Azərbaycan-İran sərhədində atışma olub, ölən var
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bu barədə "Ölkə.Az"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Qeyd olunub ki, həmin gün saat 23:50 radələrində DSX-nin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yonunun Aşağı Çə­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olun­ub. 

"Sərhəd pozucularının silahlı olmaları, üzərilə­rində 2 ədəd kisədə yük olması müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həya­tına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şərai­tinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıb.

Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir", - məlumatda bildirilib.

Azərbaycanda üç uşaq anası özünü asdı

Daşkəsən rayonunun Əmirvan kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Nazlı Nürəddin qızı yaşadığı evin damında iplə özünü asaraq intihar edib.
Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, üç uşaq anası olan N.Zeynalova ruhi əsəb xəstəxanasında qeydiyyatda olub və müalicə alıb.

Qeyd olunub ki, bir neçə il bundan əvvəl N.Zeynalovanın bacısı da intihar edib.

Azərbaycanda bu il sellərin olma ehtimalı böyükdür
Azərbaycanda sel hadisələri, əsasən, Böyük Qafqazın cənub yamacında, Naxçıvan Muxtar Respublikası ərazisində, Kiçik Qafqazın şimal və şərq yamaclarında baş verir.

Baku Tv xəbər verir ki, meşələrin qırılması, yaylaqların, otlaqların həddən artıq yüklənməsi sellərin daha tez-tez yaranmasına gətirib çıxarır. 

AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov bildirir ki, sel adətən Azərbaycan ərazisində iyun ayında, sentyabrın axırı, oktyabr ayının əvvəlləri daha çox müşahidə edilir:

“Həmin aylar bizdə güclü leysan yağışlarının müşahidə olunduğu dövrlərdir. İndi Azərbaycanda, demək olar ki, hər il sel gəlir. Bu il də istisna deyil. Yəqin ki, qarşıdakı aylarda  yenə sellər müşahidə olunacaq”.

Daha ətraflı təqdim olunan süjetdə: 

Kür çayı quruyur, problemlər artırKür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli azalıb, hətta həyətyanı sahələrdə su quyuları quruyub.

Report bildirir ki, 10 gün ərzində Kür çayında suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb. 

Artıq Kürdə də Kürlük qalmayıb. O vahiməli, coşub-daşan Kürə baxdıqda gölməçələr və kiçik adalar görünür. Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib. 

Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı salıb. 

Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub.

Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayınca vəziyyət kritik olaraq qalacaq.

Azərbaycanda COVID-19-dan ölənlərin sayı

Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 16 968 nəfər yoluxub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib, 7 393 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Sabah hava necə olacaq?30 iyunda gözlənilən hava şəraiti

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 30 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 27-31, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.

30 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin

axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanda vəzifəli şəxs koronavirusdan öldü
“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan vəfat edib.

Report məlumatına görə, o, 47 yaşında koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, Türkiyə vətəndaşı olan D.Tandoğan ASB-yə 19 dekabr 2016-cı ildən rəhbərlik edirdi. 

Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı

Ukraynanın Dnepr əyalətində 3 Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, onlar yaşlı ailənin evinə basqın etməkdə təqsirləndirilirlər. Belə ki, iyunun 26-dan 27-nə keçən gecə, onlar 78 yaşlı kişinin və 81 yaşlı qadının yaşıdığı evə daxil olaraq yaşlı ailəni bıçaqla hədələyiblər. Daha sonra onlar qocaların əllərini bağlayıb, pullarını, zinət əşyalarını və “VAZ” markalı avtomobili oğurlayaraq qaçıblar.

Əməliyyat tədbiri zamanı polis əməkdaşları cinayəti törədən Krivoy Roq sakinləri, 29, 34 və 37 yaşlı 3 nəfəri saxlayəb. Onların Azərbaycan vətəndaşı olduqları və Ukraynada daimi yaşamaq icazəsi aldıqları müəyyən edilib. Oğurlanan əşyalar geri götürülüb. Faktla balı cinayət işi açılıb, istintaq aparılır.

Soyğunçuları əmlakın müsadirə olunması ilə birlikdə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

 



 
Rayonlarda koronavirusla bağlı vəziyyət necədir?

TƏBİB-in təqdim etdiyi son statistikaya əsasən bölgələrdə koronavirusa yoluxma hallarında azalmalar, paytaxt Bakıda isə artım müşahidə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə də ən çox yoluxma halı Gəncə-Qazaxda (9,4%) müşahidə olunub. Bundan başqa, Aran bölgəsində 7,8%, Lənkəranda 6,1%, Quba-Xaçmazda 1,7%, Şəki-Zaqatalada 1,4%, Dağlıq Şirvanda 1,4%, Yuxarı Qarabağda 1,2%, Naxçıvanda isə 0,3% yoluxma faktı müəyyən olunub.

Ölkə üzrə Bakı və Abşeron yarımadasına nəzər saldıqda Abşeronda 15,8%, Bakıda isə 53,4% yoluxma halı var.

Qeyd edək ki, Azərbaycanda indiyə kimi 16424 virusa yoluxma halı qeydə alınıb. Onlardan 9026 nəfəri sağalıb, 198 nəfəri isə ölüb.

Postdan 2 dəfə geri qaytarıldı, üçüncüdə isə...

Bakıdan Şamaxı istiqamətində gedən sürücü iki dəfə postdan geri qaytarılsa da, üçüncü dəfə sərnişinləri baqajda keçirmək istəyib. 

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sərnişinlərə görə 2 dəfə geri qaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib:

"İyunun 28-i gəcə saat 00:40 radələrində Mercedes markalı 90-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu avtomobilin baqaj hissəsində Bakı şəhər sakinləri Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən Baş DYP İdarəsi Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb".