Sərnişinlərdən pul alıb rayona aparanlar həbs edildi

Bakı şəhərindən Gəncə və Şəki şəhərlərinə qanunsuz sərnişin daşınaraq ölkə ərazisindəki karantin qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı Eldəniz Daşdəmirov və Hafiz İsgəndərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq istifadələrində olan avtomobillərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Gəncə və Şəki şəhərlərinə apararaq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmalarına əsaslı şübhələr müəyyən edilib. 

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Daşdəmirov və H.İsgəndərovun üzərlərindən nömrələnmiş pul əskinazları aşkar edilərək götürülüb, onların hər ikisi törətmiş olduqları qanunsuz əməlləri etiraf edib və bu audio-video çəkilişlərlə qeydə alınıb. 

Faktla bağlı toplanmış material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma davam etdirilməklə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Binəqədi və Qaradağ rayon məhkəmələrinə göndərilib. 

Məhkəmələrin müvafiq qərarlarına əsasən E.Daşdəmirov və H.İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq barələrində 20 gün müddətinə inzibati həbs seçilib.

Sukanal İdarəsinin sahə rəisi qəzada öldü

Paytaxtın Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Nərimanov Rayon Prokurorluğundan “Qafqazinfo”ya daxil olan məlumata görə, iyunun 23-də, saat 01 radələrində Heydər Əliyev prospektində qəza xidməti ilə əlaqədar aparılan təmir işləri zamanı Nərimanov rayonu Sukanal İdarəsinin Qəza-Bərpa xidmətinin sahə rəisi, 1967-ci il təvəllüdlü Əlqamət Zeynalovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. 

İstintaqla hadisənin “Mercedes” markalı 99-VJ-026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, paytaxt sakini 1986-cı il təvəllüdlü Seymur Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.

Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.

Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.

Bakıda bank işçisi koronavirusa yoluxdu
“Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Modern.az verdiyi məlumatına görə, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.

Məsələ ilə bağlı “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.

R.Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVID-19 virusuna yoluxub:

“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.

Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.

Qobustandakı qətllə bağlıİyunun 22-də saat 07 radələrində Qobustan rayonu, Heydər Əliyev prospektində 1974-cü il təvəllüdlü Elman Cabarovun üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Qobustan rayon Prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin Qobustan rayon sakini 1974-cü il təvəllüdlü Rövşən Məhərrəmov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Rəsul Quliyevin bacısı koronavirusdan vəfat etdi
Eks-spiker Rəsul Quliyevin bacısı koronavirusdan dünyasını dəyişib.

Lent.az  xəbər evrir ki, 80-dən artıq yaşı olan Ceyran xanım səhhətində yaranmış narahatlıqdan sonra COVİD-19 testindən keçib və nəticə pozitiv olub. Həkimlərin və yaxınlarının səyinə baxmayaraq, C.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycanda daha bir məmur koronavirusdan

“Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.
“Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.

Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
O.Musayev dünən gecə həyatını itirib.

“Azərişıq” ASC ASC-nin mətbuat xidmətindən isə bildirilib ki, Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayevin hansı səbəbdən vəfat etməsinə dair onlarda rəsmi məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.(Oxu.az)

Sabah havanın temperaturu 38 dərəcəyədək artacaqBakıda və Abşeron yarımadasında iyunun 23-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı - 758 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə təşkil edəcək.

23 iyunda Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 23-24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Daha bir neçə deputatda koronavirus aşkarlandı

Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin deputatları və Aparat işçiləri koronavirus testindən keçiblər.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, deputatlardan bir neçəsinin analiz nəticələri pozitiv çıxıb. Nəticələri pozitiv çıxan deputatlar bu barədə məlumatlandırılıb. Hələ ki, onların kim olması barədə ictimaiyyətə açıqlama verilmir.

121 deputatın hər birinin nəticələri bəlli olduqdan sonra, Milli Məclisin Mətbuat Xidməti tərəfindən ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, deputat Sahib Alıyev şənbə günü koronavirusa yoluxduğunu açıqlamışdı.