Bu gün ölkə ictimaiyyətinin gündəmində olan əsas məsələ bütün dünyanı bürümüş yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə mövzusudur. Birmənalı olaraq qeyd etmək lazımdır ki, hazırda bu infeksiyanın Azərbaycanda kütləvi şəkildə yayılmaması üçün başda Ölkə Prezidenti cənab İlham Əliyev olmaqla dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Lakin bu da bir həqiqətdir ki, görülən tədbirlərin daha effektiv olması məhz bizim bundan sonra nümayiş etdirə biləcəyimiz milli həmrəyliyimizdən də çox asılıdır. Eyni zamanda da milli həmrəylik bizim təkcə yeni pandemiya bəlasından qorunmağımız üçün deyil, həm də bütün digər problemlərimizin həlli üçün son dərəcə vacib, hətta zəruri şərtdir. Məhz bu baxımdan da bu gün dövlət başçımız bizi özünün bu istiqamətdə atdığı məqsədyönlü addımlarla birliyə çağırır, milli həmrəyliyin işlək modelini hər kəsə canlı olaraq nümayiş etdirir. Buna misal olaraq bu günə qədər artıq 50-dən artıq siyasi partiya rəhbərləri ilə keçirilmiş görüşləri göstərmək olar. Məhz bu görüşlər milli həmrəyliyimizin formalaşması və daha da möhkəmlənməsi yönümündə əvəzolunmaz rol oynaya bilər.

Siyasət iki cür olur – rəhmani siyasət və şeytani siyasət. Gəlin görək bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən daxili və xarici siyasətin sayəsində xalqımız və dövlətimiz nələri əldə edib. İlk növbədə əlbəttə ki, ölkəmizdə artıq uzun müddətdən bəri davam edən siyasi stabillik, əmin-amanlıq və sürətli iqtisadi inkişaf qeyd olunmalıdır. Xüsusilə son bir neçə ildə bütün dünyada müşahidə olunan terror dalğası, hərbi münaqişələr, bir çox dövlətlərin məruz qaldıqları dağıntılar və bunların nəticəsi olaraq getdikcə böyüyən iqtisadi böhran fonunda Azərbaycanda davam edən sabitlik, dinamik inkişaf, insanlarımızın rifahının getdikcə artması – bütün bunlar əlbəttə ki, məhz rəhmani siyasətin göstəriciləri və nəticələridir. O zaman sual oluna bilər – bəs şeytani siyasət necə olur? Təəssüflər olsun ki, bu gün ölkəmizə qarşı belə siyasət yürüdənlər də az deyil. O cümlədən öz şəxsi maraqlarını təmin etmək məqsədilə bəzi xarici dövlətlərə sığınaraq, haqsız və əsassız yerə ölkəmizə qarşı şər və böhtanlar yağdıranlar da belələrindəndirlər. Lakin bu gün bütün bunlara son qoymağın vaxtıdır. İqtidara yaxud da müxalifətə mənsubluğundan asılı olmayaraq bu gün hər kəs milli birlik və həmrəylik naminə vahid yumruq kimi, bir qüvvə ətrafında birləşməlidir. Xalqımızın, ölkəmizin gələcəyini təmin edə biləcək bu yeganə qüvvə isə Prezident İlham Əliyevin başçısı olduğu Azərbaycan dövlətidir. Bu birliyimiz, milli həmrəyliyimiz təmin olunarsa, biz nəinki ən yaxın zamanda işğal olunmuş torpaqlarımızı geri alarıq, hətta bizim qarşımızda artıq heç bir qüvvə belə davam gətirə bilməz.

Mən hər kəsi milli həmrəyliyə çağırıram! Biz bu torpaqlarda doğulduq, bu torpaqlarda yaşayırıq və bu torpaqlarda da öləcəyik. Bu gün cənab Prezidentimizin ətrafında əsil vətənpərvər, sağlam və dürüst gənclik var ki, onlar öz ölkəmiz üçün, öz ölkəmizdə şərəflə çalışır, Vətənimizə, millətimizə fayda verirlər. 

Bizim nicatımız da yalnız bundadır!

 

Avropa Armrestlinq Federasiyasının vitse-prezidenti,

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov.                                                                                                                                                                                                                                                        Gununxeberi.az     

İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə koronavirusa qarşı mübarizə sahəsində görülən tədbirlərdən danışan Prezident İlham Əliyev deyib:

“Koronavirusa qarşı mübarizəni daha da səmərəli aparmaq üçün bu gündən etibarən yeni məhdudlaşdırıcı qaydalar qüvvəyə mindi. Əminəm ki, bütün vətəndaşlar bu qaydalara əməl edəcəklər. Yeni məhdudlaşdırıcı tədbirlərin əsas məqsədi bu mübarizədə daha da səmərəli addımların atılmasıdır və yoluxma hallarının dinamikasının azaldılmasıdır. Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır və beləliklə, yoluxan insanların sayı artmaqdadır. Dünən 60-dan çox insan bu xəstəliyə yoluxub və əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaqdır.

Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti bütün lazımi tədbirləri görübdür. Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejimini tətbiq etdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərimizin sayı kəskin azaldı və hazırda cəmi iki beynəlxalq aviareys təşkil edilir, özü də həftədə bir dəfə. Beləliklə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü və xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldı. Onu da bildirməliyəm ki, xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir və hazırda 4500-ə qədər insan karantindədir. Karantin üçün də ən əlverişli şərtlər təqdim olundu, vətəndaşlar 4-5 ulduzlu otellərdə, Atletlər kəndində, Lənkəran, Lerik, Nabran, Bakı şəhərinin otellərində, istirahət zonalarında yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır və bu günlərdə ölkəmizin ən müasir xəstəxanası - “Yeni klinika” koronavirus xəstələrinin ixtiyarına verilibdir. Yəni, bu, dövlət tərəfindən görülmüş önəmli addımlardır. Amma buna baxmayaraq, bəzi vətəndaşların məsuliyyətsizliyi ucbatından bu xəstəlik Azərbaycanda daha geniş vüsət alır. Ona görə bu gündən etibarən qüvvəyə minmiş məhdudlaşdırıcı tədbirlərə hər bir vətəndaş əməl etməlidir. Əminəm ki, əgər insanlar özlərini məsuliyyətli apararlarsa və özünütəcrid qaydalarına əməl edərlərsə, biz bu xəstəliyin geniş yayılmasının qarşısını ala bilərik.

Biz indi yaxşı görürük ki, dünyanın müxtəlif yerlərində nələr baş verir. Dünyanın və Avropanın aparıcı ölkələrində demək olar ki, vəziyyət nəzarətdən çıxır, hər gün minə yaxın insan ən inkişaf etmiş ölkələrdə vəfat edir və tibb personalı artıq lazımi xidmət göstərməkdə çətinlik çəkir. Xəstəxanalar doludur, xəstələri dəhlizlərdə yerləşdirirlər. Bir çox insanlar ona görə vəfat edirlər ki, onlara vaxtında operativ tibbi xidmət göstərilmir, o da buna görədir ki, xəstələrin sayı kəskin artır və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin sayına uyğun xidmət göstərə bilməz. Çünki bütün ölkələrin səhiyyə sistemləri normal şəraitə uyğunlaşdırılıb, o cümlədən Azərbaycanda. Əgər pandemiya Azərbaycanda geniş vüsət alarsa bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır. Ona görə dövlət tərəfindən qəbul edilmiş bütün qərarlar istisnasız, heç bir güzəştsiz tətbiq edilməlidir və vətəndaşları bir daha məsuliyyətə çağırıram. Lazım olmayan vaxtlarda küçələrə çıxmasınlar. Dünən dərc edilmiş və elan olunmuş qaydalara tam əməl etsinlər. Özlərini, öz yaxınlarını, həkimləri qorusunlar. Çünki həkimlər öz həyatlarını risk altına atırlar. Polis işçilərini qorusunlar, necə ki, polis işçiləri onları qoruyur və öz həyatlarını risk altına atır. Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm və ümid edirəm ki, Azərbaycan vətəndaşları bu məsuliyyət hisslərini nümayiş etdirəcəklər.

Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır. İlk növbədə, bütün sosial öhdəliklər tam yerinə yetirilməlidir, bütün sosial infrastruktur layihələrinin icrası təmin edilməlidir. Eyni zamanda, bir daha büdcə xərclərinə baxmaq lazımdır və təcili olmayan layihələr təxirə salına bilər. Əlbəttə ki, bu layihələrin həyata keçirilməsi, yaxud da ki, əksinə, təxirə salınması məsələlərinə baxdıqda məşğulluq məsələlərinə də mütləq baxmalıyıq. Çünki dövlət xətti ilə həyata keçirilən investisiya layihələri, eyni zamanda, məşğulluğu təmin edir və əhalisi artan Azərbaycan üçün məşğulluq məsələsi, əlbəttə ki, ön plandadır.

Bizim builki iqtisadi dinamikamız çox müsbət idi. Yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz artmışdır, qeyri-neft sektorunda 6,7 faiz, qeyri-neft sənaye sahəsində 21,7 faiz artmışdır. İnflyasiya cəmi 2,8 faiz, əhalinin gəlirləri isə 9 faiz olmuşdur, yəni, gəlirlər inflyasiyanı üstələmişdir. Eyni zamanda, vergi və gömrük orqanları 2 ayda dövlət büdcəsinə böyük məbləğdə vəsait daxil etmişdir. Vergi orqanları büdcəyə 170 milyon manat, gömrük orqanları isə 80 milyon manat vəsait daxil etmişdir. Əlbəttə, bizim ümidlərimiz ondan ibarət idi ki, il boyunca bu dinamika özünü saxlayacaq, beləliklə, büdcəmizə əlavə gəlirlər gələcək və bunun hesabına əlavə sosial proqramların icrası mümkün olacaq.

İndi mart ayının yekunları haqqında danışmaq bir qədər tezdir. Adətən Dövlət Statistika Komitəsi birinci rübün başa çatmasından təqribən bir həftə sonra rəqəmləri təqdim edir. Ona görə biz bu rəqəmləri, əlbəttə ki, təhlil edəcəyik. Ancaq təxmin etmək çətin deyil ki, bu pandemiya iqtisadi inkişafımıza, əlbəttə, böyük əngəl törədir və törədəcək.

Bu pandemiyanın iqtisadi və sosial fəsadlarını minimuma endirmək üçün mənim qərarımla Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrıldı. Mənim qərarımla dörd işçi qrupu yaradıldı. Bu işçi qrupların əsas fəaliyyət dairəsi məşğulluq məsələlərini təhlil edib təklif verməkdir, iqtisadi sabitliyi, iqtisadi inkişafı təmin etməkdir, makroiqtisadi sabitliyi qorumaqdır və bizim maliyyə vəziyyətimizi təhlil edib ilin sonuna qədər bu sahədə də lazımi əlavə tədbirlərin görülməsindən ibarətdir. Əlbəttə ki, biz, ilk növbədə, koronavirusdan ən çox əziyyət çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini diqqət mərkəzinə aldıq. Biz, ilk növbədə, bu sahibkarlıq subyektlərində işləyən insanların maliyyə vəziyyətini nəzərə almalıyıq. Çünki indi İqtisadiyyat Nazirliyi tərəfindən mənə təqdim edilən arayışda göstərilir ki, bu vəziyyətdən hansı sahələr daha çox əziyyət çəkib və bu sahələrdə 300 mindən çox insan çalışır. Əlbəttə ki, onların maddi vəziyyəti bizi narahat edir. Biz onlara dəstək göstərməliyik. Xüsusilə nəzərə alsaq ki, mən bütün Azərbaycan sahibkarlarına müraciət edərək çağırış etdim ki, onlar işçiləri ixtisar etməsinlər. Bu xahiş və yaxud tələb qüvvədədir. Onu da bildirməliyəm və hesab edirəm ki, Azərbaycan sahibkarları bu vəziyyətdə öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirirlər. Mənim Fərmanımla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə qədər 100 milyon manatdan çox vəsait daxil edilib və bunun cəmi 20 milyonu Prezidentin Ehtiyat Fondundan köçürülüb. Bu, onu göstərir ki, vəsaitin böyük hissəsi sahibkarlar tərəfindən verilmiş ianələrdir və sahibkarlar bu məsələ ilə bağlı həmrəylik göstərirlər. Əminəm ki, işçilərin ixtisar edilməməsi çağırışım da əlbəttə, nəzərə alınacaq və alınmalıdır. Ancaq, eyni zamanda, aydın məsələdir, bir çox sahələr və 40 mindən çox sahibkarlıq subyekti, indi demək olar ki, fəaliyyət göstərmir, yaxud da, məhdud çərçivədə fəaliyyət göstərir. Dövlət onlara kömək göstərməlidir. Ona görə göstəriş verilmişdir ki, həm bu sahibkarlıq subyektlərində muzdla işləyən insanların sosial təminatı, eyni zamanda, fərdi sahibkarların fəaliyyəti nəzərə alınsın. Onların da sayı təqribən 300 minə yaxındır. Bu göstərişlər İqtisadiyyat Nazirliyinə verilibdir. Artıq siz məruzəyə hazırsınız. Xahiş edərdim ki, bu məsələ ilə və digər məsələlərlə bağlı siz öz təkliflərinizi verəsiniz ki, vaxt itirmədən, yəni, bu həftədən başlayaraq artıq bu ödəmələr təşkil edilsin”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib:

“Təşəkkür edirəm, möhtərəm cənab Prezident. İlk növbədə, icazə verin, mən də bir vətəndaş kimi Sizə dərin təşəkkürümü bildirim ki, bu mühüm çoxamilli çağırışa Sizin liderliyinizlə belə cavab verilir. Xalqımızın və vətəndaşlarımızın sağlamlığını əsas tutaraq qabaqlayıcı, əhalini qoruyan tədbirlər həyata keçirilir. Siz bu gün xalqımızın sağlamlığını üstün tutaraq bu qərarları verirsiniz. Son günlər, həftələr ərzində Siz, ölkənin Birinci vitse-prezidenti bizə istiqamət verdiniz, bu qeyri-adi vəziyyətdə hər bir qərarın gündəlik və vaxtında verilməsinə imkan yaratdınız.

Sizin tapşırığınıza uyğun olaraq biz işçi qruplarda fəaliyyəti həyata keçirərək dörd işçi qrupunun rəhbərləri ilə müntəzəm məsləhətləşmələri apararkən hökumətin, Baş Nazirin ümumi koordinasiyası ilə, həmçinin nazirliklər, komitələr, özəl sektor, Azərbaycan Banklar Assosiasiyası, Mərkəzi Bank, kiçik və orta biznesin nümayəndələri və İnkişaf Agentliyi, o cümlədən Sahibkarlar Konfederasiyasının nümayəndələrini cəlb edərək tutarlı bir proqram hazırlamağa cəhd etdik və bu gün onu Sizin diqqətinizə məruzə edirəm. Çərçivə müəyyənləşərkən Siz işçi qaydada, həmçinin ictimaiyyətin məlumatlandırılmasını qarşımızda bir hədəf kimi qoydunuz və proqramların yekunlaşması prosesi məhz həmin məsləhətləşmələr çərçivəsində nəzərdə tutulur.

Bu günədək istiqamətlər olaraq Siz qeyd etdiyiniz kimi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 44 min sahibkarlıq subyektində çalışan 304 min muzdlu işçinin əməkhaqlarının ödənilməsi üçün birbaşa maliyyə dəstəyi proqramı diqqətinizə təqdim edilir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı. Hər iki proqramın başlıca şərti və çərçivəsi iş yerlərinin azaldılmamasına yönəldilib. Bu proqramlar fərqli auditoriyalara - işçilərə və sahibkarlara ünvanlansa da, yanaşma olaraq birbaşa maliyyə dəstəyi təmin edir. Bu dövrdə qısamüddətli likvidliyi olmayan sahibkarlara, müəssisələrə öz fəaliyyətini davam etdirməyə, onların bir çox hallarda demək olar ki, əsas xərci olan işçilərin, muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur.

Üçüncü proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu, əhatəli proqramdır. Burada əhatə dairəsi, ilk növbədə, mənfi təsir altında olan sektorlara ünvanlansa da, onların bəziləri daha da genişdir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı da tapşırığınızla hazırlanıb. Bu proqramın həcmi 500 milyon manat təşkil edir. Burada Siz bizim qarşımızda hədəf qoymusunuz ki, Azərbaycan iqtisadiyyatının inkişaf trayektoriyasının qorunub saxlanılması məqsədilə yeni layihələrin maliyyələşdirilməsi dayanmasın və bu karantin dövründən sonrakı fəaliyyətdə canlanma baş versin.

Digər tərəfdən, başqa bir proqramı - beşinci proqramı da diqqətinizə məruzə edirəm. Bu, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramıdır. Bu, daha da böyük həcmdə olan - 1 milyard manatlıq bir proqramdır. Burada həm qismən dövlət büdcəsinin, həm də ki, Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. Burada başlıca hədəf həm biznes subyektlərimizə dəstək verməkdir, eyni zamanda, bizim üçün zəruri, çox vacib və əhəmiyyətli olan maliyyə-bank sektorunun kredit portfelinin sağlamlığının qorunub təmin edilməsidir.

Altıncı istiqamət olaraq əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket Sizə ayrıca təqdim ediləcək. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək proqramının müzakirəsi gedir. Demək olar ki, bugünkü işlər bu mərhələdədir.

Həmçinin ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı səkkizinci istiqamət kimi müəyyənləşdirilib. Bu proqramın həm tikinti sahəsinin fəallığının davam etdirilməsinə, genişləndirilməsinə, həm də əhali üçün hər zaman vacib olan mənzil probleminin həllinə böyük töhfə verəcəyini güman edirik.

Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Sizin tapşırığınızla biz bunu təhlil etmişik ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik.

Nəhayət, bizim bir sıra həyati vacib sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərimiz, dövlət və özəl şirkətlərimiz obyektiv səbəblərə görə, - Siz də artıq bunu qeyd etdiniz, - fəaliyyətini demək olar ki, dayandırıb, yaxud dondurub. Bu müəssisələrlə də bağlı məqsədli proqram hazırlanıb”.

Prezident İlham Əliyev: “Çox yaxşı. Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaqdır. Bizim əsas məqsədimiz, ilk növbədə, vətəndaşların təhlükəsizliyidir, sağlamlığıdır və onların rifahıdır. Əlbəttə ki, pandemiya dövründə Azərbaycan digər məsuliyyətli ölkələr kimi, ilk növbədə, vətəndaşların sağlamlığını nəzərə alır. Bütün qalan məsələlər ikinci dərəcəli məsələlərdir, o cümlədən iqtisadi inkişafla bağlı olan məsələlər. Halbuki biz bu məsələlərə də mütləq lazımi fikir verməliyik. Çünki insanların həm sağlamlığı, həm rifahı, ümumiyyətlə, Azərbaycanda sosial sahədə əsas məsələlərdən biridir. İnsanların sağlamlığına aid olan bütün məsələlər bu gün Azərbaycanda öz həllini tapır və əsas məqsəd, bir daha demək istəyirəm ki, pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır. Biz, ilk növbədə, buna nail olmalıyıq. Bir daha demək istəyirəm ki, burada əsas amil vətəndaşların məsuliyyətidir.

