Mərkəzi Bank son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Axar.az xəbər verir ki, məlumatda ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçılarının məlumatlandırıldığı, eyni zamanda müvafiq pul nişanları ilə təmin edildiyi bildirilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilmiş və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyə və tapşırıqlar verilib.

Auditin keçirildiyi tarixdə pensiya ödənişi aparılmış pensiyaçıların adlı siyahısı ilə vəfat etmiş şəxslərin adlı siyahısının üzləşdirilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi tələblərinə əməl edilməyərək vəfat etmiş 27 nəfərin pensiya hesabına vəfat etdiyi tarixdən sonrakı dövrlərdə də pensiya ödənişi davam edib.

Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Sənəddə qeyd edilib ki, ümumilikdə 282 308,34 manat artıq pensiya ödənildiyi müəyyən edilib.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Axar.az xəbər verir ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 63,54 dollar, yüngül neftin bir barrelinin qiyməti isə 59,62 dollar olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunda 2021-ci ildə istehsal həcmi 11 milyon ton səviyyəsində gözlənilir.

Axar.az xəbər verir ki, bunu "SOCAR Türkiyə"nin neft emalı və neft-kimya biznes bölməsinin rəhbəri Anar Məmmədov deyib.

O qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar bütün ölkələrdə olduğu kimi aviasiya kerosininə tələbat demək olar ki, sıfır səviyyəsinə düşüb.

"STAR neft emalı zavodunun texnoloji imkanları aviasiya kerosini istehsalını dizel yanacağına dəyiçməyə imkan verdi. Nəticədə zavodun istehsal həcmi 4,6 milyon tondan 6 milyon tonadək yüksəldi. Beləliklə, STAR neft emalı zavodu Türkiyənin dizel yanacağına tələbinin 25 faizini qarşılaya bilib. 2020-ci ildə zavod illik istehsal gücünü artıraraq 10,5 milyon tona çatdırıb. Bu il istehsal gücünün 11 milyon ton səviyyəsinə qalxması gözlənilir".

2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 18,423 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Fevral ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2020-ci ilin fevralı ilə müqayisədə 16 faiz artıb və 10,575 milyon dollara bərabər olub.

Yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 1,24 milyard dollar təşkil edib.

Son 12 ay ərzində (fevral 2020 - fevral 2021) Türkiyə 7,357 milyard dollar məbləğində dənli və paxlalı bitki ixrac edib.

Bitkoin hazırda dünyanın ən dəyişkən valyutası hesab edilir. Bir bitkoin bir neçə ay ərzində 20 min dollar da ola bilər, 1 dollar da. Bu reallıqlar altında bitkoin nə dolları, nə də qızılı əvəz edə bilər.

Bu sözləri Axar.az-a iqtisadçı Natiq Cəfərli ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ceri Pauelin bitkoinin qızılı əvəzləyə biləcəyi haqda sözlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bitkoin çox spekulyativ aktivdir:

“Bu kriptovalyuta xəbər axınlarına, dünyada gedən proseslərə bağlı bir aktivdir. Buna görə də dünya federal rezerv sistemi bitkoinlə bağlı həddindən artıq ehtiyatlı bəyanatlar verib. Hətta onu da deyim ki, çox zaman insanları bu kriptovaluta ilə ehtiyatlı davranmağa çağırıblar. Hazırda dünyada 15 trilyon dollara yaxın sərbəst vəsait mövcuddur. Bunun tək 7 trilyon dolları ABŞ-ın payına düşür.

Bu vəsait təbii ki, fərqli sahələrə yönələ bilir. Bunlardan biri də kriptovalyuta bazarıdır. Bunun məntiqi nəticəsi olaraq bitkoin bu gün yüksək qiymətlə satılır. Lakin bununla belə bu aktiv risklidir. Riskli olduğu üçün də etibarsız hesab edilir. O ki qaldı ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ceri Pauelin bitkoinin qızılı əvəzləyə bilməsi haqda sözlərinə, deyə bilərəm ki, bu, sadəcə bənzətmədir. Yəni bitkoin qızılı əvəzləməyəcək, sadəcə, qızıl qədər dəyərli ola bilər. Qızıl köklü bir valyutadır və daha etibarlı, aktiv hesab olunur. Bitkoinin onu əvəzləməsi qeyri-realdır”.

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana 81 017,29 min ABŞ dolları dəyərində 5 157,4 ton əczaçılıq məhsulları idxal olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, cari ilin ilk iki ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,4%, həcmi isə 75,7% artıb.

Bu ilin yanvar ayı ilə müqayisədə fevralda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 7%, həcm ifadəsində isə 44,6% azalıb.

Milli.Az

Mərkəzi Bank Perspektiv-A MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

Axar.az xəbər verir ki, tərtib edilən protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərillib.

İş hakim Rövşən Xəlilovun icraatına verilib. Baxış iclası mart ayının 30-da saat 17:05-də keçiriləcək

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsini pozmaqda təqsirli bilinir.

Qeyd edək ki, bu inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.