleyhinə raketləri sınaqdan keçirib. Məlumatda bildirilir ki, “atışların məqsədi uzun məsafələrdə dəqiq zərbələr endirmək üçün platforma, sistem və ekipajın hazırlığını nümayiş etdirməkdir.”

Üçüncüsü, Hindistan və Fransa arasında 7,3 milyard dollarlıq müqavilə imzalanıb. Hindistanın Müdafiə Nazirliyi bu barədə X sosial şəbəkəsində məlumat yayıb. Müqaviləyə əsasən, Hindistan 26 ədəd “Rafale Marine” qırıcı təyyarəsi alacaq. Təbii ki, Pakistan da cavabsız qalmayıb. Gərginliyin artması fonunda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-nəqliyyat təyyarələrinin Pakistana doğru hərəkət etdiyi müşahidə olunub. “Flightradar” izləmə sisteminin məlumatına görə, Türkiyənin 6 ədəd C-130 təyyarəsi artıq İslamabaddakı hərbi bazaya eniş edib. Hazırda Hindistan və Pakistan arasında gərginliyin artması hər iki ölkənin silahlanmasını və bölgədəki təhlükəsizlik balansını ciddi sual altına alır. Xüsusilə nəzərə alsaq ki, hər iki ölkə nüvə silahına malikdir, münaqişənin qlobal miqyasda narahatlıq doğurması başadüşüləndir.

Hindistan və Pakistan tarixdə indiyədək rəsmi olaraq 4 dəfə müharibə aparıblar. Təkcə bu müharibələri analiz etmək belə mövcud gərginliyin potensial nəticələrini proqnozlaşdırmağa əsas verir:
1947–1948-ci il müharibəsi (Birinci Kəşmir müharibəsi): Bu müharibə Hindistan və Pakistanın müstəqillik əldə etməsindən dərhal sonra baş verdi. Kəşmir hökmdarının Hindistana birləşmək qərarı Pakistanla qarşıdurmaya səbəb oldu.

1965-ci il müharibəsi: Yenidən Kəşmir bölgəsindəki mübahisə üzündən başladı. Müharibə təxminən bir ay davam etdi və çox sayda insan tələfatına səbəb oldu. BMT-nin müdaxiləsi ilə atəşkəs əldə olundu.

1971-ci il müharibəsi: Bu müharibə əsasən Şərqi Pakistanın (indiki Banqladeş) müstəqillik uğrunda apardığı mübarizə çərçivəsində baş verdi. Hindistan Banqladeşi dəstəklədi, nəticədə Pakistan məğlub oldu və Banqladeş müstəqilliyini qazandı.

 

1999-cu il Kargil münaqişəsi: Pakistan ordusu və yaraqlılar Kəşmirin Kargil bölgəsində Hindistan mövqelərini ələ keçirməyə cəhd etdilər. Hindistan cavab hücumu ilə ərazini geri aldı. Bu lokal xarakterli münaqişə də rəsmi olaraq müharibə səviyyəsində qiymətləndirilir.

Göründüyü kimi, 1971-ci il müharibəsi istisna olmaqla, digər üç münaqişə birbaşa Kəşmir bölgəsi ilə bağlıdır. Bu da onu göstərir ki, mövcud gərginliyin də əsas mərkəzi məhz Kəşmir olacaq. Əlbəttə, digər bölgələrdə də toqquşmalar mümkündür.

Ümumilikdə, müasir müharibələrin təbiəti dəyişib. Texnologiyanın inkişafı, silah və hərbi texnikanın baha olması müharibələri həm xərcli, həm də mürəkkəb hala gətirib. Hindistan və Pakistanın iqtisadi və sosial problemlərini nəzərə alsaq, klassik, uzunmüddətli və total müharibənin baş verməsi ehtimalı azdır. Mövcud gərginlik daha çox 1999-cu il Kargil Münaqişəsi tipli qısamüddətli hərbi qarşıdurma ilə yekunlaşa bilər.

Hindistan və Pakistanın nüvə silahına malik olması onların müharibə aparmaq imkanlarını məhdudlaşdıran əsas amillərdəndir. Mən hesab edirəm ki, iki ölkə total müharibə vəziyyətində belə nüvə silahından istifadə etməyəcək. Amma bu silahların mövcudluğu münaqişənin uzunmüddətli olmasının qarşısını alır, çünki böyük güclər bir müddət sonra müdaxilə edərək tərəfləri sülhə çağıracaqlar.

Mövcud gərginliyin əsas səbəblərindən biri Hindistanda hakimiyyətdə olan radikal millətçi BJP partiyası və onun lideri Narendra Modidir. Modi uzun müddətdir islamofob və ifrat millətçi siyasət aparır. 2014-cü ildə hakimiyyətə gəldikdən sonra Hindistanda islamofobiya və müsəlmanlara qarşı zorakılıq halları artmağa başlayıb. Hindli millətçilərin müsəlmanları ölümlə hədələyən and videoları dəfələrlə beynəlxalq reaksiyalara səbəb olub.

Narendra Modinin müsəlmanlara qarşı atdığı ən qatı islamofob addımlardan biri vətəndaşlıq aktına etdiyi düzəlişdir. Yeni qanuna əsasən, Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Maraqlıdır ki, bu şəxslər əsasən müsəlmanların kompakt yaşadığı şimal vilayətlərinə yerləşdirilir. 2021-ci ildən bəri Hindistanda bu qanuna qarşı etirazlar davam edir.

Modinin antimüsəlman siyasəti ilə yanaşı, Hindistandakı ağır sosial-iqtisadi vəziyyət də gərginliyin artmasına səbəb olur. Sadə dillə desək, Modi narazı əhalinin diqqətini müharibə təhlükəsi ilə yayındırmaq istəyir. Amma düşünürəm ki, bu gərginlik uzun müddət davam etməyəcək. Çünki müharibənin uzanması əks reaksiya yaradaraq Modi hakimiyyətinə qarşı yönələ bilər. Bundan əlavə, Hindistanda milyonlarla müsəlman yaşayır və müharibə vəziyyətində daxildə etnik və dini qarşıdurmaların baş verməsi istisna deyil”.

01 May 2025 Ermənistan bataqlığa çəkilir - ANALİTİK
01 May 2025 Koordinasiya Şurasının iclası keçirildi
01 May 2025 "Həmin yardımın verilməsi çox gözəl bir hadisədir" - ŞƏRH EDİLDİ
29 Aprel 2025 Manaf Manafov: "Regional təhlükəsizlik və suverenlik məsələlərində ortaq mövqe xüsusi əhəmiyyət daşıyır"
29 Aprel 2025 Geosiyasi çağırışlara uğurlu cavab
24 Aprel 2025 “Yeni Səslərdən Türkanə Kərimli Musiqi Dünyasına Baxış”
24 Aprel 2025 Çoxtərəfli əməkdaşlıq nümunəsi
23 Aprel 2025 Azərbaycan dili bizim milli sərvətimizdir
21 Aprel 2025 "Mühüm olan miqdarı, keyfiyyəti və istifadənin düzgün şəklidir" - İZAH EDİLDİ
18 Aprel 2025 AZTV-NİN CANLI ƏFSANƏSİ
17 Aprel 2025 Təhsil İşçilərinin Hüquqlarının Müdafiəsində qətiyyətli səs – Araz Paşayev
14 Aprel 2025 Göz nurunun keşiyində duran xanım- Akademik Zərifə Əliyeva
11 Aprel 2025 Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş və sülhün təminatçısı
09 Aprel 2025 "Bu il alçanın qiyməti ötən illərlə nisbətən bir qədər aşağı düşəcək” - İQTİSADÇI AÇIQLADI
07 Aprel 2025 "Azərbaycan həmişə İranla münasibətlərinin inkişafına üstünlük verib" - ŞƏRH EDİLDİ
07 Aprel 2025 “Xarici qüvvələr onlardan alət kimi istifadə edir” - MÜNASİBƏT BİLDİRİLDİ
07 Aprel 2025 Enerji təhlükəsizliyində uğurlu layihə
03 Aprel 2025 Şərurlu İsfəndiyar məhkəməyə verildi
03 Aprel 2025 Aprel döyüşləri Zəfər qələbəsinin təməlini qoydu
03 Aprel 2025 Azərbaycan-Almaniya əlaqələrində yeni mərhələ
02 Aprel 2025 Bakıya Yaşıllıq Gətirən Rəhbər – Mirdamət Seyidovun Fəaliyyəti
18 Mart 2025 Peşə Təhsilinin Ziyalı Rəhbəri – Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin Direktoru Şahin Məhərrəmov
17 Mart 2025 "Aİ bu uğursuzluğunu Ermənistan vasitəsi ilə kompensaziya edir" - POLİTOLOQ AÇIQLADI
17 Mart 2025 Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
17 Mart 2025 Azərbaycan Kitabxanaçılığının Fəxri – Professor Kərim Tahirov
17 Mart 2025 Yol İnfrastrukturunun İnkişafına Töhfə – Ramil Bayramov
17 Mart 2025 Qlobal dəyişikliklər və Azərbaycanın diplomatik uğurları
14 Mart 2025 Bildiyimiz dünya nizamı artıq mövcud deyil - İlham Əliyev
14 Mart 2025 Sovet dövründəki kimi qonşuluq şəraitində yaşamalıyıq - Prezident
14 Mart 2025 XII Qlobal Bakı Forumu: Geosiyasi və strateji hədəflər