Eyni zamanda, təqdim etdiyiniz təkliflər genişmiqyaslıdır və bu gün pandemiyadan zərər çəkmiş sahələrdə işləyən vətəndaşların maraqlarını nəzərə alır, onlara əməkhaqlarının əhəmiyyətli hissəsi müvəqqəti olaraq dövlət tərəfindən ödəniləcək. Eyni zamanda, sahibkarlar da, əlbəttə, bir daha demək istəyirəm ki, işçilərin ixtisarına yol verməməlidirlər. Eyni zamanda, sosial təminat sahəsində əlavə tədbirlərin görülməsi də hesab edirəm ki, zəruridir, o cümlədən qeyd etdiyiniz sosial sahəyə aid olan məsələlər. Azərbaycan dövləti bir daha öz sosial siyasətini burada göstərməlidir və göstərir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz bunu dəfələrlə sübut etmişik.

Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir. Hesab edirəm ki, hətta pandemiya ilə əlaqəsi olmayan sahələrdə də islahatlar dərinləşməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirməsi istiqamətində əlavə tədbirlər görüləcək. Kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq.

Sosial sahəyə gəldikdə, keçən il Azərbaycan dövləti öz niyyətini və addımlarını nümayiş etdirib. Keçən il misli görünməmiş sosial paket icra edildi, 4,2 milyon insan bu təşəbbüsdən faydalandı. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz, müavinətlər 50 faiz və bəzi müavinətlər 2 dəfə artırılmışdır. Bu, insanların yaşayış səviyyəsinə çox müsbət təsir göstərmişdir. Üstəgəl, vaxtı keçmiş kreditlər məsələsinin həll edilməsi də ən yüksək səviyyədə Azərbaycanda təşkil olundu. Bu il bir daha biz öz sosial məsuliyyətimizi nümayiş etdiririk. Biz vətəndaşların rifah halının düşməməsi istiqamətində əməli addımlar atırıq və hesab edirəm ki, bu sahədə də birincilik göstəririk.

Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır. İlk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması, - baxmayaraq, mən hesab edirəm ki, vətəndaşlar daha məsuliyyətli olmalıdır, - amma dünya miqyasında müqayisə apardıqda görürük ki, Azərbaycanda vəziyyət daha yaxşıdır. Bizdə yoluxma halları əhalinin sayına görə çox aşağı səviyyədədir və ölüm halları da həmçinin. Ancaq bu, yenə də əsas vermir ki, biz əldə edilmiş nəticələrlə kifayətlənək. Azərbaycanda bu sahədə lazımi işlər görülüb və görüləcək.

Bu gündən etibarən qüvvəyə minmiş qaydalar əminəm ki, müsbət dinamikanı gücləndirəcək. Eyni zamanda, çox geniş iqtisadi paket artıq məruzə edildi və yaxın günlərdə bunun icrası nəzərdə tutulur, həmçinin sosial paket. İşləyən vətəndaşların işlərini itirməməsi üçün sahibkarlara çağırış və nəinki çağırış, eyni zamanda, sahibkarlara dəstək. Biz başa düşürük ki, onlar əziyyət çəkirlər, onlar itkilərə məruz qalırlar. Onlara kim dəstək verməlidir? Dövlət. Hər zaman olduğu kimi dövlət bunu edir. Ona görə həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz, bax, bizim siyasətimizi əks etdirir, eyni zamanda, Azərbaycan vətəndaşlarına hesab edirəm ki, ən gözəl xidmət olacaqdır. Ona görə hesab edirəm ki, məruzə etdiyiniz məsələlərin formalaşması artıq tam yekunlaşmalıdır və vaxt itirmədən faktiki ödəmələr də başlanmalıdır və təbii ki, siyahılar da tutulubdur.

Eyni zamanda, bizim ümumi iqtisadi inkişafla bağlı nəzərdə tutulan islahatlarımız da dərinləşməlidir. Pandemiya burada bizə maneçilik törətməməlidir, vaxt itirməməliyik. Bizim əsas məqsədimiz, - mən bu vəzifəni İqtisadiyyat Nazirliyi qarşısında qoymuşdum, - kölgə iqtisadiyyatının miqyasının daraldılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə çox ciddi addımlar atılıb. Keçən il vergi və gömrük orqanları xəzinəyə proqnozdan artıq bir milyard manat vəsait daxil etdilər. Nəyin hesabına? Kölgə iqtisadiyyatının kiçilməsi hesabına.

