BMT-nin Azərbaycandakı nümayəndəsi

“Virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
Qulam İshaqzai qeyd edib ki, pandemiya ilə mübarizə fonunda lazımi yardımlar göstərilir və sosial-iqtisadi problemlərin aradan qaldırılması üçün Azərbaycan hökuməti ilə müvafiq müzakirələr aparılır:

“Azərbaycanda və bütün dünyada məlum təcrid prosesinə görə yorğunluq müşahidə olunur. Pandemiyaya görə kifayət qədər iqtisadi problemlər yaşanıb. Lakin biz virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq. Pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlərə hər birimiz kiçik addımlarla töhfə verə bilərik ”. yenicağ.az

AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var.

Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.
Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir.

Azərbaycanda tanınmış müğənni koronavirusdan öldü
Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib.

Bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Faiq Tapdıqoğlu “Ağbaba” qrupunda fəaliyyət göstərirdi. O, Qərbi Azərbaycan folklorunun yaşadılmasında xidmətləri olan müğənni kimi, həmçinin el şənliklərinin mahir aparıcısı kimi tanınıb. Bir neçə gün əvvəl Xaq artisti Teymur Mustafayev də koronavirusun səbəb olduğu pnevmoniya səbəbindən vəfat edib. /Publika

İsmayıllıda bir ailənin 3 uşağı koronavirusdan öldü
İsmayıllıda yaşayan yaşlı ər-arvad 22 günün içində iki oğlunu və bir qızını koronavirusdan itirib.

Baku.ws" verdiyi məlumata görə, əvvəlcə Bakıda yaşayan böyük qardaş Mustafayev Azər Bəyoğlan oğlu (28.04.1970 təvəllüdlü) 1 iyun tarixində yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasında vəfat edib.

Onun ölümündən 3 gün sonra - 4 iyunda kiçik qardaş Mustafayev Aqşin Bəyoğlan oğlu (29.06.1974) yerləşdirildiyi Ağciyər İnstitutunda virusla mübarizəyə davam gətirməyib.

Hər iki qardaş doğulub-böyüdükləri İsmayıllıda dəfn edilib. Sumqayıtda yaşayan Mustafayeva Yaqut Bəyoğlan qızı (04.11.1971) qızları ilə birlikdə qardaşlarının yasında iştirak edib. Qardaşlarının 7 mərasimindən sonra evinə qayıtmaq planı baş tutmayıb. Virusa yoluxduğu üçün elə orada xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu qoyulub və ciyərlərində buz parçasının olduğunu deyiblər. İsmayıllı rayon Mərkəzi Xəstəxanasında bir gün qaldıqdan sonra Ağdaş rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Onunla birlikdə atası Mustafayev Bəyoğlan Xanalı oğlu (10.03.1941), anası Mustafayeva Salatun Qoçu qızı (05.05.1948) və əkiz qızları Mirzəliyeva Xumarə və Çinarə Şahin qızları (20.01.1997) Ağdaş rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Valideynlərdən və Yaqut xanımın qızlarından test götürülüb, lakin onlarda virus aşkarlanmayıb.

49 yaşlı Yaqut Mustafayeva 10 gündən sonra - 22.06.2020-ci il tarixində yerləşdirildiyi xəstəxanada vəfat edib. Onu dəfn etmək üçün valideynlərini xəstəxanadan evə buraxıblar.

22 günün içində üç övladını itirən atanın şəkəri qalxıb. Xanımı və nəvələri onun vəziyyətinin ağırlaşdığını görüb İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Lakin xəstəxanada gözləmədikləri reaksiya ilə qarşılaşıblar. 79 yaşlı ata, 72 yaşlı ana və 23 yaşlı gənc qızlar xəstəxanadan qovulub.

Salatun xanım açıqlamasında xəstəxananın kordioloqu Ağayev Firudin tərəfindən qovulduğunu bildirdi:

"Yoldaşım şəkər xəstəsidir. Şəkəri 580-ə qalxdı. Mən, həyat yoldaşım, iki nəvəm xəstəxanaya getdik. Əvvəlcə kordioloq Ağayev Firudinin yanına getdik. Nə məndə, nə də yoldaşımda koronavirus əlamətləri yoxdur. Ağdaş rayon Xəstəxanasında bizdən götürülən test cavabı da neqativ çıxıb. Buna baxmayaraq bizə yaxın düşməkdən qorxdular. Bizi görən kimi içəri girib qapını bağladı. Sonra bizi rentgen şöbəsində müayinə edəcəkdilər. Otaqda rentgen həkimi, bir tibb bacısı, bir də digər əməkdaş var idi. Firudin həkim onların yanına gəldi, onlara nə dedisə, rentgen otağının qapısını bağlayıb bizi qovdular. Dayandığımızı görüb bizi qovmaq üçün polis çağırdılar. Firudin həkim "Aman Allah, hamı içəri girib qapını bağlasın" deyib qışqırırdı. Kor-peşiman evə qayıtdıq. Öz pulumuzla belə müalicə etmirlər. Biz nə edək?

İsmayıllı Mərkəzi Xəstəxanasının baş həkimi Rəhimov Vidadi Hənnan oğlu mənim şagirdim olub. Ona zəng vurub dedim ki, axı biz nə edək. Cavab verdi ki, evə təcili tibbi yardım göndərəcək. Hələ gözləyirik".

İki oğlunu və bir qızını itirən atanın vəziyyəti ağır olaraq qalıb. Bir tərəfdə də koronavirusun öldürdüyü övladlarının başsız qaldığı yeniyetmə uşaqları... Baba onlara sahib çıxmaq üçün yaşamaq istəyir...

Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü

Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Sabahın havası

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən iyunun 25-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 35-40 faiz təşkil edəcək.
Abşeron çimərliklərində gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 25-26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Şəhər İcra Hakimiyyətinin vəzifəli əməkdaşı rüşvət alarkən yaxalandıŞirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Bu barədə "Report"a Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Eyyub Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3 000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ARB TV-də koronavirusa yoluxanların sayı açıqlanıb – RƏSMİ

ARB TV-də koronavirusa yoluxanların sayı açıqlanıb.
ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Qazet.az-a açıqlamasında bildirib ki, 2 əməkdaşda koronavirus aşkarlanıb.
“Biri sonradan test verib nəticə neqativ çıxıb. Digəri 3-4 gün öncə koronavirusa yoluxub. Hazırda karantindədir. Əməkdaşlarımızla danışırıq. Vəziyyətləri yaxşıdır. ARB-də mütəmadi dezinfeksiya işləri aparılır. Yenidən əməkdaşlar test verib. Testlərin cavabları hələ ki, çıxmayıb. Ümid edirik ki, hər kəsdə neqativ çıxar. Tədbirlər almışıq. Bir otaqda az sayda işçi olur. Maskasız otaqda əyləşmirlər. Spirtdən mütəmadi istifadə edilir. Binaya daxil olanda hərarət ölçülür”, – deyə Ozal İbrahimli bildirir.

ARB TV-nin əməkdaşlarının test nəticələri yaxın vaxtlarda açıqlanacaq.

Azərbaycanda daha bir cərrah koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
Qafqazinfo verdiyi xəbərə görə, Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb.
Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

Angioloji Mərkəzdən məlumatı təsdiqləyiblər.

Azərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxdu

Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcə də atası və qardaşı koronavirusa yoluxub.
Hurriyyet.org xəbər verir ki, F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.

Hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.

Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir, Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir.