“Goranboy rayon İcra Hakimiyyətinin 40 əməkdaşından koronavirus testi götürülüb”.

Bu barədə Unikal.org-a Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib:

“Daimi olaraq rayon ərazisində olan idarə və təşkilatların əməkdaşlarından koronavirus testləri götürülüb. Hazırda rayon icra hakimiyyətinin əməkdaşlarından da testlər götürülərək, Gəncəyə göndərilib və testin cavablarını gözləyirik. Bundan sonra 40 nəfər işçidən kimdəsə virus aşkarlansa, ictimaiyyətə məlumat verəcəyik”.

Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.
Haqqın.az xəbər verir ki, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.
İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Daha bir məşhur azərbaycanlı xəstəxanaya yerləşdirildi
Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə şair özü Apa-ya məlumat verib.

Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib: "Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda iyunun 19-da müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir.

Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İcra başçısının müavini və xanımı koronavirusa yoluxdu

Azərbaycanda koronavirus pandemiyasının geniş yayıldığı bu günlərdə daha bir vəzifəli şəxs virusa yoluxub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev və onun həyat yoldaşı, Gəncə şəhər 10 saylı orta məktəbin direktoru Arzu Əliyeva koronavirusa yoluxub.

Təhsil Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü  Əliyeva Arzu Şirin qızı 14.06.2020-ci il tarixdə koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Goranboy rayon Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri 16.06.2020-ci il tarixdən Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.

27-ci İstanbul Ağır Cəza Məhkəməsinin hakimi “Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı ona təqdim edilən iddianaməni və dəlilləri qəbul edib.

Bu barədə şirkətin mətbuat katibi Fidan Quliyeva məlumat verib.

Onun sözlərinə görə, məhkəmə bu il sentyabr ayının 15-nə təyin edilib. Məhkəmənin ictimaiyyət və mətbuat üçün açıq, yaxud qapalı olacağı barədə məhkəmə qərar verəcək:”Belə bir vəziyyətdə bizlər tərəfindən hər hansı yanlışlığa yol verməmək üçün türk məhkəməsinin qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə son sözü Uca Türk Ədaləti deyəcək.

“Palmali” olaraq uca türk ədalətinə güvənir və inanırıq!”  /Cebhe.info/

Azərbaycanda süni tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı açıqlandı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 17-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.

Hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 146, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 29 nəfərdir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 783 nəfər aktiv xəstə var. 

Xatırladaq ki, bu gün Azərbaycanda daha 329 nəfərdə koronavirus aşkarlanıb, 127 nəfər sağalıb, 7 nəfər isə ölüb.

Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 991 nəfərə, sağalanların sayı 6 075 nəfərə, ölənlərin sayı isə 133 nəfərə çatıb.

Qanunsuz fəaliyyət göstərən balıq sexi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gəncədə qanunsuz hisə verilmiş balıq istehsalı ilə məşğul olan sex aşkarlanıb.

Aparılan yoxlamalar nəticəsində məlum olub ki, Zeynal Xəlilov küçəsi ev 1 ünvanında yaşayan Fuad Salmanov şəxsi məhəlləsində heç bir gigiyenik və sanitar normalara əməl etmədən balıq məhsullarının hisə verilməsi və satışını təmin edib

Yoxlamalar zamanı satış üçün hazır olan 120 kq, həmçinin hisə verilməyən natəmiz qablarda saxlanılan 80 kq məhsul dövriyyədən çıxarılıb. Sexin fəaliyyəti isə ümumiyyətlə dayandırılıb.

Azərbaycanda daha 329 nəfər koronavirusa yoluxub

Azərbaycanda 329 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.