Bu ili çox gözəl başlamışdıq. İki ayda 250 milyon manatdan çox gəlir olmuşdu. Nəyin hesabına? Kölgə iqtisadiyyatına qarşı mübarizə hesabına. Bu proses davam etdiriləcəkdir. Bir daha özəl sektorun nümayəndələrinə müraciət etmək istərdim və artıq mən bunu bir neçə dəfə demişəm ki, biz köklü islahatlar aparırıq. Bu, kölgə iqtisadiyyatının sonu deməkdir. Ancaq biz hər şeyi ardıcıllıqla edirik, yüzlərlə, bəlkə də minlərlə sahibkarlıq subyekti var. Biz onlara vaxt verdik. Eyni zamanda, İqtisadiyyat Nazirliyi onlara həm vaxt verdi, həm də ki, maarifləndirmə işləri apardı. Onlar üçün bu gün dediyim sözlər sürpriz deyil. Bu, siyasətdir və bu, strateji xəttimizdir. Ona görə hesab edirəm, vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi.

Bir çox sahibkarlar artıq kölgə iqtisadiyyatından çıxıb və ağ iqtisadiyyatda fəaliyyət göstərir, dövlətin vergisini ödəyir, qeyri-formal məşğulluğu öz gündəliyindən çıxarıbdır. Amma elə sahibkarlar var ki, hələ də hesab edirlər, köhnə qayda ilə işləyəcəklər. Mən onlara birmənalı demək istəyirəm ki, bu, keçməyəcək və heç kim onlara kömək etməyəcək. Əgər kimsə hansısa tanışlara, qohumlara, yaxud da ki, vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır. Özü də cəzalandırılacaq, ona himayədarlıq edən də cəzalandırılacaq. Heç kimə güzəşt yoxdur. Mən sizə bir daha tapşırıram və bütün Azərbaycan vətəndaşları mənim tapşırığımı eşidir və görür ki, istisnasız bütün sahibkarlıq subyektləri kölgə iqtisadiyyatından çıxmalıdır. Beləliklə hesab edirəm ki, bizim bütövlükdə təmizləmə siyasətimiz öz gözəl nəticələrini verəcək, Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafını davam etdirəcək.

Mən dəfələrlə demişəm və həyat onu göstərir ki, biz elə işləməliyik, elə yaşamalıyıq, sanki biz postneft dövründə yaşayırıq. İndi neftin qiyməti 21-22 dollar olan zaman, faktiki olaraq bu, bizim üçün postneft dövrüdür. Biz bu dövrə hazırlıq işləri görmüşük və bu hazırlıq işləri hələ ki, davam edir. Ona görə sahibkarlardan da çox şey asılıdır. Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxa biləcəyik.

Kölgə iqtisadiyyatı ilə bağlı nə deyə bilərsiniz. İndiyədək görülmüş işlər hansı nəticə verir və əlavə hansı işlər görülməlidir, bu barədə də məruzə edin”.

Mikayıl Cabbarov: “Təşəkkür edirəm, möhtərəm cənab Prezident. Siz 2020-ci il 19 mart tarixli Sərəncamınızla, həmçinin bizim qarşımızda hədəf qoymuşdunuz ki, biz ortamüddətli iqtisadi proqramı və strategiyanı da hazırlayıb təqdim edək. Diqqətinizə məruzə edirəm ki, onun da konturları müəyyənləşdirilib. İlk növbədə, ağ formal iqtisadiyyatın, rəqabətədavamlı və dayanıqlı iqtisadiyyatın qurulması bütün təklif olunan tədbirlərdə hədəf olaraq qırmızı xətt kimi keçir. İqtisadiyyatımızın ixrac yönümlülüyünü saxlamaqla və genişləndirməklə daxili istehsal və istehlakın həvəsləndirilməsinə yönəlmiş tədbirlər daha geniş yer alır. Vurğuladığınız kimi, məşğulluğun qorunmasını və genişləndirilməsini başlıca vəzifəmiz kimi görürük.

Neft-qaz gəlirlərinin əvəz edilməsinə yönəlmiş siyasəti həyata keçirmək niyyətindəyik. Spesifik olaraq kölgə iqtisadiyyatı mövzusu da müzakirə edilibdir. Bu gün Sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və Sizin diqqətinizə təqdim edəcəyik.

Həmçinin diqqətinizə məruzə etmək istərdim ki, bu gün birinci rübün son iş günüdür. Bizim operativ məlumata əsasən dövlət vergi xidmətinin xətti ilə proqnoz tam yerinə yetirilibdir və Azərbaycan Respublikasının büdcəsinə təxminən 200 milyon manat ətrafında proqnozdan artıq yığılmış vəsaitin təmin olunması gözlənilir.

Əsas istiqamətlər olaraq biz, həmçinin keçən ildən Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinin yığımını həyata keçiririk. Bu istiqamət üzrə də birinci rüb ərzində ünvanlı dövlət sosial müdafiə fonduna təxminən 120 milyon manat daha çox vəsait yönəldilib. İstiqamətlər olaraq orta müddətdə həm kənd təsərrüfatı emalı sahəsinin genişləndirilməsi vacib prioritet kimi görünür, həm tikinti sektoruna dəstəyin artırılması və bu sahədə fəaliyyətin genişləndirilməsi. Mən bir daha Sizə təşəkkürümü bildirmək istəyirəm ki, bu istiqamətlərdə, həmçinin ticarət, tranzit və logistika sahələrində bizə artıq aydın göstərişlərinizi vermisiniz. Yük və karqonun daşınmasına gəldikdə bugünkü şəraitdə biz hətta keçən ilin martı ilə müqayisədə bu trendlərin artmasını görürük. Bu da Sizin həyata keçirdiyiniz uzaqgörən siyasətin birbaşa nəticəsidir.

Təbii olaraq Azərbaycanın ixrac potensialının artırılmasına, genişlənməsinə, eyni zamanda, bölgələrdə daha çox iş yerlərinin yaradılmasına, onların müasirləşdirilməsinə və sənaye potensialının gücləndirilməsinə xidmət edən dağ-mədən sənayesi istiqamətində də bir sıra layihələr hazırlanır. İnanıram ki, biz onları bu paket çərçivəsində təqdim etmək iqtidarında olacağıq”.

Prezident İlham Əliyev: “Çox yaxşı. Hesab edirəm ki, qeyd etdiyiniz bütün bu məsələlər ilin sonuna qədər öz həllini tapmalıdır. Qeyd etdiyiniz sahələr bizim üçün həmişə prioritet olub. İndiki şəraitdə bu sahələrin inkişafı, əlbəttə, bizə müəyyən dərəcədə imkan verəcək ki, neftdən əldə ediləcək gəlirləri biz müəyyən dərəcədə qeyri-neft sektoru hesabına əvəzləyə bilək. Halbuki, bu da həqiqətdir ki, neft sektoru bizim iqtisadiyyatımız üçün əsas sektor olaraq qalır. Ancaq digər sektorlar, qeyri-neft iqtisadiyyatımızın inkişafı prioritetdir. Hesab edirəm ki, ixracyönümlü məhsulların istehsalı artırılmalı, sahibkarlıq subyektlərində sertifikatlaşma prosesi davam etdirilməlidir ki, bizim məhsullarımız həm daxili, həm də xarici bazarlarda rəqabətqabiliyyətli olsun. Əlbəttə ki, daxili istehlak daxili istehsal hesabına stimullaşdırılmalıdır. Onu da bilməliyik ki, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətinləşir. Çünki bir çox ölkələr idxalı əvəzləmək siyasətini aparırlar. Ona görə, biz həm yeni bazarlar axtarmalıyıq, həm də məhsullarımızı daha rəqabətqabiliyyətli etməliyik. Eyni zamanda, çalışmalıyıq ki, daxili tələbatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəldikdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır. Çünki müxtəlif dövlət qurumlarından mənə fərqli rəqəmlər təqdim edilir. Ona görə bunu da sizə tapşırıram, bütün dövlət qurumlarının rəqəmlərini təhlil edin və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir və biz öz siyasətimizi daha dəqiq proqnozlaşdıraq. O cümlədən, Sahibkarlara Dəstək Fondu hesabına o sahələrə vəsait, kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda, bizim ixracımızı və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan malların xarici komponentinin faizi də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. İqtisadiyyat Nazirliyi bu istiqamətlər üzrə fəal işləyir, bu işləri davam etdirin. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək, - mən buna şübhə etmirəm, - biz bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı
Azərbaycan Milli Məclisinin Aparatında kadr islahatlarına start verilib.

 APA məlumatına görə, Milli Məclis sədrinin köməkçisi Füzuli Əsəd oğlu Abbasov vəzifəsindən azad edilib.

Qeyd edək ki, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında Milli Məclis Aparatında kadr və struktur islahatları aparılacağını bildirmişdi.

“Hökumət aztəminatlı insanlarımıza dəstək verəcək”
Azərbaycan dövləti sosial proqramlarının əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək verəcək”.

Bu sözləri Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

 İİTKM rəhbəri bildirib ki, bununla bağlı  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İşçi qrupu bu yaxınlarda müvafiq təkliflər təqdim edəcək:

“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir”.

 İcraçı direktor əlavə edib ki, belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və onu post-korona dövrünə daha yaxşı hazırlayacaq: “Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Biz iqtisadi itkiləri bərpa edə biləcəyik. Amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır”.

O həmçinin qeyd edib ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada əhəmiyyətli müəssisələr - AZAL, BNA, "Bakı Metropoliteni", "Azərbaycan Dəmir Yolları" və s. qurumlara da dəstək veriləcək.

Koronavirusa görə vətəndaşlara birbaşa maliyyə yardımı necə veriləcək?
“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.

Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələrini müəyyənləşdirilib:

“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqqlarının əhəmiyyətli hissəsini verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməsidir. Burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əmək haqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”. //qafqazinfo

Vətəndaşların evdən çıxması məhdudlaşdırıldı
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

  • Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);
  • İstirahət və əyləncə məkanları üzrə xidmətlər;
  • Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;
  • Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);
  • Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;
  • Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
  • Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);
  • Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);
  • İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
  • Fərdi mənzillərdə təmizlik xidmətləri;
  • Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).
  • Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

    1.Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

    2.Səhiyyə və sosial sahə üzrə:
    •Elmi-tədqiqat və laborator xidmətləri
    •Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər
    •Baytarlıq xidmətləri
    •Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı
    •Sosial xidmətlər
    •Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

    3.İnfrastruktur sahəsi üzrə:
    •Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)
    •Elektrik enerjisinin istehsalı və təchizatı
    •Su təchizatı və meliorasiya
    •Telekommunikasiya və rabitə xidmətləri

    4.Nəqliyyat və logistika sahəsi üzrə:
    •Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları
    •Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri
    •Logistika xidmətləri
    •İctimai nəqliyyat və taksi xidmətləri

    5.Əsas istehsalat növləri:
    •Müdafiə sənayesi məhsullarının istehsalı
    •Neft avadanlıqları və qurğularının istehsalı
    •Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı
    •Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı
    •Kimyəvi məhsulların istehsalı
    •Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti
    •Əkinçilik və məhsul yığımı
    •Neft və qazın hasilatı, emalı, saxlanması və satışı
    •Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi
    •Metallurgiya sənayesi üzrə fəaliyyət
    •Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri
    •Mühəndislik və layihələndirmə xidmətləri
    •Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri
    •Qablaşdırma məhsullarının istehsalı
    •Daş, metal və taxta məhsullarının istehsalı
    •Mebel istehsalı və təmiri
    •Diri heyvanların kəsimi

    6.Pərakəndə və topdan satış üzrə:
    •Ərzaq məhsullarının satış məntəqələri
    •Apteklər
    •Yanacaqdoldurma məntəqələri
    •Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri
    •Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri

    7.Məişət xidmətləri üzrə
    •Məişət tullantılarının yığılması və utilizasiyası
    •Poçt xidmətləri
    •Kimyəvi təmizləmə
    •Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi
    •Avtomobillərin təmiri
    •Avtomobil yuyulma məntəqələri
    •Tərcümə xidmətləri
    •Heyvan sığınacaqları
    •Dizayn xidmətləri

    8.Kütləvi informasiya vasitələri

    9.Maliyyə təşkilatları üzrə
    •Banklar və valyuta mübadiləsi məntəqələri
    •Sığorta təşkilatları
    •Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

    10.Xüsusi xidmət növləri üzrə
    •Çatdırılma xidmətləri
    •Məişət avadanlıqlarının təmiri
    •Dezinfeksiya xidmətləri

    Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.
    Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.
    COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.

“Fövqəladə vəziyyət haqqında” qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, fövqəladə vəziyyət rejimini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyinin də qüvvə və vasitələrindən istifadə olunacaq.

Beləliklə, həmin qanunun 11-ci, 15.1-ci və 28-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın və 12.2.5-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti öz səlahiyyətləri daxilində həyata keçirəcəklər.

Qanunda göstərilib ki, müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri müvafiq icra hakimiyyəti orqanının qüvvələri tərkibində fövqəladə vəziyyətin tətbiq edilməsi üçün əsas olmuş halların aradan qaldırılmasında və insanların həyatının xilas edilməsində iştirak edilməsi məqsədilə cəlb olunur.

Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

 "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilib:

1. 26-cı hissədə "388-1” rəqəmi "388-1.1.2, 388-1.2” rəqəmləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 26-2-ci hissə əlavə edilsin:

"26-2. Məcəllənin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

26-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından - bu Siyahının 26-cı hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

26-2.2. informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçilərinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından - daxili işlər naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, onların müavinləri, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idarə rəisləri, onların müavinləri, şəhər, rayon polis idarələrinin (şöbələrinin) rəisləri, onların müavinləri.”.

Bakıda böyük cərimələr başladı
Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 3, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə 1 nəfər saxlanılıb.

İtkin düşmüş kimi axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xüsusi karantin rejim qaydalarını pozduqlarına görə 428 nəfərə, o cümlədən 98 ictimai iaşə obyekt sahibinə inzibati tənbeh tədbiri tətbiq edilib